Azərbaycanın ictimai-siyasi və mədəni həyatında Şuşanın görkəmli şəxsiyyətlərinin rolu – Üzeyir Hacıbəyli və Xan Şuşinski - VİDEO | 1news.az | Xəbərlər
Köşə

Azərbaycanın ictimai-siyasi və mədəni həyatında Şuşanın görkəmli şəxsiyyətlərinin rolu – Üzeyir Hacıbəyli və Xan Şuşinski - VİDEO

17:58 - 19 / 12 / 2022
Azərbaycanın ictimai-siyasi və mədəni həyatında Şuşanın görkəmli şəxsiyyətlərinin rolu – Üzeyir Hacıbəyli və Xan Şuşinski - VİDEO

"Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa tanınmış elm, maarif, musiqi və incəsənət xadimlərinin vətəni hesab edilir.

XIX əsrin ikinci yarısında Şuşa şəhər əhalisinin sayı tanınmış alim və sənətkarlar da daxil olmaqla 25 minə çatmışdı. Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər müəllim və s. olmuşdur. Bu böyük ziyalı təbəqəsi Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirməkdə, burada elmi, təhsili və mədəniyyəti inkişaf etdirməkdə çox böyük rol oynamışlar".

1news.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib. Onun qeydlərini təqdim edirik.

Xurşidbanu Natəvan, Molla Pənah Vaqif, Mir Möhsün Nəvvab, Qasım bəy Zakir, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Fatma xanım Kəminə, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Kərim bəy Mehmandarov, Həmidə xanım Cavanşir, Həsənəli xan Qaradaği, Nəriman bəy Nərimanbəyli, Bədəl bəy Bədəlbəyli, Haşım bəy Vəzirov, Əhməd bəy Ağaoğlu, Ceyhun bəy Hacıbəyli, Bəhram bəy Axundov, Sürəyya Ağaoğlu, Səməd bəy Mehmandarov, Fərəc bəy Ağayev, Yaqub Quliyev, Aslan Qaraşarov, Aliyə Rüstəmbəyova və onlarla dünyaşöhrətli xadimin həyatında Şuşa mühitinin mühüm rolu olub.

Şuşa XIX əsrin II yarısından mədəni mərkəzə çevrilmiş və Azərbaycan musiqisinin yüksəlişinə səbəb olmuşdur. Hacı Hüsü, Əbdülbaği Zülalov (Bülbülcan), Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçi oğlu Məhəmməd, Sadıqcan (Mirzə Sadıq), Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Əhməd Ağdamski (Bədəlbəyli), İslam Abdullayev, Məcid Behbudov, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Xan Şuşinski, Qurban Pirimov, Bülbül, Rəşid Behbudov və bir çox başqaları Şuşanın yetirdiyi, eləcə də bütün Yaxın Şərqdə məşhur olan xanəndə və sənətkarlardır.

Azərbaycan professional musiqi sənətinin və milli operanın banisi - Üzeyir Hacıbəyli

Şuşa orada doğulmuş, şöhrətləri bütün dünyaya yayılmış bəstəkarların vətəni kimi də məşhurdur. Belə ki, Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir mərhələnin yaranması milli opera məktəbinin banisi, musiqişünas, pedaqoq Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Azərbaycan professional musiqi sənətinin və milli opera məktəbinin banisi Üzeyir Hacıbəyli 1885-ci ildə anadan olub, Şuşada böyüyüb və təhsil alıb, bir çox alətlərdə ifa etmək bacarıqlarına da yiyələnib. O, Azərbaycan musiqi mədəniyyəti tarixində yeni istiqamət olan milli bəstəkarlıq məktəbinin əsasını qoyub. Üzeyir Hacıbəyli Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda, ilk nümunələrin yaradıcısı kimi tanınmış dahi bəstəkar, ilk azərbaycanlı folklorçu-bəstəkar, həmçinin ilk azərbaycanlı musiqişünas-alimdir. O, həm də publisist, felyetonçu və librettoçu-dramaturq, həmçinin Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı kimi Azərbaycan tarixində və mədəniyyətində dərin iz qoyub. Üzeyir Hacıbəyli öz yaradıcılığında Qərb və Şərq musiqi üslublarını birləşdirərək, Azərbaycan xalq musiqisinin elementlərini klassik Avropa ənənələrinə uyğunlaşdırıb. Bu metoddan istifadə edərək o, 1908-ci ildə dahi Azərbaycan şairi Füzulinin eyniadlı poeması olan “Leyli və Məcnun” əsəri ilə təkcə Azərbaycanda deyil, bütün Şərqdə opera sənətinin əsasını qoyub. Üzeyir Hacıbəyli 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan", "Rüstəm və Söhrab", "Şah Abbas və Xurşidbanu", "Əsli və Kərəm", "Harun və Leyli" muğam operalarını bəstələmişdir. Onun "O olmasın, bu olsun", "Ər və arvad", "Arşın mal alan" musiqili komediyaları müxtəlif dillərə tərcümə edilmiş və xarici ölkələrdə sevilə-sevilə baxılan əsərlərdəndir. Üzeyir Hacıbəyli 1931-ci ildə Azərbaycanda ilk notlu çalğı alətləri orkestri təşkil etmiş və dirijoru da məhz özü olub. Dahi bəstəkarın ən tanınmış əsəri 1936-cı ildə yazılmış “Koroğlu” operası hesab olunur. Ümumilikdə, o, 7 opera və 3 operetta yazmışdır. Bundan əlavə, Azərbaycan opera məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyli “Sənsiz” və “Sevgili canan” kimi əsərlər yaradaraq “romans-qəzəl” adlı kamera vokal musiqisində yeni janrın da təməlini qoyub.

Üzeyir Hacıbəyli dahi bəstəkar, Azərbaycan opera musiqisinin banisi olmaqla yanaşı, istedadlı publisist və ictimai-siyasi xadim kimi də tanınıb. Çoxşaxəli fəaliyyətinin bir istiqaməti də heç şübhəsiz, onun publisistik yaradıcılığı ilə bağlıdır. Onun “Azərbaycan”, “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni İqbal” qəzetlərində və “Molla Nəsrəddin” jurnalında 700-ə yayın məqalə, felyeton və satirik miniatürləri dərc olunub. O, yazılarını bu imzalarla çap etdirirdi: “Hacıbəyli Üzeyir”, “Üzeyir”, Ü.Hacıbəyli”, “Behmənkəs”, “Lal uşaq”, “Bisavad”, “Musiqiçi”. Üzeyir Hacıbəyli “Ordan-burdan”, “O yan, bu yan” başlıqları altında olan felyetonlarına “Filankəs” imzası qoymuşdu. Onun mətbu fəaliyyətinin böyük dövrü məhz “Molla Nəsrəddin” jurnalı ilə bağlı olub, publisist yazılarını daha çox “Ordan-burdan” başlığı altında dərc etdirməklə xalqın problemlərini, xüsusən satiranın dili ilə geniş ictimaiyyətə çatdırmağa çalışıb. Üzeyir Hacıbəylinin üç kitabı nəşr edilib: “Hesab məsələləri” (1908), “Türk-Rusi və Rusi-Türk lüğəti” (1907), “Azərbaycan xalq musiqisinin əsasları”(1945). O, Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib, məktəbdə rus dili, hesab, tarix və musiqidən dərs deyib, ilk yazılarını məhz Cəbrayıl qəzasından “Kaspi” qəzetinə göndərib.

1905-ci ildə Bakıya gələrək Bibiheybət neft rayonunda fəhlələrin uşaqları üçün nəzərdə tutulan məktəbdə çalışıb. 1918-1920-ci illər ərzində Üzeyir Hacıbəyli kiçik qardaşı, ictimai xadim, yazıçı, jurnalist və tarixçi Ceyhun Hacıbəyli ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında fəal iştirak edib. O, “Azərbaycan” qəzetində ilk müstəqil dövlətimizin – Şərqdə demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini geniş təbliğ edib. “İstiqlaliyyət”, “Vəzifəmiz nədir”, “Cümhuriyyət”, “Parlament”, “Qarabağ haqqında”, “Ordumuz”, “Bir yaş”, “Bayrağımız sarsılmaz” və digər mühüm məqalələri dərc olunub. Üzeyir Hacıbəyli 1918-ci ildə Azərbaycanın Dövlət Himnini bəstələyib, sovet dövründə Azərbaycan SSR-in yeni himninin sözlərini və musiqisini yazıb, sonrakı illərdə onun təşəbbüsü ilə yaradılan Bakı Musiqi Kollecinə rəhbərlik edib. Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi olmaqla yanaşı, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945), professor (1940), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri (1938-1948) olub. Onun Şuşada və Bakıda ev-muzeyləri açılıb, heykəlləri ucaldılıb. Azərbaycan Dövlət Konservatoriyasına (Bakı Musiqi Akademiyası), Azərbaycan Dövlət Simfonik Orkestrinə onun adı verilib. Hər il Azərbaycanda Üzeyir Hacıbəylinin anadan olduğu gün – 18 sentyabr “Musiqi günü” kimi qeyd edilir. Onun bütün əsərləri çap olunub və UNESCO-nun qərarı ilə 100, 110, 120 illik yubileyi beynəlxalq miqyasda keçirilib.

Azərbaycan muğam sənətinin xanı - Xan Şuşinski

Azərbaycan milli musiqi sənətinin nümayəndəsi Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşir) 1901-ci ildə Şuşada anadan olub. Qarabağın qədim Cavanşirlər soyunun nümayəndəsi olan gənc İsfəndiyar Aslan oğlu 16 yaşında ikən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə “Kürd-Şahnaz” muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona “Xan Şuşinski” adını verib. Xan Şuşinskinin bir xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük rolu olub. Onun repertuarında muğamlarla yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub.

Xan Şuşinskinin Azərbaycan Dövlət Filarmoniyasının solisti olana kimi Qarabağın musiqi həyatında müstəsna xidmətləri olub. O, 1929-cu ildə Ağdamda yerli musiqiçilərdən ibarət Xalq Çalğı Alətləri Ansamblı yaradıb. Bununla yanaşı, 1938-1939-cu illərdə Xan Şuşinski Ağdam Müəllimlər Evində muğam sinfi açıb. 1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Cənubi Qafqaz xalqlarının birinci incəsənət olimpiadasında böyük müvəffəqiyyət qazanaraq birinci mükafata layiq görülmüş, o cümlədən əsl yaradıcı sənətkar kimi Azərbaycan milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirib. Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət edib. 1939-cu ildən 1971-ci ilə kimi Xan Şuşinski Bakıda, Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib. O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində, eyni zamanda Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində müəllimliklə də məşğul olub. 1973-cü ildə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində xanəndəlik sinfində dərs deməyə başlayıb və ömrünün sonuna kimi pedaqoji sahədə çalışıb.

Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməmiş, həmçinin Üzeyir Hacıbəyli də xanəndənin ifasında mahnıları, xüsusilə “Qaragöz”ü dinləməkdən zövq alırmış. O, bir sıra ölkələrdə qastrol səfərlərində olub və öz istedadı ilə Azərbaycanı ləyaqətlə təmsil edib. Xan Şuşinski 1979-cu ildə vəfat edib.

Şuşanın əsl tarixi siması və memarlıq abidələri bərpa edilir

2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə ən şanlı gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gündə aparılan uğurlu əks-hücum əməliyyatları sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirdi.

Şuşa - Qarabağın tacı, Qafqazın sənət məbədi, Şərqin konservatoriyası, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, doğma şəhər, əziz bir torpaq, hərbi-strateji əhəmiyyətli qala və müqəddəs abidədir. Bu baxımdan, Şuşanın əsl tarixi simasının, ənənələrinin və qədim mədəni abidələrinin bərpası mühüm əhəmiyyət kəsb edir.

Şuşa işğaldan azad edildikdən dərhal sonra şəhərin bərpası istiqamətində işlərə başlanıldı. Mədəniyyət paytaxtımızda tikinti-quruculuq işləri dövlətimizin başçısının tapşırığına uyğun olaraq şəhərin tarixi memarlıq xüsusiyyətlərinə uyğun həyata keçirilir.

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ev-muzeyi 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı erməni vandalizminə məruz qalaraq digər abidələr kimi dağıdılmışdı. Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyi münasibətilə 1985-cil ildə Şuşada, dahi bəstəkarın doğulduğu evin qarşısında, Xurşidbanu Natəvanın bağında qoyulmuş monumental abidəsi də erməni işğalçıları tərəfindən məhv edilmişdi.

Keçən il avqustun 29-30-da Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Şuşada bir sıra tədbirlər keçirildi və Şuşa şəhərinin Baş planı təqdim olundu. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva səfər zamanı Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlərlə tanış olub, bəstəkarın bürüncdən hazırlanan heykəlinin açılışında iştirak ediblər.

Ötən il sentyabrın 18-də ilk dəfə Şuşada Milli Musiqi Günü çərçivəsində Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konserti keçirildi. Hər il dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ad günündə qeyd olunan bu tədbir Şuşada, onun heykəlinin ucaldığı parkda təşkil edildi.

Paylaş:
4649

Son xəbərlər

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHIBu gün, 09:11OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat aləti03 / 12 / 2024, 21:34Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyasına başlanılıb - ŞƏRTLƏR03 / 12 / 2024, 18:41Azərbaycan və İran XİN rəhbərləri görüşüb, əməkdaşlığın inkişafı müzakirə edilib - FOTO - YENİLƏNİB03 / 12 / 2024, 17:59
Bütün xəbərlər