Ermənistan Azərbaycanın ərazi bütövlüyünə və sərhəd toxunulmazlığına hörmətlə yanaşmalıdır - FOTO
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsindən sonra Cənubi Qafqazda yeni reallıqlar, region ölkələrinin sosial-iqtisadi inkişafı üçün geniş imkanlar yaranıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirlər “Lider Media” təşkilatının və “24News.ge” informasiya portalının təşkilatçılığı ilə “İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda siyasi və iqtisadi proseslər” mövzusunda Marneulidə keçirilən dəyirmi masada səsləndirilib.
Gürcüstanın hərbi məsələlər üzrə eksperti Nika Çitadze, politoloq Levan Çixeidze, tarixçi alim Omar Ardaşeliya və başqaları çıxış edərək Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, acı nəticələri, eləcə də Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsinin tarixi əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Bildirilib ki, Azərbaycanın uzun müddətdən sonra öz torpaqlarını işğaldan azad etməsi tarixi nailiyyətdir. Ermənistanın yenidən hərbi əməliyyatlara başlamaq cəhdi yersizdir. Ermənistan rəhbərliyi məğlubiyyəti ilə barışmalı, yaranmış imkandan maksimum istifadə edərək ölkəni dərin böhrandan çıxarmalıdır.
Ekspertlərin fikrincə Ermənistan artıq anlamalıdır ki, hər hansı bir revanşist addım böyük ağılsızlıqdır. Azərbaycan ilə yenidən müharibə aparmaq üçün insan və maddi resursları olmayan Ermənistan sülhdə maraqlı olmalı və qonşuları ilə münasibətləri normallaşdırmalıdır.
Bu gün Gürcüstanın da iştirakı ilə regionda uğurla həyata keçirilən irimiqyaslı neft-qaz və nəqliyyat layihələrindən kənarda qalan Ermənistan Azərbaycan və Türkiyə ilə siyasi, iqtisadi, mədəni əlaqələrini bərpa edərək böyük faydalar əldə edə bilər.
Qeyd olunub ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli və onun ərazi bütövlüyünü tanımalıdır.
Siyasətçilərin fikrincə müharibədə zəfəri yalnız güc hesabına əldə etmək mümkün deyil. Azərbaycanın bu müharibədə Qələbəsini şərtləndirən əsas amillərdən biri də onun beynəlxalq arenadakı çox aktiv fəaliyyəti olub. Azərbaycan bütün səviyyələrdə mövqelərini möhkəmləndirmək üçün davamlı işlər apardı və nəticəsi də hamıya bəllidir.
Ekspertlər qeyd ediblər ki, Gürcüstan da proseslərdən kənarda qalmamalıdır. Rəsmi Tbilisi Azərbaycan və Ermənistan arasında vasitəçi kimi çıxış etmək üçün güclü mövqeyə sahib olmalı və bundan sonra tərəflərə dialoq platforması təklif etməlidir.
Sonra ekspertlər gənc siyasətçilərin, ictimai fəal gənclərin mövzu ilə bağlı suallarını cavablandırıblar.