Mehriban Zeynalova: “Anası qızını əri ilə barışmağa məcbur etdi, sığınacağımızdan gedəndən sonra da əri onu öldürdü” - MÜSAHİBƏ
Təəssüf ki, istər mətbuatda, istərsə də sosial şəbəkələrdə qadınlara və uşaqlara qarşı zorakılıq halları ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Bu da cəmiyətdə ciddi narahatlıq doğurur. Çünki bəzi hallarda zorakılıq hadisələri arzuolunmaz sonluqla, hətta ölümlə nəticələnir.
Aidiyyatı dövlət qurumları ilə yanaşı bir sıra özəl qurumlar da zorakılıqla üzləşmiş qadınlara və uşaqlara kömək etmək üçün fəaliyyət göstərirlər. Onlardan biri də Bakıda yerləşən Qadın və Uşaq Sığınacağıdır. Sığınacağın rəhbəri Mehriban Zeynalova 1news.az-a müsahibəsində qadınlara və uşaqlara qarşı zorakılıq hallarının baş vermə səbəbləri, bunun qarşısının alınması üçün görülən tədbirlər, sığınacağın fəaliyyəti və digər məsələlərə toxunub. Müsahibəni təqdim edirik:
- İlk olaraq sığınacaq barədə məlumat verərdiniz. Belə bir sığınacaq yaratmaq fikri haradan yarandı?
- Əslində təşkilat 1998-ci ildə Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin nəzdində təsis olundu. O vaxt ilk olaraq insan alveri, məişət zorakılığı kimi problemlərlə məşğul olurdum. Bu həmin dövr üçün çox cəsarətli addım idi. Çoxları mənim təhlükəli məsələləri qaldırdığımı düşünürdülər. Amma buna baxmayaraq, müzakirələr aparılırdı və bu məsələlər cəmiyyətə çatdırılırdı.
Mən özüm də uzun müddət Qadın Hüquqlarının Müdafiə Cəmiyyətində yaşamışam. Çünki həyat belə gətirdi ki, evim olmadı. Əslində var idi, ancaq evimi satandan sonra pulum oğurlanmışdı və çıxılmaz vəziyyətdə qalmışdım. Ona görə də hər dəfə bir yerdə qalmalı olurdum. Bəzi qohumlar qəbul edirdilər, bəziləri də qəbul etmirdilər. Demək olar ki, dərviş həyatı yaşayırdım. Həmin vaxtlar dəstək proqramları və sığınacaqlar yox idi. Son yaşadığım yerdə pulu ödəyə bilmədiyim üçün Qadın Hüquqları Cəmiyyətinə gəldim. Mənə cəmiyyətin ofisində qala biləcəyimi dedilər. Amma yatmağa yer yox idi. Oğlumla bir yerdə stulları qabaq-qabağa qoyub yatırdım. Sonra elə oldu ki, evlərin qiyməti aşağı düşdü və mən İçərişəhərdən 17 kvadratmetrlik bir ev aldım. Elə aldığım gündən də müraciət edənləri orada qəbul etməyə başladım.
İlk gündən hədəfim zorakılığa məruz qalmış qadınlar idi. Bir qadın var idi, uşağı dünyaya gəlmişdi və təhlükədə idi. Evə özüm köçmədən onu yerləşdirdim. Yəni sığınacağın tarixi belə başladı. Əvvəl 3-4, sonra 7, sonra 15 nəfərlik yer yarandı. Daha sonra bir tanış xanım öz evini verdi və 30 nəfərlik yerimiz oldu. Gördüm ki, onlara təkcə yaşamağa yer yox, həm də yemək, geyim, həkim, hüquqşünas və psixoloq da lazımdır. Yavaş-yavaş özüm də təkmilləşməyə başladım.
Əvvəllər yalnız qadınları qəbul edirdim, uşaqları qəbul etməyə qorxurdum. Çünki onların ehtiyacları fərqli olur. Sonra tədricən o sahədə də ixtisaslaşmağa başladım. Hazırda sığınacağımıza 60-65 nəfər yerləşdirə bilirik. İki hüquqşünas, bir psixoloq, o cümlədən sosial işçilərimiz var. Burada yaşayan uşaqların hamısı məktəbə gedir.Onları aparıb-gətirənlər var. Ehtiyac olduqda tibb müəssisələrinə istiqamətləndiririk. O cümlədən hüquq-mühafizə orqanları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Xidmətlər Agentliyi və Dövlət Miqrasiya Xidməti ilə də əməkdaşlıq edirik. Çünki bizə əcnəbilər də müraciət edirlər. Bəzi hallarda bura gələnlər arasında HİV daşıyıcısı olan şəxslər də olur. Personallar da bu vəziyyətə hazırlıqlıdır və necə davranmalı olduqlarını bilirlər. Elə sakinlər də tolerantdırlar. Bununla yanaşı, burada yaşayanlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə peşə təlimləri keçirilir və daha sonra onlar iş yerləri ilə təmin olunurlar.
Proses belədir: şəxs qəbul olunur, ilkin qiymətləndirmə aparılır, ehtiyacları və riski müəyyən edilir. Xəsarəti varsa, polisə müraciət edirik. Əgər qohumları tərəfindən təhlükə yoxdursa, onlarla işləməyə başlayırıq. Yox, qohumlar qəbul etmirsə, şəxsin özü 3 ay işləyir və topladığı kapital ilə kirayə evə çıxır. İş saatı çox olduqda şəxs uşağını buraya qoyur və axşam da gəlib götürür. Bütün prosesi bu formada həyata keçiririk.
- Hər gün problemli insanlarla qarşılaşırsınız, onların dərdinə ortaq olursunuz. Belə bir şəraitdə işləmək çətin deyil ki?
- Mən bu işi könüllü seçmişəm və kimlərlə işləyəcəyimi yaxşı bilirdim. Bilirdim ki, təhlükə də olacaq, gördüyümüz işlərə görə təzyiqlərə də məruz qalacağıq. Hətta bəzən xidmət göstərdiyimiz insanlardan da narazılıq görə bilirik. Çünki insanların xarakteri, psixologiyası fərqlidir. Məsələn, burada bir xanım vardı, üç dəfə sığınacağımızda olmuşdu. Sonuncu dəfə təxminən bir il sığınacaqda yaşadı və qəfil getmək istədi. Gedəndən sonra məni tənqid etməyə, söyməyə başladı. Halbuki burada olanda ağızdolusu danışır və mənə təşəkkür edirdi. Yəni demək istəyirəm ki, bəzən belə də olur. İnsanlar sığınacaqdan həmişə yüz faiz razı getmirlər.
Bəzi insanlarda isə qorxu olur, cəmiyyət arasına çıxmaq istəmirlər. Onlarla danışıb sığınacaqda ömürlük yaşaya bilməyəcəyini izah edirik. Məsələn, bizdə bir xanım vardı. Onu işə göndərə bilmirdim, çünki qorxurdu. Rayonda valideyni və qohumları vardı. Onu 8 aydan sonra məcbur edərək anasının yanına göndərdik. Bu gün o xanım işləyir və hər bayram bizə zəng vurub “Yaxşı ki məni işləməyə məcbur etdiniz. Bu gün bir insan kimi özümü çox yaxşı hiss edirəm” deyərək təşəkkür edir. Yəni bəzi qadınlarda bu qorxu hissi var. Çünki ərləri tərəfindən həmişə alçaldılıblar və hər kəsin onlarla belə rəftar edəcəyini düşünürlər. Həmin insanlar artıq işləyəndən sonra bizə təşəkkür etməyə başlayırlar. Əslində biz heç kəsdən təşəkkür gözləmirik. Biz hər kəsi olduğu kimi qəbul etməli və onlardan heç nə gözləməməliyik. Hətta biz buraya gələn insanlara deyirik ki,əgər sığınacaqda yaşadığını bildirmək istəmirsənsə, bizi yolda görəndə salam verməyə bilərsən. Bu sənin haqqındır və biz məxfiliyini poza bilmərik.
- Sığınacağın ehtiyaclarını necə qarşılayırsınız?
- Bəzən təmir məsələlərinə ehtiyac olur. İnsanlar tez-tez kranları qırırlar, işığı və qazı çox işlədirlər. Bəzi valideynlər uşaqlarına nəzarət etmirlər. Uşaqlar dəcəllik edib nəyisə qıra bilirlər. Ona görə də səliqə-sahmanı saxlamaq üçün gərək əlin daim sığınacağın üzərində olsun.
Kommunal xərclərə gəlincə, bununla bağlı daha çox əhaliyə müraciət edirik. Ödənişlər onlayn olduğuna görə insanlar bizə etibar edərək kommunal xərcləri ödəyirlər.Amma belə yardım edənlər adi insanlar olur.Yəni bizə imkanlı iş adamları dəstək vermirlər. Çünki mən qapı-qapı gəzib kimlərdənsə nə isə xahiş etmirəm. Sosial şəbəkədə səhifəmiz var. Biz sadəcə olaraq oraya yazırıq. Şəffaflığı təmin etmək üçün də gələn yardımları qeyd edirik. İnsanlar da hər şeyin göz qabağında olduğunu görüb bizə dəstək verirlər.
- Sığınacağa daha çox kimlər müraciət edir və bura gələn qadınlar və uşaqlar daha çox hansı problemlərlə üzləşirlər?
- Bizə daha çox zorakılıq qurbanları müraciət edirlər. Polis tərəfindən və yaxud Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən gətirilir. Bəzi hallarda səhiyyə xidmətlərindən də müraciət edirlər. Məsələn, yeni doğulmuş uşaqlar olur, ailəsi qadınla uşağı qəbul etmək istəmir. Belə hallarda olanları da qəbul edirik.
- Mehriban xanım, istərdik, sığınacağa yerləşdirilən insanların sonrakı taleyi barədə məlumat verəsiniz.
- Sığınacağımıza gələn insanların cəmiyyətə inteqrasiyası iki formada olur. Əgər onlar üçün təhlükə yoxdursa və qohumları qəbul edirlərsə problemini həll edərək rahat şəkildə ailəsinə qayıtmağına kömək edirik. Yox, təhlükə varsa və ailə qəbul etmirsə, həmin şəxs burada yaşayır, işləməyə başlayır. Daha sonra onun aylıq əmək haqqı toplanaraq aktla özünə təhvil verilir və kirayə ev tapmağına kömək edilir. Bu bizim mexanizmimizdir.
Başqa sığınacaqlar necə edir bilmirəm, ancaq prosesi mən belə tənzimləyirəm. Bir də ki 12 yaşdan yuxarı oğlan uşaqlarını sığınacağa qəbul etmirik. Çünki onlar artıq müəyyən yaş mərhələsi keçir və qadınlarla, qızlarla bir yerdə qalmağı düzgün deyil.
- Sizcə, qadınlara və uşaqlara qarşı zorakılıq hallarının baş verməsinin başlıca səbəbləri hansılardır?
- Səbəblər çox müxtəlif ola bilər. Ümumən cəmiyyətdə psixoloji gərginlik var. Kişilərin uşaq vaxtı oynadıqları oyunlar var ki, onların şüuraltında qalır. Çoxları buna əhəmiyyət vermirlər, amma bu oyunlar uşaqlarda aqressiya yaradır, öldürməyi onlar üçün adiləşdirir.
Zorakılığa insanların ailədə aldıqları travmalar da səbəb ola bilər. Bəziləri “Babam da belə edib, atam da belə edib” deyərək arvadını döyməyi normal bir hal kimi qəbul edirlər. Bəzən isə arvadını döymək istəməyən kişilərə “Sən necə kişisən?” deyərək təsir edirlər. Bəzi hallarda da qadınların sosial həyatda aktivləşməyi qıcıq yarada bilir.
Səbəblərdən biri də qadınların təhrikedici davranışlarıdır. Gərək ədalətlə danışaq. “Bütün hallarda kişilər günahkardırlar” deyə bilmərik. Çox deyinmək, tələblər qoymaq, müdaxilələr etmək, hər şeyi böyütmək də təhrikedici hərəkətlərdir. Mədəniyyət faktorunun aşağı olması da zorakılığa gətirib çıxaran amillərdəndir.
Vacib məsələlərdən biri də budur ki, biz yalnız qadınlarla-zorakılığa məruz qalmış xanımlarla çalışırıq, amma zorakılığı törədən şəxslər kənarda qalırlar. Bax bu xidmət paketi formalaşmalıdır. Zorakılığı törətmiş şəxslərə psixoloji yardım edən psixoloqlar olmalıdır.
- Qadınlara qarşı zorakılığın əsas səbəblərindən biri də onların erkən yaşda evliliyə məcbur edilmələridir. Sizcə, erkən nikahların qarşısını niyə ala bilmirik?
- Bununla bağlı proqramlar var və davamlı işlər görülür. Artıq əhali də əvvəlki kimi deyil. Sosial şəbəkələrdə hansısa hallar işıqlandırılır və biz bundan xəbər tuturuq. Bizə və ya digər təşkilatlara müraciət edənlər də var. Amma nəzərdən qaçan hallar da olur. Bu cür hallarda ətrafdakı insanların, qohumların gözü açıq olmalı və dərhal aidiyyatı qurumlara bu barədə məlumat verməlidirlər.
- Sizə müraciət edən qadınların ailəsindən, yaxınlarından sizə təzyiq göstərənlər olubmu?
- Əlbəttə ki, hədələyənlər də olub, haqqımda mətbuatda yazılar yazanlar da olub, qapıya gələnlər də olub. İşimizlə bağlı bu cür hallarla çox rastlaşırıq.
- Bu qədər problemli ailələr görmüsünüz. Sizə çox təsir edən, heç vaxt unuda bilmədiyiniz hadisələr çox olub yəqin ki.
- Elə adamlar var ki, çox qısa müddət sonra unuduram, elə adamlar da var ki, yaddaşıma həkk olunub qalırlar. Çox yaxşı nümunələrimiz də var. Əvvəllər sığınacağımızda olan və hazırda yaxşı işdə çalışanlar var. Yaxşı hadisələr də, pis hadisələr də yadda qalır. Əsas odur ki, ölüm-itim yaşanmasın. Bizdə bir nəfər olmuşdu. Ona kifayət qədər yardım göstərmişdik. Boşanma prosesinə kömək edirdik. Amma təhlükələr sovuşandan sonra ailəsinin yanına getmişdi. Anası qadını əri ilə barışmağa məcbur etmişdi və sığınacağımızdan gedəndən iki il sonra əri onu öldürmüşdü.
- Tez-tez küçədə dilənçiliyə məcbur edilən uşaqlara rast gəlirik. Sizcə, niyə aidiyyatı qurumlar bunun qarşısını almaq üçün ciddi tədbirlər görmürlər?
- Əslində bu dəqiqə polislər uşaqlara qarşı çox həssasdırlar. Müəyyən edib gətirirlər. Bizdə neçə uşaq var ki, özləri polisə müraciət ediblər. Bununla yanaşı, ənənəvi dilənçiliklə məşğul olan romanlar, yəni qaraçılar da var. Bu onların həyat tərzidir və demək olar ki, onlarla mübarizə aparmaq olmur.
Hazırda sığınacağımızda dilənçiliklə məşğul olan ikiuşaqlı bir qadın var. Polis götürüb gətirmişdi. İki dəfə evlənib, amma heç bir ərindən dəstək görməyib.Uşaqlarını böyütmək üçün bu yola əl atıb. Hazırda reabilitasiyası ilə məşğuluq, sənədlərini hazırlayırıq.
Bəziləri də var ki, gətirilirlər, amma qalmaq istəmirlər. “Mən günümə filan qədər pul qazanıram, burada vaxtım gedir” deyərək gedirlər. Bura məcburi saxlama yeri deyil ki, onları zorla yanımızda saxlayaq.
- Son illər həm qadınlar, həm də uşaqlar arasında narkotik maddələrdən istifadə edənlərin sayı artmaqdadır. Bunun səbəbləri nədir və qarşısını almaq üçün hansı işlər görülməlidir?
- Bunun başlıca səbəbi əlçatanlıqdır. Arıqlamaq istəyən qadınları bu ad altında aldadaraq narkotik maddələrə öyrəşdirirlər. Çevrənin də təsiri ola bilir. Biz bu halı tənzimlənməyən həyat tərzi yaşayan adamlarda da çox görürük. Narkotik satanlar pul qazanmaq üçün müxtəlif manipulyasiyalarla başqalarını da bu yola çəkirlər. İndiki narkotiklər də süni maddələrdir və çox tez asılılıq yaradır. Ondan azad olmaq çox çətin olur.
Narkomaniyaya qarşı bütün cəmiyyət mübarizə aparmalıdır. Çünki narkotikin fəsadları, doğrudan da, faciəvidir. Hansısa məsələlərdə şəxsləri reabilitasiya edərək cəmiyyətə qaytarmaq olur, ancaq narkotik istifadəçilərini reabilitasiya etmək olduqca çətindir. Təbii ki həmin insanların valideynləri də bu məsələyə qarşı çıxmalıdırlar. Bilirsiniz ki,narkotikin müxtəlif növləri olur. Nəşə-filan daha yüngül forma olduğu üçün kömək etmək mümkün olur, amma ağır narkotiklərlə bağlı mübarizə aparmaq çox çətindir. Həmin insanların valideynləri də bu məsələdə aktiv iştirak etməlidirlər.
- Statistik məlumatlar da göstərir ki, ailələrdə boşanmaların sayı getdikcə artmaqdadır. Sizcə, boşanma hallarının artmasının səbəbləri nələrdir və bunun qarşısını necə almaq olar?
- Əsas səbəblərdən biri fiziki zorakılıqdır. Amma bəzi hallarda psixoloji, yəni gözlə görülməyən zorakılıq da boşanmalara gətirib çıxarır. Artıq burada ailə münasibətlərində öhdəlik hissinin, məsuliyyətin olmadığını görürük. Bəzən də kişilər ənənəvi şəkildə öyrəndikləri kimi davranırlar və yoldaşları ilə heç nəyi məsləhətləşmirlər. Bununla yanaşı, tələsik evliliklər, erkən nikahlar, sırf nəsil artırmaq üçün qurulan evliliklər də var.
Səbəblərdən biri də insanların özlərini əvvəldən fərqli təqdim etməyi, ailə içində isə başqa cür davranmalarıdır. Səbəblərdən biri də budur ki, insanlar qarşı tərəfi dəyişdirməyə meyillidirlər. “Gəlinim mənim kimi olmalıdır”, “Ərim belə danışmalıdır” və s. kimi ifadələr var. Həmçinin “Filankəsin kişisi” şəklində müqayisələr edilir. Bunlar əvvəllər qəbul edilsə də, artıq qəbulolunmazdır. İnsanlar öz şəxsiyyətlərinə hörmətlə yanaşırlar. Cəmiyyətdə şəxsiyyətlərin olmağı yaxşı haldır və bu ailələrin daha fərqli olmağı deməkdir. Mənə elə gəlir, kiminlə isə müqayisə edilmək heç kəsə xoş gəlməz.
Bəziləri qorxurlar ki, ailə modeli qalmayacaq. Amma mən belə düşünmürəm. Biz ailəyə dəyər verən, ailəsiz yaşaya bilməyən insanlarıq. Ona görə də daha mükəmməl bir ailə modeli yaranacaq. Sadəcə olaraq bir az zamana ehtiyac var. “Boşanmalar çoxalır” deyə süni qışqırıqlara ehtiyac yoxdur. İnsanları zorla bir yerdə yaşatmaq olmaz. Hətta fikrimcə, bir müddətdən sonra ailələr dünyaya uşaq gətirməyə də tələsməyəcəklər. Artıq insanlar bir-birini yaxşı tanıyandan, valideyn olmağa hazır olandan sonra bu barədə düşünməyə başlayacaqlar. Belə olduqda uşaqlar daha sağlam ailələrdə böyüyəcəklər.
- Qanunvericilikdə qadın və uşaqların hüquqlarının qorunması sahəsində boşluqlar varmı, yoxsa əsas problem qanunların icrasının lazımi səviyyədə olmamasıdır?
- Cəmiyyət çevik dəyişir, hadisələr çox sürətlə inkişaf edir. Görürük ki, artıq ortada əvvəlki davranışlardan fərqli olan yeni davranış modelləri var. Qanunlar nə üçündür? Davranışları idarə etmək üçün bir vasitədir. Bu baxımdan yeni davranışları idarə etmək üçün istənilən mükəmməl qanununu təkmilləşdirməyə ehtiyac var.
Bəzi hallarda isə qanunda olan maddələri ləng icra edənlər olur. Bu da problemlərdən biridir. Məsələn, uşaqların dövlət müəssisələrinə yerləşdirilməsi ilə bağlı proseslər 4-5 ay çəkə bilir, halbuki bunu daha tez etmək olar.
- Dövlət qurumları ilə əməkdaşlıq edirsiniz yəqin ki, həmin qurumlar tərəfindən sizə lazımi qədər dəstək göstərilirmi? Ümumiyyətlə, aidiyyatı dövlət qurumlarının fəaliyyətini necə qiymətləndirirsiniz?
- Bəli, bütün aidiyyatı qurumlarla əməkdaşlıq edirik. Məsuliyyətlə yanaşanlar da var, məsuliyyətsiz yanaşanlar da. Bəzən elə polislər olur ki, məsələyə daha ürəklə can yandırırlar, bəzilərinə isə əlli dəfə zəng vurursan, heç cavab vermək də istəmirlər. Mən sadəcə polisi misal göstərdim. Bu əməkdaşlıq etdiyimiz digər qurumlara da aiddir. Bəzən də bizdən nə isə istəyəndə tez cavab yazmağımızı istəyirlər, halbuki özləri eyni şəkildə davranmırlar.
Burada prosesin nə qədər çevik olmağı və onların prosesdə nə qədər aktiv iştirak etməyi önəmlidir. Təbii ki bu məsələlərdə boşluqlar var. Çox təəssüf ki, bəzi hallarda sosial şəbəkələrdə olan məsələlər daha çox diqqətdə qalır, nəinki yazdığımız məktublar.
Sığınacaqdan gələn məktublara adi məktublar kimi bir aydan sonra cavab verilməməlidir. Ona görə də bəzən zənglər etməli oluruq. Amma bu belə olmalı deyil. Mən kiməsə zəng vurmaq istəmirəm. İstəyirəm ki, bu proses o dərəcədə tənzimlənsin ki, artıq orada oturan hər kəs məktuba cavab verməli olduğunu bilsin.
- Sizcə qadınlara və uşaqlara qarşı zorakılıq hallarının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Bununla bağlı təkliflərinizi eşitmək istəyərdik.
- Cəmiyyət qadınlarla müqayisədə uşaqlara qarşı daha həssas və çevikdir. Məsələn, əvvəllər ata uşağını döyəndə kənardan müşahidəçi qismində qalanlar bu gün dərhal reaksiya verirlər. Bu müsbət haldır və cəmiyyətin birgə mübarizə apardığını göstərir. Amma rayonlarda baş verən halları həmişə görə bilmirik. Buna görə də rayonlarda uşaq və qadın hüquqlarını qoruyan aktiv təşkilatlar olmalıdır.
Bəzən ikinci dəfə ailə quranlara qarşı da zorakılıq olur. Analığın və atalığın davranışı bəzi hallarda gizlədilir. Bununla yanaşı, ata və ya ana narkotik istifadəçisi olur. Onun davranışlarına göz yumulur və bu hadisə sonradan ortaya çıxır. Və yaxud uşağın təhsildən yayındırıldığını görürük.
Zorakılıq təkcə fiziki şiddət deyil, zorakılıq həm də uşağı inkişafdan geri çəkmək və onun şəxsiyyət kimi formalaşmağına əngəllər törətməkdir. Bunun özü də bir zorakılıq halıdır ki, mən bu mühitdə yaşayıramsa, uşaq da bu mühitdə yaşamalıdır. Mən zorakılığa dözürəmsə, uşaq da zorakılığa dözməlidir. Halbuki döyülməsə belə, birbaşa o zorakılığın içindədir və zorakılığa məruz qalır. Psixoloji travma alır və ömrüboyu bu travma ilə yaşamalı olur.
Həmçinin uşaqları valideyndən almaq məsələsinin normaları müəyyənləşməlidir. Uşaq bir il valideyndən alınmalıdır ki, valideyn gəlib dəyişməsi və artıq uşağının inkişafı ilə bağlı hazırlıqlı olması barədə hesabat verə bilsin. Bizdə də belə valideynlər var. Məsələn, baxırsan ki, uşaq hər yeri dağıdır, amma ana yerindən tərpənmir. Çünki kiminlə isə qeybət edir və yaxud telefonla danışır. Belə hallar olmamalıdır. Uşağın inkişafında valideynin rolu və məsuliyyəti hiss olunmalıdır. Əgər bu yoxdursa, uşaq həmin mühitdən azad olunmalıdır.
Ayşən İsmayılova, Babək Cahandarov