“Patı” qəbul edəni necə müəyyən etmək olar? - Narkoloji Mərkəzin baş direktorundan CAVAB - MÜSAHİBƏ
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov Azərbaycanda narkotik istifadəçiləri, narkotin zərərləri ilə bağlı müsahibə verib.
1news.az müsahibəni təqdim edir:
- Orxan müəllim, hazırda Respublika Narkoloji Mərkəzində neçə nəfər narkotik maddə istifadəçisi rəsmi qeydiyyatdadır? Narkotik istifadəçisi olan qadınların və yeniyetmələrin ümumi sayı neçədir? Ümumiyyətlə, əvvəlki illərlə müqayisədə Azərbaycanda narkotik istifadəçilərin sayı artıbmı?
- Əvvəlki illərlə müqayisədə narkotik istifadəçilərin sayının artması tendensiyası müşahidə olunur. Belə ki, 2019-cu ildə qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 32 min 921 nəfər idisə, 2020-ci ildə 33 min 788, ötən il isə bu göstərici 34 min 602 nəfər təşkil edib.
Azərbaycanda narkomaniya xəstəliyinə düçar olmuş qadınların və yeniyetmələrin sayı kişilərə nisbətən dəfələrlə azdır. Statistikaya nəzər salsaq görərik ki, 2019-cu ildə 641 qadın və 9 yeniyetmə, 2020-ci ildə müvafiq olaraq 618 qadın və 9 yeniyetmə, 2021-ci ildə isə 566 qadın və 14 yeniyetmə qeydiyyata alınıb.
Ötən il 4789 nəfər, o cümlədən 4530 nəfər dispanser, 259 nəfər isə profilaktik qeydiyyatdan çıxarılıb.
- Respublika Narkoloji Mərkəzi tərəfindən hansı maarifləndirici tədbirlər həyata keçirilir?
- Dövlət başçısının 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib. Eyni zamanda, növbəti 5 illik Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı hazırlanıb.
Plana uyğun olaraq, Respublika Narkoloji Mərkəzi Ədliyyə Nazirliyi Penitensiar xidməti və Daxili İşlər Nazirliyi ilə birgə orta və ali təhsil müəssisələrində, Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində maarifləndirici tədbirlər həyata keçirir. Mütəxəssislərin iştirakı ilə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikası, eyni zamanda sözügedən maddələrin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilir.
- Narkotik asılılığı və onun zərərləri barədə məlumat verərdiniz.
- Ümumdünya Səhiyyə Təşkilatına görə, asılılıq sindromu fizioloji, davranış və koqnitiv təzahürləri kompleksidir. Sindromun əsas xarakterik əlaməti psixoaktiv maddənin qəbul etmə təlabatının güclü və çox zaman qarşısı alınmaz olmasıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, narkotik vasitələrə asılılığı olan xəstələrdə sosial mənsubiyyətin çox kəskin enməsi cəmiyyətin, o cümlədən yaxınlarının mənafelərinə zidd olan, hətta kriminal hərəkətlər belə müşahidə olunur.
- Narkotik istifadəçiləri daha çox hansı maddələrdən istifadə edir?
- Qeydiyyatda olan narkotik istifadəçiləri arasında opioid tərkibli preparatlar istifadəçiləri (F11-24 min 850 nəfər), kannabinoid (F12-9 min 752 nəfər) və psixostimulyator istifadəçiləri (F15-3 min 107 nəfər) əksəriyyət təşkil edir.
- “Şüşə”, “patı” deyilən maddə hazırda yeniyetmələr, hətta qızlar arasında geniş yayılıb. “Patı" qəbul edəni necə müəyyən etməli?
- Narkotik istifadəçiləri arasında “şüşə”, “patı” adlanan kimyəvi adı metanfetamin olan narkotik maddə laborator şəraitdə heç bir təbii maddələrdən istifadə olmayan kimyəvi proseslər nəticəsində alınan maddədir. Onun orqanizmə təsiri ilk növbədə neyromediator olan dofaminin kəskin artması ilə əlaqəlidir. Bu narkotiki qəbul edən şəxsdə kəskin oyanıqlıq qeyd olunur: yorulmadan hərəkətdə olurlar, dayanmadan danışırlar, hərəkət aktivliyini cilovlaya bilmirlər. Narkotikin təsiri keçəndən sonra isə xəstələrdə süstlük, depressiv əhval-ruhiyyə (hətta suisidal fikirlərlə) qeyd olunur.
- Bəzi mütəxəsisslər narkotik maddələrdən asıllılığı olan şəxslərin COVID-19 infeksiyasını daha ağır keçirmələrini bildirirlər. Siz bu fikirlə razısınızmı?
- Narkotik asılılıq immunitet zəifliyinə səbəb olur. Ümumiyyətlə, narkotik istifadəçiləri QİÇS və bir çox infeksion xəstəliklərə yoluxma riski xeyli yüksəkdir. Bəşəriyyətin hazırda bir nömrəli bəlasına çevrilən COVID-19 pandemiyası dövründə narkotik istifadəçiləri yüksək risk qrupuna daxildilər. Eyni zamanda, asosial davranışları nəticəsində infeksiyanın yayılmasına (karantin rejiminə riayət etməməklə) səbəb ola bilərlər.