Daxili Qoşunların hərbçilərinin aylıq vəzifə maaşlarına əlavələr edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Fərman imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Fərmanla “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 iyul tarixli 2734 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edildiyini nəzərə alaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həmin əlavənin şamil olunmadığı həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılıb.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Müəyyən edilib ki, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan əlavə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən ödənilir.
Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
1news.az