Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı bəyanat yayıb
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu Azərbaycanın iftixarı, xalqımızın xilaskarı, türk dünyasının böyük oğlu, Türkiyənin yaxın dostu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin zəngin, mənalı siyasi fəaliyyəti barədə bəyanat yayıb.
1news.az xəbər verir ki, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrımın imzası ilə yayılan bəyanat Türkiyə Böyük Millət Məclisinin mətbuat mərkəzində keçirilən brifinqdə oxunub.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu üzvlərinin iştirakı ilə mətbuat nümayəndələrinin diqqətinə çatdırılıb ki, böyük millətlərin böyük liderləri olur. Türkiyənin Mustafa Kamal Atatürk, İngiltərənin Vinston Çörçill, ABŞ-ın Corc Vaşinqton, Fransanın Şarl de Qol kimi qəhrəman övladları var. Ulu öndər Heydər Əliyev də yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qəhrəman övladıdır. Ümummilli Liderin haqqında qısa bioqrafik məlumatın da yer aldığı bəyanatda deyilir: “Böyük övladların böyük əsərləri olur. Heydər Əliyevin də əsəri qaranlıqdan aydınlığa çıxararaq dünyaya qazandırdığı müstəqil Azərbaycandır”.
Bəyanatda vurğulanır ki, müasir müstəqil Azərbaycanın dinamik inkişafı, həyata keçirilən nəhəng layihələr, əzəmətli Qarabağ zəfəri ulu öndər Heydər Əliyevin möhkəm təməl üzərində qurduğu strategiyanın nəticəsidir. Ulu öndər Heydər Əliyev tərəfindən qurulan Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızı azad edib və indi bu torpaqlarda dövlət bayrağımız dalğalanır.