Azərbaycan və xarici investisiyalar – davamlı inkişafa doğru | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və xarici investisiyalar – davamlı inkişafa doğru

14:08 - 18 / 08 / 2022
Azərbaycan və xarici investisiyalar – davamlı inkişafa doğru

XX əsrin sonları bir sıra tarixi hadisələrlə yadda qaldı ki, bunlardan biri də bir vaxtlar qüdrətli dövlət olan SSRİ-nin süqutu oldu.

Bu, yeni dünya nizamının formalaşması üçün əsas rolunu oynadı: siyasi arenada yeni oyunçular – keçmiş müttəfiq respublikalar peyda oldu. Bu gənc respublikalar müstəqillik əldə etdikdən sonra tədricən dünyanın siyasi və iqtisadi mühitinə inteqrasiya etməyə başladılar.

Bu dövrün sadəcə çətin keçdiyini demək sadəlövhlük olardı. Bu, çox taleyüklü bir dövr idi. Azərbaycan bu dövrə son dərəcə zəifləmiş durumda daxil oldu. Son dərəcə qeyri-sabit siyasi vəziyyət fonunda həddindən artıq güclü iqtisadi eniş baş vermişdi.

Bununla belə, 90-cı illərin əvvəllərində bir neçə il davam edən siyasi turbulentlikdən sonra dövlətin başına gələn Heydər Əliyev vəziyyəti sabitləşdirməyə nail oldu. Bununla da ölkə bütün istiqamətlər üzrə davamlı inkişaf yoluna qədəm qoymuş oldu. Bunun üçün əsas rolunu sadəcə zəngin təbii resurslar və hələ SSRİ dövründə formalaşmış maddi-texniki baza deyil, həm də düşünülmüş iqtisadi siyasət oynadı.

Etimad amili

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası yolunda “ilk göyərçin” rolunu ölkənin xarici investisiyalar cəlb etmək üçün hazır olduğunu bildirən siqnal oynadı. Bu, 1994-cü il sentyabrın 20-də imzalanmış əfsanəvi “Əsrin müqaviləsi” idi. Bununla nəinki neft strategiyasının əsası qoyuldu, həm də iqtisadiyyatın mərhələli şəkildə möhkəmlənməsi və dayanıqlı inkişafı üçün şəraitin yaradılmasına yönəlmiş bir sıra tədbirlərin görülməsinə imkan yarandı.

Bundan başqa, bu sənəd sayəsində Azərbaycan dünya ictimaiyyətində özünə layiq yer qazanmış oldu.

7 ölkəni (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 şirkətlə (“Amoco”, BP, “McDermott”, UNOCAL, SOCAR, LUKOIL, “Statoil”, TPAO, “Pennzoil”, “Ramco”, “Delta”) müqavilənin imzalanması ölkəyə investisiya cəlb edilməsinə imkan yaratdı. Bu investisiyalar sadəcə yataqların işlənməsini əhatə etmirdi. Bununla xarici investorlara vacib siqnal verilmiş oldu: Azərbaycan sabit dövlətdir, ona güvənmək, investisiya yatırmaq nəinki olar, hətta lazımdır.

Nəticədə ölkəyə yeni investorlar axını başladı, kapital qoyuluşları isə zaman keçdikcə daha çoxşaxəli olmağa, iqtisadiyyatın daha geniş sektorlarını əhatə etməyə başladı.

Beləliklə, neft sektoru ilə yanaşı iqtisadiyyatın digər sahələri də birbaşa xarici investisiya şəklində əlavə dəstək almağa başladı.

Buna misal olaraq, ictimai iaşə xidmətlərini göstərmək olar. Belə ki, bununla ölkəyə xarici brendlər və onlara uyğun keyfiyyət standartları gəlmiş oldu.

Fotoda: Bakıda “Əsrin müqaviləsi”nin imzalanma mərasimi (1994)

Ədalətli rəqabət

Azərbaycanda ilk “McDonald's” restoranının Bakının Fəvvarələr Meydanında açılmasının necə səs-küylü hadisə olduğunu bir çoxları xatırlayır. Bununla Azərbaycan dünyada ən böyük “fast food” restoranlar şəbəkəsinin fəaliyyət göstərdiyi ölkələr sırasına daxil oldu.

Bu gün Azərbaycanda “McDonald's” şəbəkəsi Bakı, Sumqayıt və Gəncəni əhatə edən 21 restorandan ibarətdir. Bu, həm də restoranların tikintisi və yenidən qurulmasına, istehsal və xidmətdə ən son texnologiyaların tətbiqinə, və ümumilikdə bütün fəaliyyət sahəsinin intensiv innovativ inkişafına təkan verən investisiyalardır. Restoran şəbəkəsinin inkişafı yerli istehsalçıların və tədarükçülərin inkişafına yatırımları da daha cəlbedici edir. Bundan başqa, “McDonald’s” xeyriyyə layihələrinin və proqramlarının dəstəklənməsində fəal iştirak edir, həmçinin Azərbaycanda 2000-dən çox şəxsi işlə təmin etməklə əmək bazarının ən böyük işəgötürənlər sırasına daxildir.

Əgər indi Bakıda BP, “PwC” və ya “Procter & Gamble” kimi şirkətlərin ofislərinin olması, yaxud “McDonald’s”, “KFC”, “Starbucks” və ya “Gloria Jean’s” kimi şəbəkələrin Azərbaycanda təmsil olunması adi hal hesab olunursa, ötən əsrin 90-cı illərində neft şirkətinin ilk ofisinin, yaxud ilk “McDonald's” restoranının açılması həqiqətən də simvolik hadisə idi. Azərbaycan dünyaya açılırdı.

Azərbaycanda bu dünyaca məşhur brendin peyda olması sonradan digər böyük ictimai iaşə şəbəkələrinin Azərbaycana cəlb olunmasına və nəticədə ölkədə sağlam rəqabət mühitinin formalaşmasına və yeni iş yerlərinin açılmasına gətirib çıxardı.

Hər şeyi kadrlar və texnologiyalar həll edir

Bazarda xarici şirkətlərin iştirakı işçilərin peşə bacarıqlarının artmasına, başqa sözlə desək, insan kapitalının təkmilləşməsinə də səbəb olur.

Beynəlxalq şirkətlərdə ixtisasartırma təlimləri norma hesab olunur, beləliklə mütəxəssisin işə götürülməsi faktı özü-özlüyündə onun peşəkar artımı üçün böyük imkanlar yaradır.

Bundan əlavə, qeyd olunmalıdır ki, beynəlxalq şirkətlərin mütəxəssislərinin yerli rəqib şirkətlərə aktiv keçidi baş verir. Belə şirkətlər böyüdükcə öz xarici həmkarları ilə rəqabətə girməyə başlayır.

Bir çox digər peşəkarlar isə ümumiyyətlə, öz bizneslərini qurur və bazar iştirakçıları ilə əməkdaşlıq qurmağa başlayırlar.

Bu yolla insan kapitalının geniş diapazonda inkişafı, bütün səviyyələrdə təkmilləşməsi təmin edilir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) ”İnkişaf üçün birbaşa xarici investisiyalar” (Foreign Direct Investment for Development) adlı araşdırmasında qeyd olunur ki, beynəlmiləl şirkətlərin iştirakı kadr sahəsində nümunə olmaqla insan kapitalına müsbət təsir edə bilər.

Xarici investisiyaların daha bir praktiki faydası texnoloji inkişaf imkanı ilə bağlıdır.

“Xarici şirkətin bazarda sadəcə təmsil olunması məqsədyönlüdürmü? Dövlətimiz hər zaman daha böyük məqsədlər güdüb və bu səbəbdən xarici investorların qarşısına iqtisadiyyatın davamlı inkişafına nail olmaq məqsədilə yüksək keyfiyyət standartlarının “idxalı” və texnoloji dəyişikliklərin edilməsi kimi strateji məqsədlər qoyub”, - iqtisad elmləri doktoru, professor Elşad Məmmədov deyib.

Fotoda: Port Baku Mall ticarət mərkəzi

İƏİT-in yuxarıda qeyd olunan araşdırmasına görə, texnologiyaların ötürülməsi və tətbiqi bütün istiqamətlər üzrə bir neçə əlaqəli kanallar, o cümlədən tədarükçülər vasitəsilə həyata keçirilir ki, bu da texnologiyaların ardıcıl surətdə bütün bazara yayılmasına şərait yaradır.

Bundan başqa, təşkilatın ekspertləri vurğulayırlar ki, xarici investisiyalar ekoloji və sosial şəraitin yaxşılaşmasına kömək edə bilər, bu isə həm də ekoloji cəhətdən daha təmiz texnologiyaların tətbiqi hesabına mümkün olur. Bütün bunlar şirkətin sosial baxımdan daha məsuliyyətli siyasət yürütməsinə şərait yaradır.

Bu məqamlar bütün biznes fəaliyyəti zəncirinin dünya standartlarına və normalarına uyğunlaşdırılmasını tələb edir. Nəticədə, bazar inkişaf dəyişikliklərinə paralel olaraq standartlarla da ayaqlaşmalı olur.

Beləliklə, təsir təkcə konkret şirkətin biznesinin və ya iqtisadiyyatın müvafiq sektorunun inkişafına deyil, həm də digər əlaqəli seqmentlərə və əlbəttə ki, bütün iqtisadiyyatın təkmilləşməsinə səbəb olur. Çünki öz üzərində daim çalışmaq, o cümlədən yeni məhsulların və xidmətlərin, avadanlıqların, qabaqcıl texnologiyaların və nou-haunun tətbiqi baxımından işləmək digər bazar iştirakçılarının çatmağa çalışdığı plankanı üstələməyə imkan verir.

Əldə olunmuş nailiyyətlərlə kifayətlənməmək

Hazırda Azərbaycan hökuməti əvvəlki kimi iqtisadiyyatın şaxələndirilməsinə köklənib. Bu səbəbdən hökumətin qarşısında duran prioritet vəzifələrdən biri qeyri-neft sektoruna daha böyük xarici investisiya axınının təmin edilməsidir.

“Xarici şirkətlərin ölkə iqtisadiyyatında təmsil olunmasından maksimum qazanc əldə etmək üçün ən vacib məsələ sağlam, münbit işgüzar mühitin olmasıdır. Bu, həm daxili, həm də xarici investisiyaları, innovasiyaların tətbiqini və bacarıqların təkmilləşdirilməsini stimullaşdırır, şirkətlər arasında rəqabətin artmasına öz töhfəsini verir”, - İƏİT-in araşdırmasında qeyd olunur.

Deyə bilərik ki, 30 il ərzində Azərbaycan bu sahədə böyük nailiyyətlər əldə edib.

Beynəlxalq reytinqlər, o cümlədən Dünya Bankının məlumatları bunu bir daha sübut edir. “Doing Business”in 2020-ci il üzrə hesabatında Azərbaycan dünyanın 191 ölkəsi arasında 28-ci yeri tutmaqla yanaşı yenidən ən islahatçı ölkələr sırasında ilk 10-luğa daxil olub.

Aşkar tərəqqiyə baxmayaraq, dövlətimiz biznes mühitinin təkmilləşdirilməsinə və xarici investisiyaların cəlb edilməsi üçün münbit şəraitin yaradılmasına yönəlmiş islahatları davam etdirir.

Bütün bunlar investorların özlərini maksimum rahat hiss etməsi və milli iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verməyə davam etməsi üçündür.

Arayış: Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə iqtisadiyyatına yatırılan ümumi investisiya həcmi 280 milyard ABŞ dollarıdır. Bu məbləğin təxminən yarısını xarici investisiyalar təşkil edir.

İqtisadi ekspertlərin fikri yekdildir: yaxın gələcəkdə Azərbaycanın iqtisadiyyatına xarici kapital qoyuluşları artmaqda davam edəcək. Buna hökumətin qeyri-neft sektorunun inkişafı istiqamətində gələcək addımları və bunun nəticəsi olaraq, xarici şirkətlərin müxtəlif layihələrdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə iştirak imkanı qazanması öz töhfəsini verəcək.

Beləliklə, Azərbaycan dünya iqtisadiyyatına daha sıx inteqrasiya olacaq və regionun aparıcı gücü kimi mövqeyini möhkəmləndirəcək.

Müəllif: Alyona Salayeva

Paylaş:
429

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər