İlham Namiq Kamal: “Qoy o obraz həsrətdə olsun ki, onu nə vaxtsa İlham Namiq Kamal ifa edəcək” – MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

İlham Namiq Kamal: “Qoy o obraz həsrətdə olsun ki, onu nə vaxtsa İlham Namiq Kamal ifa edəcək” – MÜSAHİBƏ

Ayşən İsmayılova16:20 - 29 / 04 / 2022
İlham Namiq Kamal: “Qoy o obraz həsrətdə olsun ki, onu nə vaxtsa İlham Namiq Kamal ifa edəcək” – MÜSAHİBƏ

“İndiki gənclərdəki qeyrət, Vətən məhəbbəti bəlkə də neçə illər bundan qabaq olmayıb. Ona görə də gənclikdən arxayınam, gəncliyə çox güvənirəm”.

Bunu 1news.az-a müsahibəsində Azərbaycanın Xalq artisti, sevilən aktyorumuz İlham Namiq Kamal deyib. Yeni maraqlı tamaşa ilə teatrsevərlərlə görüşə hazırlaşan dəyərli sənətkarımız söhbət zamanı yaradıcılığından və keçmiş xatirələrindən danışmaqla yanaşı, Azərbaycan teatrının və kinosunun hazırkı vəziyyəti ilə bağlı da fikirlərini bölüşüb.

Dəyərli sənətkarımızla geniş müsahibəni təqdim edirik:

- Adınızı eşidəndə ağlımıza dərhal türk şairi Namiq Kamal gəlir. İstərdim, adınızın tarixçəsini bizimlə bölüşəsiniz.

- Babam Ağacəfər Əhmədov manufaktura taciri olub. Manufaktura tacirləri bilavasitə satıcı deyildilər. Onlar Türkiyə, İran, Pakistan kimi ölkələrdən mallar gətirib Azərbaycanı bu mallarla təchiz edirdilər. Babamın da mağazaları olub, amma bununla bərabər, savadlı insan olub. Dünya ədəbiyyatını yaxşı bilib, şairləri tanıyıb. Onun iki qızı və bir oğlu olub. Hər halda həmin şairi tanıyıb ki, oğluna əmisinin və ya qohum-əqrabalarının yox, məhz Namiq Kamalın adını qoyub.

- Sizi teatrla yanaşı, filmlərdə də görmüşük. Xüsusən də, “Qayınana” filmindəki İlqar obrazı ilə yaddaşımıza və qəlbimizə həkk olmusunuz. “Qayınana” filminin çəkilişindən yadınızda qalan xatirələri bizimlə bölüşə bilərsinizmi?

- Biz bu filmi 1978-ci ildə təhvil vermişik. Artıq 40 ili ötüb, zarafat deyil. Film həmin vaxtdan elə bu günə kimi də insanlar tərəfindən sevgi və məhəbbət görür. Bu filmi Hüseyn Seyidzadə kimi böyük bir rejissor çəkib. Əlbəttə, Hüseyn Seyidzadə ilə bərabər təkrarsız bir sənətkar olan Nəsibə xanımın sənətindən də danışmaq lazımdır. Çünki Heydər Əliyev Musiqili Komediya Teatrında bu tamaşaya baxanda onun qüdrətli bir aktrisa olduğunu görüb və yaddaşlarda yaşatmaq üçün tamaşanın lentə alınmağını və filminin çəkilməyini istəyib.

Tamaşada mənim obrazımı yaxın dostum, böyük sənətkar Hacıbaba Bağırov ifa edirdi. Filmdə isə İlqar obrazı üçün demək olar ki, Azərbaycanın elə bir aktyoru yox idi ki, filmin sınaq çəkilişində olmasın. Onu da qeyd edim ki, aktyor sənəti şansdan da asılıdır. Elə oldu ki, film üçün seçildim, çəkildim və film mənə yadigar kimi qaldı.

Bilirsiniz, Hüseyn Seyidzadə zəhmli insan idi. Artıq söz deyilməyinə, artıq bir hərəkət edilməyinə icazə vermirdi. Filmdə Afəti Cənnət xalaya təhvil verdiyim bir epizod var. Orada mən “Sağ olun, getməliyəm” deməli idim. Çəkiliş vaxtı “Sağ olun” yerinə özümdən asılı olmadan “Mehriban olun” dedim. Birdən Hüseyn müəllim dedi ki, çəkilişi saxlayın. Dedim, vay, mən bunu niyə düz demədim? Gördüm kişi fikirləşir. Birdən dedi ki, bu hissəni bir də çəkirik. Dedim, Hüseyn müəllim, mən sağ ol deyim, yoxsa bunu deyim? Bilmirəm axı, nə deməliyəm. Dedi, yox, bu hissədə məhz “mehriban olun” yerinə düşdü. Mehriban olun, yəni ki qırın bir-birinizi. İndi hərdən məclislər olur. Belə məclislərdə hamı bir-birinə “Mehriban olun” deyir. Yəni ki qırğın zad salmayın, qoyun məclis rahat keçsin (gülür).

- Tamaşaçılar sizi daha çox şən, pozitiv insan kimi tanıyırlar. Yəqin ki, sizi əsəbiləşdirən hallar da olur. Daha çox nələrə əsəbiləşirsiniz?

- Təbii ki, hər bir insan kimi məni də əsəbiləşdirən hadisələr olur. Məni həyatda yalan, teatrda isə peşəkar insanı peşəkar olmayan biri ilə tərəf müqabili etmək əsəbiləşdirə bilər.

- “Evləri köndələn yar” filmində Paşa Paşayeviç obrazını da böyük ustalıqla oynamısınız...

- O dövrdə “Mavi işıqlar” hazırlayırdıq. “Mavi işıqlar”da da konsert proqramı ilə yumor birləşirdi. Sonra “Evləri köndələn yar”ı 1982-ci ilin Yeni il şənliyində tamaşa kimi göstərməyə qərar verdilər. Ssenari Anarın qələmindən çıxıb. Rejissorlar isə Ramiz Həsənoğlu və Tariyel Vəliyevdir. Mənim öhdəmə Paşa Paşayeviç rolu düşdü. Paşa Paşayeviçi biz həyatda da görürük. Qabırğa deyirlər e, mən də çalışdım ki, qabırğa olub əl çəkməyən insan xarakterini tamaşaçıya maraqlı təqdim edim.

- Aktyor olmaq bir çox insanın arzusudur. Sizcə aktyor olmaq istəyən şəxsdə əsas hansı xüsusiyyətlər, bacarıqlar olmalıdır?

- Əlbəttə ki, insana bu istedadı Allah-Təala verir. Mənə belə gəlir ki, zəhmətkeş və ağıllı olmaq lazımdır. Ağıl hər bir sahəyə aiddir, amma aktyorluq sənətində xüsusən lazımdır. İstər təhsil sahəsi olsun, istər səhiyyə, istər incəsənət, istərsə də teatr, insan hər bir sahəyə öz peşəkarlığını və tərbiyəsini gətirir. Əgər peşəkarlığın ilə tərbiyən paraleldirsə, onda sən hörmət qazanacaqsan.

- Siz həm də pedaqoq kimi fəaliyyət göstərirsiniz. Yetişdirdiyiniz gənc aktyorlardan razısınızmı? Necə düşünürsünüz, indiki gənclərin arasından da Namiq Kamallar, Yaşar Nurilər, Nəcibə Məlikovalar, Nəsibə Zeynalovalar çıxacaqmı?

- Otuz ilə yaxındır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri işləyirəm və hazırda kafedranın professoruyam. Azərbaycan xalqı istedadlardan xali deyil. Sadəcə bu gün gənclər üçün meydan azdır. Bilirsiniz, mən bəhs etdiyim dövrlərdə “Azərbaycanfilm” kinostudiyası ildə təxminən beş bədii film, altı televiziya filmi istehsal edirdi. Onda cəmi bir kanal vardı, amma televiziya tamaşaları hazırlaya bilirdi. Həmçinin teatr da vardı. Ona görə buna istinad etdim ki, o dövrdə həm filmlərə çəkilə bilirdik, həm də televiziyada çıxış edə bilirdik.

Ola bilər ki, siz teatra gəlib aktyorları orada görməmisiniz. Axı regionlarda yaşayan insanların hamısı gələ bilmir. Teatr zalında da 300-400 nəfər olur, o da ki tam dolsa. Tamaşaçının aktyoru tanımağı və sənətinə qiymət verməyi üçün geniş meydan lazımdır. Yəni aktyorun filmi, televiziya tamaşaları olmalıdır, səsi radiodan gəlməlidir. Bizim dövrümüzdə bunların hamısı vardı. Hazırda istedadlı gənclərimiz var, amma meydan yoxdur. Yalan danışmaq lazım deyil. Mən arzu edirəm ki, gənclərimiz üçün də belə meydanlar olsun. Biri var dövlətin çəkdiyi film, biri də var, özəl təşkilatların “mən ölüm, sən öləsən”ə çəkdiyi filmlər...Bunlar başqa-başqa şeylərdir. Dövlət filminin Hüseyn Seyidzadə, Rasim Ocaqov, Oqtay Mirqasımov, Ziyafət Abbasov, Tofiq Tağızadə kimi rejissorları vardı.

Mənə belə gəlir, pessimist olmaq lazım deyil. Azərbaycan kinosu üçün bu da bir sınaq dövrüdür. Necə ki 30 il əziyyət çəkdik. 30 il hansı şəhərə gedirdik, xəcalətli gəzirdik, amma 44 günə qalib xalq olduq. Şəhidlərimizin ruhu şad olsun! Qazilərimizin canı sağ olsun! Açıq demək lazımdır. İndiki gənclərdəki qeyrət, Vətən məhəbbəti bəlkə də neçə illər bundan qabaq olmayıb. Çünki mən bunu gözümlə görmüşəm. Mən o vaxt Şamaxıda olanda könüllüləri Mədəniyyət Mərkəzinə göndərirdilər. Cəmi bircə regiondan - Şamaxıdan yüzlərlə gənc könüllü olaraq müharibəyə getmək istəyirdi. Ona görə də gənclikdən arxayınam, gəncliyə çox güvənirəm. Allah bütün gənclərimizi qorusun! Sabahları gözəl olsun!

- Aktyor müxtəlif rolları ifa edir. Bir tamaşada müdrik bir qocanı və yaxud hansısa qəhrəmanı oynayan aktyor, başqa bir tamaşada hansısa mənfi bir obrazı canlandırır. Hər aktyor bunun öhdəsindən məharətlə gələ bilməz yəqin ki. Ümumiyyətlə, bir obrazdan başqa bir obraza, başqa bir rola keçmək üçün aktyorda hansı xüsusiyyətlər olmalıdır? Yoxsa bu istedadla bağlı olan məsələdir?

- İlk öncə məktəb lazımdır. Bir binanın möhkəm olmağı üçün onun özülü möhkəm olmalıdır. Mən özümü çox xoşbəxt sayıram ki, Adil İsgəndərov, Rza Təhmasib, Tofiq Kazımov kimi müəllimlərim olub. Onlar mənə istedad verməyiblər ha, onu Allah verir. Onlar mənə elə düzgün istiqamət göstəriblər ki, mən o yolu gedə bilmişəm. Sənətin, peşənin taleyini düzgün istiqamət həll edir.

- Bəzi aktyorların həmişə canlandırmağı arzuladığı obrazlar olur. Bəs sizin bu vaxta kimi canlandırmaq istədiyiniz, amma canlandıra bilmədiyiniz bir obraz olubmu?

- Bəlkə də mənim bu sualın cavabını düşünməyə vaxtım olmayıb. İşlər həmişə olub, elə bu gün də var. Məsələn, bu gün məşqdən çıxmışam, sonra yeni bir məşqə gedəcəyəm, sonra isə premyera oynamalıyam. Məni həmişə işlə təmin etdikləri üçün istər teatr, istərsə də film rejissorlarına minnətdaram. Dünyasını dəyişən rejissorlarımıza isə Allahdan rəhmət diləyirəm! Açıq desəm, heç vaxt hansısa rolun həsrətində olmamışam. Qoy o obraz həsrətdə olsun ki, onu nə vaxtsa İlham Namiq Kamal ifa edəcək (gülür).

- Yeni bir tamaşada rol almaq üçün nələrə daha çox diqqət edirsiniz – ssenariyə, oynayacağınız rola, yoxsa tərəf müqabillərinizə?

- Mənim üçün tamaşanı hazırlayan rejissorun zövqü və onun dünyagörüşü maraqlıdır. Məsələn, Musiqili Komediya Teatrına yeni baş rejissor təyin olunan Cavid İmamverdiyev yeni, maraqlı bir tamaşa hazırlayır. Ayın əvvəlində premyerası olacaq. “Bəxtiyar” filmi əsasında hazırlanmış yeni bir teatr tamaşasıdır. Filmdə Ağabala obrazı var. Mən tamaşadakı Ağabala obrazını öz dünyagörüşümdə indi nə cür ola biləcəyini təsəvvür edərək göstərməyə çalışmışam. İnşallah maraqlı bir tamaşa olacaq.

- Müsahibələrinizin birində demisiniz ki, insanları güldürmək daha çətindir. Bu insanların sosial durumu və ya zəmanə ilə bağlıdır, yoxsa başqa səbəblər var?

- Bilirsiniz, peşəkar aktyor səhnəyə çıxanda düşünmür ki, kimisə güldürəcək və yaxud ağladacaq. Bir dəfə bir tamaşaçı mənə “Tamaşanıza nə qədər güldüm. Siz lap kefdəsiniz ki” dedi. Dedim, sən orada mənim güldüyümü gördün? Sən orada mənim əsəbimi, düşdüyüm o anlaşılmaz vəziyyəti gördüyün üçün güldün. Axı o obrazı mən ifa edirəm, onun həyatını mən yaşayıram, çəkdiklərini mən də içəridə çəkirəm. Yəni bu mənada komediya dram və faciə janrlarından daha çətindir. Çünki sən həmin obrazın çatışmayan cəhətlərini göstərməlisən, amma eyni zamanda rolu elə ifa etməlisən ki, tamaşaçını ikrah hissi bürüməsin. Əksinə, tamaşaçı ona baxıb təmizlənsin.

- İlham bəy, hazırda yaradıcılığınızda başqa nə kimi yeniliklər var?

- Bayaq da dediyim ki, “Bəxtiyar” tamaşasını təqdim edəcəyik. Bilirsiniz ki, karantin dövründə teatrlar bağlandı. Məsələn, mənim hazırladığım “Amerikalı kürəkən” tamaşası vardı. Onu təzədən hazırlamaq istəyirik. Bu iki il ərzində dünyasını dəyişən sənətkarlarımız oldu. Onların ifa etdiyi obrazları yeni aktyorlara təhvil vermək lazımdır.

Qismət olsa, bunlardan sonra Sabit Rəhmanın eyniadlı əsəri əsasında “Əliqulu evlənir” tamaşasını hazırlamaq istəyirik. Çox maraqlı bir librettodur. Bu gün üçün də çox aktual mövzudur. 40 il bundan əvvəlki Əliqulu tamam başqa idi. Bugünkü günün Əliqulusu daha dəhşətlidir. Bilirsiniz, müasir tamaşa hazırlayanda bu günün açarını tapmalısan. Elə açar olmalıdır ki, insanlar tamaşaya baxanda özlərini görə bilsinlər. “Bu mənəm”, “Bu mənim əmimdir”, “Bu mənim xalamdır” deyə bilsinlər.

- Digər ölkələrlə müqayisədə Azərbaycanda aktyorların maddi vəziyyəti elə də yaxşı deyil. Teatrın və kinonun ən parlaq dövrlərini görmüş bir insan kimi fikirlərinizi bilmək istərdik, sizcə, bu tənəzzülün səbəbi nədir?

- Teatra ayrılan vəsait iki-üç il əvvəl daha aşağı idi. Prezidentimizin çıxışından sonra vəsait artırıldı. Onu da deyim ki, axı heç bir dövlətdə sevilən aktyorlara dövlət mükafatı, prezident təqaüdü vermirlər. Prezidentimizin kino ilə əlaqəli yeni bir fərmanı oldu, “Kino Agentliyi” yaradılacaq. Bu kinonun inkişafına maliyyə tərəfdən kömək ola biləcək. Siz kinostudiyanın içinin nə kökdə olduğunu görməmisiniz. Biabırçılıqdır! Biabırçı vəziyyətdədir! Tək bina deyil axı, onun texniki təchizatları var. Bunların hamısı yenilənməlidir.

Mən bu yaxınlarda Ağdama getmişdim. Çox mütəəssir oldum. Çünki işğaldan əvvəl də Ağdamda olmuşam, orada tamaşalar ifa etmişəm. Amma indi həmin Ağdam yoxdur. İnanın ki, biz orada gəzəndə yeddi nəfər mina axtarırdı. Bu dəhşətdir! Biz öz torpağımızda yeriyə bilmirik. Ancaq bir tərəfdən də gördüm ki, dörd dənə binanın özülü qoyulub, artıq tikilir. Yəni dövlət çalışır ki, əlindən gələni etsin. İndi hər şey yenidən qurulur.

- Ömrünü teatra və kino sənətinə həsr etmiş görkəmli bir aktyor kimi teatrımızın və kinomuzun indiki vəziyyətini necə qiymətləndirirsiniz? Sizcə, bu sahələrdə hansı islahatlara ehtiyac var?

- Əvvəllər Tofiq Kazımovun, Mehdi Məmmədovun, Zəfər Nemətovun teatrı deyirdik. Yəni teatrlar baş rejissorları ilə inkişaf edir. Baş rejissor teatrın yaradıcı beynidir. Elə bil teatr indi məmur teatrı olub. Yəni hamı direktora tabedir. Mən bu barədə yeni nazirimiz Anar bəylə söhbət etmişəm. Nazirin özü mənə dedi ki, mən nə dediyinizi başa düşdüm.

Bir misal çəkim, “Buratino”da taxta kuklalara zülm edən Karabas Barabas var. Axırda taxta kuklalar üsyan edir ki, biz səni istəmirik. Mən hərdən zarafatla deyirəm ki, Karabas Barabas kimi indiki məmurlar da canlı insanlara zülm edirlər. Qoy məmurlar mehriban olsunlar, amma əsas fikir teatrın yaradıcı beyni olan baş rejissorun inkişafına kömək etmək olsun. Çünki baş rejissor həm aktyor sənətinin inkişafını, həm repertuar siyasətini, həm də teatrın sabahkı simasının parlaqlığını düşünməlidir.

Ayşən İsmayılova

Paylaş:
2014

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər