Beynəlxalq Media Forumunun Şuşada keçirilməsinin əhəmiyyəti nədir? – Baş redaktorlardan şərh
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri azad olunandan bir çox beynəlxalq tədbirə ev sahibliyi edib.
Tədbirlərə dünyanın bir çox ölkəsindən iştirakçı gəlir. Onlar tədbirdə iştirak etməklə yanaşı, Ermənistanın işğalı altında olduğu müddətdə Şuşanın necə talan olduğunu, dağıdıldığının şahidi olurlar. Şuşada keçirilən beynəlxalq tədbirlərdən biri də Azərbaycan Mətbuatının 147-ci ildönümündə keçirilən Beynəlxalq Media Forumu oldu. Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forumun Beynəlxalq təşkilatların rəsmiləri, yerli media və ictimaiyyət nümayəndələri, dünyanın müxtəlif ölkələrinin media nümayəndələri və ekspertlər iştirak edirdi.
Şuşada keçirilən bu tədbirin əhəmiyyəti nədir? Bu tədbir Azərbaycan jurnalistikasının inkişafına necə təsir edəcək?
1news.az məsələ ilə bağlı forum iştirakçılarının fikrini öyrənib.
“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib ki, Medianın İnkişafı Agentlyinin təşkilatçılığı ilə Şuşada keçirilən “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forumu 22 iyul – Milli Mətbuat gününə yaxşı bir hədiyyə oldu.
“Jurnalistlər öz peşə bayramlarını mədəniyyətimizin paytaxtı Şuşada qeyd etmək imlanı əldə etdilər. İkincisi müasir jurnalistikanın problemləri xarici və yerli mütəxəssislərin iştirakı ilə geniş müzakirə olundu. Jurnalistlər yeni mediaya keçid, media etikası, rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı kimi peşəkar mövzularda ətraflı və sanballı müzakirələr təşkil edə bildilər. Mövzular ətrafında həm yerli təcrübə, həm beynəlxalq təcrübə nəzərə alınmaqla maraqlı fikir mübadiləsi aparıldı. Bəzən toqquşan mövqelər, üst-üstə düşməyən fikirlər tədbirə əlavə rəng qatdı. Çıxışçıların hamısı monotonluqdan, yoruculuqdan qaçmağa çalışaraq peşə bayramı fonunda jurnalistikamızın problemlərinə işıq salmağa çalışdılar. Problemlər, müasir trendlər dartışıldı, çıxış yolları sadalandı. Müxtəlif media platformalarını təmsil edən jurnalistlər də məsələlərə öz baxış bucaqlarından yanaşma nümayiş etdirdilər. Hesab edirəm ki, son illər ənənəvi medianın üzləşdiyi problemlər kontekstində peşəkarların iştirakı ilə bu cür praktik müzakirələr həqiqətən faydalı oldu. Bu problemlərin əksəriyyəti yenidir və yeni baxışlar tələb edir. Problemlərin bir çoxu həm də qlobal olduğundan xarici media qurumlarında çalışan təcrübəli həmkarlarımızın fikrilərini eşitmək də maraqlı idi. Şuşadakı media forumu bizə məhz bu imkanı verdi”.
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal bildirib ki, Beynəlxalq Media Forumunun Şuşada keçirilməsi bir neçə yöndən tarixi hadisədir.
“İlk dəfədir Azərbaycanın media camiəsi böyük tərkibdə Şuşada cəm olur. İlk dəfədir Şuşada beynəlxalq media tədbiri keçirilir. Şuşa ənənəvi olaraq Azərbaycanın musiqi konservatoriyası, mədəniyyət mərkəzi, mədəniyyət paytaxtı kimi epitetlərlə ifadə olunub. Amma, işğaldan azad olunandan sonra Şuşa artıq siyasi, iqtisadi, mədəni, diplomatik tədbirlərə də ev sahibliyi edir. İndi isə bunların sırasına media da əlavə olunur.
Şuşa həqiqətən media və mediaçı üçün çox önəmli, maraqlı bir məkandır. Bu şəhərdə bir gün içərisində belə, o qədər yeni informasiya almaq olur ki... Qarabağ xanlığının mərkəzi olmuş, Azərbaycana onlarla dəyərli şəxsiyyətlər, o cümlədən, Azərbaycan mətbuatının təşəkkülündə önəmli rol oynamış Üzeyir və Ceyhun Hacıbəylilər, Əhməd Ağaoğlular və digər qələm sahibləri bəxş etmiş Şuşanın hər qarışı tarixdir, mövzudur. Şuşadan baxanda, Xankəndinin əliçi kimi görünməsi də bir başqa mövzudur”.