“Bu təlimlər Azərbaycan və Türkiyəyə qarşı düşmən münasibətdə dayananlar üçün çağırışdır” - ŞƏRH
“Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik münasibətləridir”.
Bunu Azərbaycan Milli Məclisinin deputatı Elman Nəsirov 1news.az-a Azərbaycan-Türkiyə birgə taktiki təliminin əhəmiyyəti bağlı açıqlamasında söyləyib:
“Biz 15 iyun tarixli Şuşa Bəyannaməsinin imzalanması ilə onsuz da de-fakto olan müttəfiqlik münasibətlərimizin de-yure-hüquqi baxımdan da ən yüksək zivəyə qaldırmışıq. Strateji müttəfiqlik münasibətləri bütün sferalarda əməkdaşlıq və qarşılıqlı dəstək ifadə edən münasibətlərdir. Həmin müttəfiqlik münasibətlərinin fəlsəfəsindən və onun mahiyyətindən irəli gələrək Azərbaycan və Türkiyə dövlətləri dost, qardaş dövlətlər, həm də hərbi-texniki əməkdaşlıq məsələləri sahəsində də münasibətləri ən yüksək səviyyəyə qaldırıblar və hərbi-texniki əməkdaşlıq məsələləri eyni zamanda birgə hərbi təlimlərin keçirilməsini özündə ehtiva edib. Belə hərbi təlimlərin keçirilməsi heç bir halda üçüncü dövlətə bağlı deyil. Bu cür hərbi təlimlər hər iki dövlətin ordularının daha da güclənməsi və onların koordinasiya olunmuş fəaliyyəti üçün olduqca böyük əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycan silahlı qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev bir neçə dəfə çıxışlarında söyləyib ki, Türk ordusu Azərbaycan ordusudur, Azərbaycan ordusu Türk ordusudur".
"Bu gün Türkiyə ordusu NATO-da ikinci böyük ordudur" - deyə, deputat əlavə edib:
"Azərbaycan da dünyanın ən güclü orduları sırasındadır. Bu iki müttəfiq dövlət ordularının əlaqələndirilmiş, koordinasiya olunmuş fəaliyyəti, heç şübhəsiz ki, ilk növbədə regionda sülhə, təhlükəsizliyə, əmin-amanlığa xidmət edir və regionda mövcud təhdidlərin qarşısının alınması və yarana bilməsi ehtimal olunan təhdidlər içərisində önləyici addım kimi qiymətləndirilə bilər".
Hesab edirəm ki, bu birgə hərbi təlimlərin keçirilməsi həm Azərbaycana, həm də Türkiyəyə qarşı düşmən münasibətdə dayanan müəyyən siyasi dairələr və dövlətlər üçün bir çağırışdır. Onlar papaqlarını qarşılarına qoyub düşünməlidirlər ki, Azərbaycan güclü dövlətdir və yanında Türkiyə kimi müttəfiqi var. Bu reallıqdır və bu reallığı dünyada qəbul edir və həm də anti-Azərbaycan, anti-Türkiyə dairələri də reallığı qəbul edib bundan nəticə çıxarmalıdır. Bu təlimlər önəmli xarakter kəsb edir. Bundan sonra da belə tədbirlər olacaq və Türkiyənin Müdafiə naziri ilə yüksək rütbəli zabitlərin Azərbaycana səfəri, birgə təlimləri izləməsi bizim dostluğumuzun və qardaşlığımızın müttəfiqlik münasibətlərimizin növbəti dəfə bir təzahürü kimi qiymətləndirilə bilər”.
Qeyd edək ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin digər rəhbər heyəti ölkəmizdə keçirilən birgə təlimləri izləmək məqsədilə bugün Azərbaycana səfər edəcək.