Vüqar Rəhimzadə: Azərbaycanın enerji diplomatiyasındakı uğurları iqtisadi imkanlarımızın genişlənməsində əhəmiyyətli rol oynayır
“30 ildən artıq müstəqillik tarixinə malik olan Azərbaycanın qazandığı uğurların miqyasına diqqət yetirsək ulu öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisinin bütün dövrlərdə aktuallığını qoruyub saxladığını qeyd edə bilərik.
Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə yüksək önəm verməsi dahi rəhbərin uzaqgörən siyasətinin nəticəsi idi. Ulu öndər Heydər Əliyev dünya təcrübəsinə istinadən bildirirdi ki, səylər birləşdirilmədən, qarşılıqlı təcrübə mübadiləsi aparılmadan heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin hərtərəfli inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının təməli qoyuldu. Onu da qeyd edək ki, “Əsrin müqaviləsi”nin imzalanmasından öncə ulu öndər Heydər Əliyevin təşəbbüsü əsasında Beynəlxalq Xəzər Neft-Qaz Sərgisinin keçirilməsi ənənəsinin təməli qoyuldu. Bu sərgi Azərbaycanın malik olduğu təbii resursların təqdimatında əhəmiyyətli rol oynadı. Bu baxımdan «Əsrin müqaviləsi»nin əhəmiyyətindən bəhs edərkən onun iqtisadi tərəfi ilə yanaşı, siyasi tərəfi də geniş təhlil edilir. Bu saziş Azərbaycanın bugününə və gələcəyinə inamı artırdı, ölkəmiz yeni dostlar, tərəfdaşlar qazandı. «Əsrin müqaviləsi»nin əsas tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı -Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə iştirakçı, eyni zamanda, dünya dövlətlərinin uzunmüddətli iqtisadi inkişafı təmin edildi, Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi."
1news.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycana artan maraq, inam ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin, şirkətlərin say tərkibinin genişlənməsindən də aydın görünür. Artıq əməkdaşlığın coğrafiyası regional çərçivədən çıxaraq beynəlxalq miqyas alıb: «Son 18 ildən artıq müddətdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa təbrikində «Əsrin müqaviləsi»nin əhəmiyyətini belə xarakterizə etmişdir ki, əgər bu saziş imzalanmasaydı, hazırda Azərbaycanın iqtisadi və siyasi mövqeyinin hansı səviyyədə olacağını düşünmək çətin deyildi.»
YAP Xətai rayon təşkilatının sədri bu rəqəmi açıqlamaqla bir daha diqqəti iqtisadiyyatın inkişafında neft amilinin roluna yönəldib: «Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 280 milyard dollara yaxındır ki, bunun da böyük əksəriyyətini neft-qaz sektoruna yatırılan investisiyalar təşkil edir: «Azərbaycana artan inam və etimad Beynəlxalq Xəzər Neft və Qaz sərgilərinə qatılan dövlətlərin və şirkətlərin sayında da özünü qabarıq şəkildə göstərir. Ənənəvi olaraq keçirilən bu sərgilərdə Azərbaycanın, həmçinin iştirakçı dövlətlərin bir ildə enerji sektorunda qazandıqları uğurların hesabatı təqdim olunur. Onu da qeyd edək ki, 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi 2019-cu ildə keçirilib. Həmin ilin sonlarında dünyanın koronavirus infeksiyasına qarşı mübarizəyə başlması ilə bağlı məhdudiyyət tədbirlərinin həyata keçirilməsi sərginin təşkilində də müəyyən fasilələrin yaranmasına səbəb olmuşdu. Artıq bu il yenidən ənənə bərpa olunaraq iyunun 1-dən Bakı Enerji Həftəsinə start verilir. Bakı Enerji Həftəsi 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisini, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji Sərgisini, eləcə də Xəzər Neft və Qaz Konfransının davamçısı olan Bakı Enerji Forumunu bir araya gətirir.»
Diqqəti dövlət başçısı İlham Əliyevin Bakı Enerji Həftəsinin iştirakçılarına məktubuna yönəldən Vüqar Rəhimzadə vurğulayıb ki, ölkə Prezidenti həmin məktubda da qeyd edir ki, Bakı Enerji Həftəsi Azərbaycan hökumətinin uğurla mübarizə apardığı pandemiyanın yaratdığı ikiillik fasilədən sonra yenidən təşkil olunur: «Həm canlı görüşlər, həm də bölgənin sənaye liderləri ilə canlı dialoq sərgi və forumun əhəmiyyətini daha da artırır. Builki Bakı Enerji Həftəsi daha dayanıqlı və təhlükəsiz enerji güclərinin yaradılması sahəsində yeni əməkdaşlıq üçün qlobal enerji bazarının əsas oyunçularını, beynəlxalq şirkətləri bir araya gətirir. O da təqdirəlayiq hal kimi qeyd edilir ki, qlobal çağırışa çevrilmiş dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması, habelə əlverişli və təhlükəsiz enerji təchizatı kimi məsələlər builki Enerji Həftəsində dialoqun əsas gündəliyini təşkil edir. Eyni zamanda Bakı Enerji Forumu enerji sektorunun əsas tədbiri statusunu qazanmış Xəzər Neft və Qaz Konfransının ənənələrini davam etdirməklə yanaşı, gündəliyini yeni enerji seqmentləri ilə də genişləndirmişdir”. Azərbaycan, uzun müddətdir, belə qlobal əhəmiyyətli tədbirə ev sahibliyi edir. Bu əminlik ifadə edilmişdir ki, keçirilən sərgi və forum aktual mövzulu dolğun məruzələrlə, müzakirə və fikir mübadilələri ilə qarşılıqlı anlaşma mühitində geniş iqtisadi əlaqələrimiz üçün yeni üfüqlər açacaq və səmərəli əməkdaşlığa töhfələr verəcək.»
Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan geniş bəhs edən Vüqar Rəhimzadə vurğulayıb ki, gerçəkləşdirdiyi layihələrlə dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirən Azərbaycan etibarlı tərəfdaş kimi nüfuz qazanır, çoxtərəfli əməkdaşlığın təşəbbüsçüsü və onları gerçəkləşdirən ölkə kimi tanınır: “Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməlinin qoyulması, 23 illiyi ərəfəsində “Yeni əsrin müqaviləsi”nin imzalanması, 2018-ci ildə XXV Beynəlxalq Neft və Qaz Sərgisində 25 ilin uğurlarına baxış keçirildiyi bir zamanda Cənub Qaz Dəhlizinin rəsmi açılışının olması Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Regional əməkdaşlığın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycan daim yeni-yeni layihələrin gündəmə gətirilməsinə və icrasına səy göstərir. Təbii ki, bu da ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi önəmdən, təcrübə mübadiləsinə marağından, ən əsası malik olduğu təbii resurslardan səmərəli istifadə etmək istəyindən irəli gəlir. Artıq Cənub Qaz Dəhlizi 2020-ci il 31 dekabr tarxində son tərkib hissəsi olan TAP-ın istifadəyə verilməsi ilə tamamilə reallığa çevrildi. Dövlət başçısı İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki nitqi ilə Azərbaycanın enerji sektorunda qazandığı uğurların aydın mənzərəsini yaratmaqla qarşıdakı dövrün hədəflərini açıqladı.»
YAP Xətai rayon təşkilatının sədri bu il ənənəvi 27-ci Xəzər Neft və Qaz Sərgisinin dünyanın müxtəlif ölkələrindən 250-dən çox şirkət arasından energetika sənayesinin liderlərini bir araya gətirdiyini, iştirakçıların siyahısında Almaniya, ABŞ, Azərbaycan, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İsveçrə, İtaliya, MDB ölkələri, Norveç, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Xorvatiya və Yaponiya şirkətlərinin olduğunu önə çəkərək Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan məktubu fonunda bu gün ölkəmizin etibarlı tərəfdaş kimi beynəlxalq münasibətlər sistemində artan rolundan bəhs edib: «Məktubda qeyd olunduğu kimi, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir. Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynamışdır. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir.»
Vüqar Rəhimzadə bir daha bu ümumiləşdirməni aparıb ki, Azərbaycanın enerji diplomatiyasındakı uğurları iqtisadi imkanlarımızın genişlənməsində əhəmiyyətli rol oynayır ki, bu da öz növbəsində hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin geniş miqyas almasında sözünü deyir.
1news.az