Sevinc Fətəliyeva: “Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi, reallıqları qəbul edir”
“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşü regionda sülhün və əməkdaşlığın təmin olunması istiqamətində növbəti addımdır. Azərbaycan Prezidenti İlham Əliyev regionda yeni reallıqların müəllifidir və postmünaqişə mərhələsinin ümumi geosiyasi mühitinin formalaşmasında əsas söz sahibidir”.
1news.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycan mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir. O cümlədən regional əməkdaşlıq, sabitlik və inkişaf üçün vacib təşəbbüslər göstərir. Azərbaycan Ermənistanla sülh sazişi imzalanmasının, sərhədlərin müəyyənləşdirilməsinin, regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır. Bütün bunların fonunda Brüssel görüşü və onun nəticələri böyük önəm kəsb edir.
Millət vəkilinin sözlərinə görə, Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərlə Azərbaycan münaqişənin bitdiyini elan edib. Dövlətimizin başçısı İlham Əliyev hərbi əməliyyatlar bitdikdən sonra bəyan edib ki, artıq münaqişə öz həllini tapıb, Azərbaycan sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi Bəyanatda da məhz Azərbaycanın bu mövqeyi öz əksini tapır. Bəyanatda əks olunduğu kimi, görüş zamanı post-münaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 10 noyabr üçtərəfli bəyanatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması və nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib. Həmçinin, humanitar tədbirlərin tərəflər arasında sülh və etimadın təşviq olunması baxımından əhəmiyyəti, o cümlədən itkin düşmüş şəxslərlə bağlı məsələlər, minaların təmizlənməsinin vacibliyi vurğulanaraq, Aİ-nin bölgədə aparılan humanitar minatəmizləmə, eləcə də reabilitasiya və rekonstruksiya işlərinə dəstək verəcəyi qeyd olunub.
“Əldə edilən razılaşmaya əsasən, aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının iclası keçiriləcək. Bu komissiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, eləcə də sərhəd xətti boyu və onun yaxınlığında sabit təhlükəsiz vəziyyətin təmin edilməsi ilə məşğul olacaq. Eyni zamanda, sülh sazişi ilə bağlı ortaya qoyulan yanaşma da təqdirəlayiqdir. Məlumdur ki, Azərbaycan Ermənistanla beynəlxalq hüquq normaları əsasında sülh sazişi imzalamağa hazır olduğunu dəfələrlə bəyan edib və bu məqsədlə qarşı tərəfə beş bənddən ibarət təkliflərini göndərib. Brüssel görüşündə bu məsələ də diqqət mərkəzində olub. Belə ki, görüşdə əldə edilmiş razılığa əsasən ölkə rəhbərləri zəruri məsələləri əhatə edəcək sülh sazişinin hazırlanması üzərində işləmək üçün xarici işlər nazirlərinə müvafiq tapşırıq verəcək.
Digər tərəfdən, Şarl Mişelin bəyanatında “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsi, ATƏT-in Minsk qrupunun adının çəkilməməsi o deməkdir ki, Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi, reallıqları qəbul edir. Ümumilkdə, Avropa İttifaqının vasitəçilk səyləri müsbətdir və təqdir olunmalıdır. Çünki bunun sayəsində Azərbaycanla Ermənistan arasında sülh əldə olunması üçün yeni mexanizm yaranır. Bu format Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması istiqamətində vacib addımdır. Prezident İlham Əliyev Brüssel görüşündə də dövlət və milli maraqlarımızı qətiyyətlə qorudu. Ermənistanın isə sülhə gəlməkdən başqa şansı yoxdur. Rəsmi İrəvan bunu nə qədər tez anlasa, özü üçün bir o qədər yaxşı olacaq”,-deyə S.Fətəliyeva qeyd edib.
1news.az