“Postmüharibə dövründə də parlament diplomatiyası uğurla davam etdirilir” - Deputat
“Müstəqilliyin ilk illərindən Azərbaycan qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında beynəlxalq siyasətdə fəal iştirak edir. Bu kontekstdə bir nüçə məqama xüsusi diqqət yetirmək lazımdır.
Əvvəla, Avropa İttifaqı (Aİ) ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın iqtisadi inkişafına dəstək və siyasi maraqlarının müdafiə olunması üçün mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqı ilə müxtəlif təyinatlı iqtisadi layihələr işlənib, təşkilata üzv ölkələrin enerji təhlükəsizliyini təmin edəcək beynəlxalq əhəmiyyətli karbohidrogen layihələri həyata keçirilib. Ölkəmiz, həmçinin beynəlxalq güclərin diqqətini Qarabağ münaqişəsinə və onun beynəlxalq hüququn ümumtanınmış norma və prinsipləri çərçivəsində ədalətli həlli məsələsinə çəkməyə çalışıb. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatı və Təhlükəsizlik Şurasının qəbul olunmuş 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilib, işğalçı qüvvələrin zəbt olunmuş ərazilərimizdən dərhal çıxarılması tələb edilib”.
1news.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr sədrinin müavini Sevinc Fətəliyeva deyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 2012-2013-cü illər üçün keçirilən seçkilərdə qələbə üçün tələb olunan 129 səsdən də çox - 155 səs əldə edib və Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə olub: “Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması və artıq dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin mayında Təhlükəsizlik Şurasının iclasının keçirilməsi Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərindən biri idi. Azərbaycan 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında BMT Təhlükəsizlik Şurasına sədrlik edib. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi dövrdə ən mühüm uğuru 2012-ci il mayın 4-də terrorçuluğa qarşı mübarizəyə dair öhdəliyin təmin olunması yolu ilə beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzusunda yüksək səviyyəli konfransın keçirilməsi oldu. Prezident İlham Əliyevin sədrlik etdiyi konfransın yekununda bəyanat qəbul olundu, terrorçuluğun bütün formaları və təzahürləri bir daha qətiyyətlə pisləndi, terrorizmin təbiətinin dəyişildiyi qeyd edildi, üzv dövlətlər beynəlxalq münasibətlərdə hər hansı bir dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı təhdid və ya gücdən istifadə etməmək öhdəliyini həyata keçirməyə çağırıldı. Dünyada ilk dəfə olaraq Azərbaycan BMT-nin təcavüzkar ölkəyə qarşı qəbul etdiyi, amma ikili standartlara görə icra olunmayan qətnamələrin icrasını 2020-ci ildə baş vermiş 44 günlük müharibədə qələbə qazanmaqla təmin etdi”.
S.Fətəliyeva qeyd edib ki, Azərbaycanın Avropa Şurası, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, digər beynəlxalq təşkilatlarla əlaqələri var və bu münasibətlər uğurla davam edir. 2011-ci ildə isə ölkəmiz Qoşulmama Hərəkatına üzv olub. Onun fikrincə, Qoşulmama Hərəkatının tarixinin ən parlaq dövrünü Azərbaycan Prezidenti İlham Əliyevin təşkilata rəhbərlik etdiyi zamanda yaşadığını, desək, yanılmarıq: “Dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi günlərdə dövlətimiz böhranın aradan qaldırılması məqsədilə ədalətli münasibət, bərabər paylaşım adı ilə müxtəlif tədbirlər keçirdi və təkliflər irəli sürdü ki, bunlar da təşkilat üzvləri və digər beynəlxalq təşkilatlar tərəfindən yekdilliklə qəbul olundu. Azərbaycan tərəfindən Qoşulmama Hərəkatının adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı 2021-ci il dekabrın 16-da BMT-nin Baş Assambleyasında qətnamə qəbul edildi. Pandemiyaya qarşı mübarizədə Azərbaycan nümunəsi hər kəsə örnək kimi göstərilir. Bu müstəvidə Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini davam etdirir. Hərəkata sədrliyi dövründə Azərbaycanın Qoşulmama Hərəkatı üçün müfəssəl və iddialı qlobal fəaliyyət planı hazırlaması, COVID-19 pandemiyasının dünyanı bürüməsi, Azərbaycanın yeni vəziyyətə çevik və adekvat reaksiyası, pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər Prezident İlham Əliyevin dövlətimizin nüfuzunun yüksəlməsi istiqamətində uğurları kimi səciyyələndirilir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin daha bir il müddətə - 2023-cü ilə qədər uzadılması rəsmi Bakının qlobal çağırışlara münasibətdə daha fəal rol oynamasına gətirib çıxaracaq. Artıq Azərbaycan nüfuzlu dövlətdir və Prezident İlham Əliyevin təşəbbüsləri beynəlxalq müstəvidə də dəstəklənir”.
Millət vəkili, həmçinin qeyd edib ki, parlament diplomatiyası ölkəmizin xarici siyasət kursunda mühüm yer tutur: “Bilirsiniz ki, Milli Məclis bir sıra beynəlxalq təşkilatlarda təmsil olunur, eləcə də bir çox ölkələrin parlamentləri ilə dostluq qrupları fəaliyyət göstərir. Əlbəttə, parlament çox mühüm hakimiyyət qoludur və onun işində beynəlxalq fəaliyyət xüsusi yer tutur. Parlamentarilər beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin təbliği istiqamətində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Bir sıra ölkələrin parlamentləri ilə sıx əlaqələr qurulub ki, bu, dövlətlərarası münasibətlərdə əhəmiyyətli rol oynayır. Buraya qanunvericilik sahəsində əməkdaşlığı, təcrübə mübadilələrini də əlavə etsək, onda Azərbaycan parlamentinin, ümumilikdə, ölkəmizin beynəlxalq fəaliyyətində nə qədər vacib rol oynadığını görə bilərik.
Ümumiyyətlə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr muavini olaraq deyə bilərəm ki, parlamentimizdə beynəlxalq fəaliyyətə böyük maraq var. Xüsusi qeyd etmək istəyirəm ki, 44 günlük Vətən müharibəsi zamanı bütün cəmiyyətimiz kimi ölkə parlamenti də imkanlarını səfərbər edərək aktiv fəaliyyət göstərib. Belə ki, bu dövrdə Azərbaycanın parlament diplomatiyasının bütün imkanları tam haqlı olaraq Vətən müharibəsi ilə bağlı gerçəkliklər haqqında dünya ictimaiyyətini məlumatlandırmağa, Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi təxribatların beynəlxalq auditoriyaya çatdırılmasına səfərbər olundu. Azərbaycan Respublikası Milli Məclisi şanlı Ordumuzun əks-hücum əməliyyatlarına başladığı ilk anlardan etibarən beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı hərbi təxribatları, şəhər və rayonlarımızı artilleriya və raketlərdən atəşə tutması ilə bağlı həqiqətləri çatdırmaq məqsədilə milli parlamentlərə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanlayıb. Postmüharibə dövründə də parlament diplomatiyası uğurla davam etdirilir, Azərbaycan reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırılır”.
1news.az