Qarabağın tacı və hərbi-strateji əhəmiyyətə malik qədim şəhər - Şuşa - VİDEO
Dəniz səviyyəsindən 1500-1600 metr hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan Şuşa şəhəri (Şuşa qalası - Pənahabad) şimalda Xankəndi şəhəri, şərqdə və cənub-şərqdə Xocavənd, qərbdə və cənub-qərbdə Laçın rayonları ilə həmsərhəddir. Cənub tərəfdən, Kirs dağından Şuşaya nəzər saldıqda, cənub-şərqdən şəhəri sıldırım qayalı dərə əhatə edir, bu da Şuşanın tarixən strateji əhəmiyyətli bir qala-şəhər oluduğunu göstərir.
1news.az xəbər verir ki, bu sözləriAzərtac-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.
O bildirib ki, Qarabağda aparılan kompleks arxeoloji tədqiqatlar nəticəsində uzaq keçmişimizə aid zəngin maddi-mədəniyyət nümunələri aşkar olunub. 1971-1975-ci illərdə professor M.Hüseynovun rəhbərliyi altında Mil-Qarabağ arxeoloji ekspedisiyası Qarabağın dağlıq hissəsində paleolit düşərgələrini aşkar etmək məqsədilə arxeoloji tədqiqat işləri aparıb. Nəticədə Şuşa şəhəri yaxınlığında, Cıdır düzünün aşağı hissəsində paleolit mədəniyyətinə aid qədim insan düşərgəsi aşkar olunub. Paleolit mədəniyyətinə aid daş məmulatı içərisində 4 ədəd kobud çapma aləti, 5 ədəd qaşov tipli alət, 2 ədəd mustye və levallua itiucluları və 6 ədəd qəlpə tapılıb. Düşərgənin daş məmulatı içərisində 7 ədəd istehsal tullantısı da qeydə alınıb. Bu isə düşərgənin qədim sakinlərinin əmək alətlərini mağarada hazırladıqlarını göstərir.
Düşərgə Şuşa şəhərinin ərazisində olduğu üçün ona Şuşa mağarası adı verilib. Mağara Daşaltı çayının sol sahilində, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə, çayın müasir yatağından isə 80 metr hündürlükdə yerləşir. Düşərgənin uzunluğu 125, eni 20, hündürlüyü isə 10 metrə bərabərdir. Şuşa mağarasında aparılan tədqiqatlar zamanı çöküntülərdə 5 təbəqə müəyyən olunub. Burada aparılan arxeoloji qazıntılar zamanı daş məmulatı ilə yanaşı, ovlanmış heyvan sümükləri də tapılıb. Bu da düşərgədə yaşayan qədim insanların ovçuluqla məşğul olduqlarını göstərir. Maraqlıdır ki, Şuşa mağarasının qabağında və ətraf ərazilərdə antik dövrə aid qala divarlarının qalıqları da aşkar olunub. Bəzi yazılı tarixi mənbələrdə də Şuşa şəhəri ərazisində qədim insanların yaşamasına dair məlumatlar var.
Elçin Əhmədov Şuşanın təmiz havasından, bulaqlarından və kurort şəhəri kimi tanınmasından da danışıb. Bildirib ki, məşhur klimatoloqlar dəniz səthindən 1403 metr hündürlükdə yerləşən mühüm əhəmiyyətli şəhərin iqlim şəraitini, fauna və florasını dəqiq yoxladıqdan sonra mülayim təbiətli Şuşanın böyük müalicəvi əhəmiyyətli bir şəhər olduğunu söyləyiblər. 1854-cü ildə şəhərdən cənubda, 18 kilometr aralı “Turşsu” deyilən səfalı guşədə mədən suyunun çıxması alimlərin bu mülahizəsini doğruldub. Şuşa havasının təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəri kimi tanınıb. Bu baxımdan, nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa öz səfalı yerləri, istirahət guşələrinə görə məşhur idi.
Keçmiş SSRİ-nin ən ucqar yerlərindən dünyaşöhrətli kurort şəhəri kimi məşhur olan Şuşaya gələn turistlərin ən sevimli məkanlarından biri də əvəzsiz və füsunkar təbiətə malik əfsanəvi Cıdır düzü idi. Cıdır düzünün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu təpələrə “Üçmıx” adı verilib.
Əhalinin və turistlərin əsas istirahət yerlərindən olan Cıdır düzündə XX əsrin 80-ci illərindən may ayında “Xarıbülbül” beynəlxalq mahnı festivalı keçirilirdi. Şuşa dağlarında xüsusi gözəlliyi ilə seçilən, eləcə də Azərbaycanın və dünyanın heç bir yerində bitməyən “Xarıbülbül” adlı çiçək bitir. May-iyun aylarında çiçəkləyir. Bu nadir çiçəyə ən çox Cıdır düzündə, Topxana meşəsində, Üçmıx zirvəsində, dağ yamaclarında, çay kənarlarında rast gəlinir. Bu endemik çiçək həm gözəl, həm də müalicəvidir.
Elçin Əhmədov 44 günlük Vətən müharibəsində Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən də bəhs edib. Bildirib ki, 2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirdi.
Keçən il mayın 12-13-də hər bir azərbaycanlı üçün müqəddəs məkanda, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, bənzərsiz və füsunkar Cıdır düzündə 29 ildən sonra yenidən “Xarıbülbül” musiqi festivalı keçirildi. Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsinə həsr edilmiş möhtəşəm “Xarıbülbül” musiqi festivalı düşmənə, bu müqəddəs şəhərə yad olan ünsürlərə həm də cavab oldu. Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı, Xarıbülbül Qarabağın azadlıq rəmzinə çevrildi.
Şuşa - Qarabağın tacı, Qafqazın sənət məbədi, Şərqin konservatoriyası, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin Vətəni, doğma şəhər, əziz bir torpaq, hərbi-strateji əhəmiyyətli qala və müqəddəs abidədir. Bu baxımdan Şuşanın əsl tarixi simasının, ənənələrinin və qədim mədəni abidələrinin bərpası mühüm əhəmiyyət kəsb edir.
Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri 2021-ci il avqustun 29-30-da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Şuşada bir sıra tədbirlərin keçirildiyini və Şuşa şəhərinin Baş planının təqdim olunduğunu xatırladaq deyib: “Həmçinin dahi Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin məqbərə kompleksinin avqustun 29-da Şuşada muzey-məqbərə təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı oldu, erməni vandalizminə məruz qalmış şairin öz evinin yerindəki büstü də yenidən ucaldıldı. Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional musiqi sənətinin banisi, görkəmli bəstəkar, ictimai xadim Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində bərpa işlərinə başlanılıb. Vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış dahi Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa edilib. 1982-ci ildə ilk dəfə keçirilmiş Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra 2021-ci il avqustun 30-da Heydər Əliyev Fondu tərəfindən ilk dəfə yenidən təşkil olundu”.
Prezident İlham Əliyevin Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq, 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında imzaladığı Sərəncamda deyilir ki, bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. Elçin Əhmədov bildirib ki, Prezident İlham Əliyevin bu il noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışında dediyi kimi, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir. Bəli, Şuşa - Qarabağın tacı, Qafqazın sənət məbədi, Şərqin konservatoriyası, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, doğma şəhər, əziz bir torpaq, hərbi-strateji əhəmiyyətli qala və müqəddəs abidədir. Azərbaycanın tarixən mədəni mərkəzi olmuş bu abidəni dünyanın ən gözəl şəhərlərindən birinə çevirməli və göz bəbəyimiz kimi qorumalıyıq ki, bizim Şuşaya, əziz və doğma şəhərə bir daha kimsə yad gözlə belə baxa bilməsin.