Zəngəzur dəhlizi, Ərdoğan və türk dünyasının xəritəsi. Niyə Rusiya “Böyük Turan” layihəsindən narahat olmamalıdır?
Bu günlərdə Ermənistan və bir sıra Rusiya KİV-lərində növbəti isterika yaşandı.
Narazılığa səbəb Türkiyənin ən qədim və böyük siyasi partiyalarından biri olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçelinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana etdiyi hədiyyə oldu.
MHP-nin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə ittifaqı Türkiyə Böyük Millət Məclisində çoxluğa malikdir.
Noyabrın 17-də Prezident Ərdoğan Prezident sarayında MHP lideri Dövlət Bahçelini qəbul edib. Danışıqların nəticəsi olaraq heç bir bəyanat səsləndirilməsə də, görüşdə çəkilmiş foto və videoda Dövlət Bahçelinin Ərdoğana türk dünyasının xəritəsini hədiyyə etdiyi görünür.
Xəritədə ərazilər qırmızı, narıncı və sarı rənglərlə işarələnib. Fotoşəkillə bağlı yazıda bu rənglərin hansı mənanı ifadə etdiyi qeyd olunmur. Narıncı rənglə bir sıra Balkan ölkələri, İranın bir hissəsi, Rusiyanın cənub regionları, həmçinin Sibirin böyük bir hissəsi və Monqolustanın qərb əraziləri işarələnib. Sarı rənglə Altay, Yakutiya və Çinin Sintszyan-Uyğur muxtar vilayəti əks olunub.
Türkiyənin özü, habelə Azərbaycan, Qazaxıstan və Türkmənistan xəritədə qırmızı rənglə göstərilib. Güman etmək olar ki, bu, sözügedən ölkələrin Türk Dövlətləri Təşkilatına daxil olmasını bildirir (üzv dövlətlər və müşahidəçi qismində Türkmənistan). Xatırladaq ki, noyabrın 12-də İstanbulda keçirilmiş VIII Zirvə görüşündə Türk Şurasının adı Türk Dövlətləri Təşkilatına dəyişdirildi.
Həm xəritənin adından, həm də orada işarələnmiş ərazilərdən anlamaq olar ki, bu, qədim tarixi köklərə və unikal mədəniyyətə malik, dünya tarixinə və digər xalqlara təsir göstərmiş böyük etnosun - türk xalqlarının tarixən yaşadığı ərazilərdir. Hazırda bu etnosa mənsub böyük sayda əhali bütün dünya üzrə səpələnib.
Reallıq və simvolizm arasında fərqi anlamayanlar üçün aydındır ki, haqqında danışılan xəritə sırf simvolik xarakter daşıyır. Prezident Ərdoğan dəfələrlə qeyd edib ki, Türkiyə heç bir dövlətin ərazi bütövlünə qəsd etmir. Bununla yanaşı, Türkiyə lideri türk xalqlarının mənəvi birliyinə, ümumi dil, din, tarix, mədəniyyət və dəyərlərə əsaslanmaqla onları birləşdirən sıx əlaqələrin möhkəmləndirilməsinə, habelə birlik və həmrəyliyinin möhkəmləndirilməsinə, türkdilli dövlətlər arasında iqtisadi əlaqələrin dərinləşdirilməsinə və genişləndirilməsinə çağırış edib.
Bu baxımdan, əsasən erməni və ermənipərəst dairələrin bu çağırışları “Türkiyənin ekspansiya və nüfüzunu digər dövlətlərə genişləndirmək cəhdi” kimi qələmə verməyə çalışması anlaşılan deyil və gülüş doğurur. Aydındır ki, haqqında söhbət açılan xəritə heç bir siyasi gizli mənaya malik deyil və yalnız türk dünyası xalqlarının mənəvi birliyi üçün simvolik məna kəsb edir. Əgər burada heç bir siyasi gizli məna yoxdursa, boş yerə isterikaya qapılmağın mənası nədir? Niyə bu məsələni şişirdənlər erməni saxtakarlarının imkan düşən kimi, bir neçə ölkənin ərazisini əhatə edən “Dənizdən dəniz böyük Ermənistan” xəritəsini nümayiş etdirməsinə səssiz qalırlar? Axı erməniliyin əsas ideologiyasını ifadə edən bu saxtakarlıqlar qonşu ölkələrin ərazilərinə açıq iddia xarakteri daşıyır.
“Şübhəsiz ki, Dövlət Bahçelinin Prezident Ərdoğana hədiyyə etdiyi bu xəritə simvolik xarakter daşıyır”, - deyə Qafqaz Tarixi Mərkəzinin direktoru, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi Rizvan Hüseynov məsələni şərh edir.
“Çox gözəl bilirik ki, Bahçeli Türkiyənin ictimai-siyasi həyatının müəyyən seqmentini təmsil edir. O, bütün Türkiyə ictimaiyyətinin deyil, onun millətçi qisminin fikirlərini ifadə edir. Hər bir dövlətdə, elə Rusiyanın özündə və ya hər hansı digər dövlətdə ictimaiyyətin belə bir qismi mövcuddur.
Türkiyənin “Turan” layihəsini müəyyən zaman çərçivələrində, xüsusilə də 2050-ci ilədək necə görməsinə gəlincə, hər hansı millətçi tendensiya və baxışları bir kənara qoyaraq sırf “realpolitic” baxımdan vurğulamaq istərdim ki, şübhəsiz ki, əsas vurğu türk xalqları arasında əlaqələrin möhkəmləndirilməsinə edilir.
Bu baxımdan, türkdilli dövlətlər sözdən əməli fəaliyyətə keçirlər. Türk Şurası dövlət başçılarının son görüşü və bu görüşdə qəbul edilmiş qərarlar da bunu bir daha nümayiş etdirir.
Türk İttifaqı, yaxud “Turan” layihəsi hər zaman ilk növbədə iqtisadi əsasa malik olub. Hətta orta əsrlərdə belə Avrasiya materikində - Aralıq və Adriatik dənizindən Çin sərhədlərinə və ondan daha uzağa, Hind okeanına, Banqladeşə və Pakistanadək böyük coğrafi ərazini əhatə edən türk dövlətləri və imperiyaları iqtisadi əlaqələrin əsas mahiyyətini ticarət yollarına, yəni Avrasiyanın tranzit imkanlarına nəzarətdə görürdülər.
Bu gün, “Turan” layihəsinin türk dövlətlərinin Şərqdən Qərbə uzanan tranzit quru yolları üzərində qismən hegemonluğunun bərpa edilməsi ideyasını təcəssüm etdirdiyi bir zamanda da bu, belədir. Dəniz yolu ilə böyük coğrafi kəşflər dövrünün gəlişi ilə bu dövlətlərin rolu zəifləmişdi. XV-XVI əsrlərdən başlayaraq, Avropa dövlətləri yeni yollar axtarır və bununla da, Şərq ilə Qərb arasında, daha dəqiq desək, Çin və Hindistan ilə Avropa arasında əlaqələrə nəzarət edən türk-müsəlman dövlətlərinin hegemonluğuna son qoymağa çalışırdılar.
Bura hazırda simvolik olaraq Böyük Turan adlanan ərazini formalaşdıran Osmanlı Türkiyəsi, Səfəvilər dövləti və Moğol impersiyası daxil idi. Lakin təbii ki, Turanın və türk xalqlarının arealı xeyli daha genişdir.
Ötən əsrlərdə böyük dəniz kəşfləri sayəsində yaradılmış dəniz və okean yolları şəbəkəsi daha səmərəli idi. Bununla da, türk dövlətlərinin iqtisadi gücü zəiflədi, belə ki, Şərq ilə Qərb arasında tranzitin və quru yollarına, “İpək yolu”na nəzarətin əhəmiyyəti azalmış oldu.
Lakin bu gün biz öz şərtlərini diqtə edən Dördüncü Sənaye İnqilabına qədəm qoyuruq. Bu şərtlərdən biri də regionlar üçün daha sərfəli və daha mobil olan quru tranzit yollarının əhəmiyyətinin və cəlbediciliyinin bərpasıdır. Əgər dəniz daşımaları müəyyən layihələrin qloballaşmasına şərait yaratmışdısa, quru yolla, türk dövlətləri vasitəsilə daşımalar mobil iqtisadi əlaqələr yaratmağa, o cümlədən, tranzit və ticarət üçün daha sərfəli yollar axtarışında olan ölkələrlə Avrasiya ölkələri arasına ikitərəfli formatda əlaqələr qurmağa imkan verir.
Heç də bütün ölkələrin dənizə çıxışı olmadığından dəniz nəqliyyatı ilə tranzit onlar üçün sərfəli deyil. Materikin dərinliklərində yerləşən elə ölkələr var ki, daha çox dənizlərə çıxışı olan ölkələrdən və yollardan asılıdırlar. “İpək yolları”nın bərpasının və türk dövlətlərinin tranzit rolunun gücləndirilməsinin əsas məqsədi də bu asılılığı azaltmaqdır.
Hesab edirəm ki, bu məsələdə, ilk növbədə, türk kəmərinin güclənməsindən böyük fayda əldə edəcək dövlətlərdən biri kimi Rusiya maraqlı olmalıdır. Rusiya ictimaiyyəti anlamalıdır ki, türk dövlətlərinin güclənməsindən ilk növbədə, Qərbi Avropa və Amerika narahat və narazı olmalıdır. Rusiya heç bir halda bu məsələdən narahat olmamalıdır.
Çünki türk dövlətlərinin güclənməsi, tranzit yollarının bərpası Qərb ölkələrinin tranzit yolları üzərində monopoliyasının zəiflətməklə, dəniz və okean daşımalarının cəlbedicililiyini azaldacaq və quru tranzit yollarının rolunu artıracaq.
Xüsusilə də, Zəngəzur dəhlizinin bərpası Cənubi Qafqazdan, o cümlədən Azərbaycandan keçməklə Aralıq dənizindən Çinədək uzanacaq nəqliyyat və tranzit əlaqəsinin praktiki icrasına başlamağa imkan verəcək.
Azərbaycan və Rusiya ərazilərini əhatə etməklə Fars körfəzindən Fin körfəzinədək uzacaq Cənub-Şimal nəqliyyat yolları da burada kəsişəcək.
Beləliklə, Azərbaycan Şərqdən Qərbə, Cənubdan Şimala uzanan yolların kəsişəcəyi ciddi tranzit habına çevrilməkdədir.
İlk növbədə, Rusiya da bundan böyük xeyir götürəcək. Lakin təəssüf ki, baş verən proseslərin səhv qavranması, erməni və ermənipərəst KİV-lərin və Rusiyadakı ermənipərəstlərin mənfi rolu türk dünyasında və türk dövlətləri arasında baş verən hadisələrin dərin səbəblərinin və nəticələrinin yanlış anlaşılmasına gətirib çıxarır”.
Fəridə Bağırova