Təhsil Nazirliyi və Qarabağ Dirçəliş Fondu arasında memorandum imzalanıb - FOTO
Aprelin 18-də Təhsil Nazirliyi və Qarabağ Dirçəliş Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
1news.az xəbər verir ki, Memorandumu təhsil naziri Emin Əmrullayev və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıblar.
Memorandumun əsas məqsədi əməkdaşlıq çərçivəsində birgə layihələr və tədbirləri həyata keçirərək işğaldan azad olunan ərazilərin yüksək rifaha malik regiona çevrilməsinə töhfə verməkdir.
Anlaşma Memorandumda qeyd olunan məqsəd üzrə aparılan işlər çərçivəsində təhsilin inkişafına dəstəyin göstərilməsi, o cümlədən xarici dövlətlərin təcrübəsi öyrənilməklə tətbiqi, kadr ehtiyacının araşdırılması, təhsil sahəsində dövlət-özəl tərəfdaşlığının təşviqi, təhsil sisteminin imkanlarından yararlanaraq müvafiq müəssisələrdə ianəçilik mədəniyyətinin təbliği və digər bu kimi məsələlər əhatə olunub.
Razılaşmada eyni zamanda işğal nəticəsində Qarabağ bölgəsinə vurulan zərər haqqında məlumatların təhsil sisteminin iştirakçıları, digər marağı olan şəxslər və qruplar arasında təbliği, o cümlədən həyata keçirilən layihələrdə gənclərin iştirakının təşviqi ilə əlaqədar birgə layihələrin reallaşdırılması öz əksini tapıb.
Görüşdə təhsil naziri Emin Əmrullayev və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacı tərəfindən birgə əməkdaşlıq çərçivəsində görülməsi nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
Tərəflər bu əməkdaşlığın işğaldan azad edilən ərazilərdə dayanıqlı məskunlaşmaya, əlverişli həyat şəraitinin yaradılmasına töhfə verəcəyini və həmin ərazilərdə təhsilin inkişafında əhəmiyyətli rol oynayacağını ifadə ediblər.