Masallıda ev yanıb, baba və nəvə yanaraq ölüb

Dekabrın 15-də saat 14:38-də Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı rayonunun Güllütəpə kəndində (yanğından mühafizə hissəsindən 12 km məsafədə) fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, məlumat qəbul edildikdən dərhal sonra nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub və saat 14:51-də hadisə yerinə çataraq yanğınsöndürmə işlərinə başlanılıb.
Yanğın nəticəsində ümumi sahəsi 300 m², arakəsmə divarları taxta və çiy kərpicdən olan ikimərtəbəli beşotaqlı evin 2-ci mərtəbəsində 2 otağın, dəhlizin yanar konstruksiyaları 105 m² sahədə və dam örtüyü yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın zamanı 1962-ci il təvəllüdlü Allahverən Fəyyaz oğlu Nəzərov və onun nəvəsi 2017-ci il təvəllüdlü Rövşən Elşən oğlu Nəzərovun yanmış meyitləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
1news.az