Xocalı şahidi: “Hələ də qardaşımın ölü ya da diri olduğunu bilmirik”
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.
Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur.
Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.
Bu qırğının nəticəsində 613 nəfər həlak olub.
Xocalı faciəsinin şahidlərindən biri olan İbrahim Həsənov 1news.az-la xatirələrini bölüşüb. Onun 11 yaşı olanda erməni cinayətkarları Xocalıya hücum edib, dinc sakinləri qətlə yetirib. Həmin vaxt İbrahimin atası Ramil Həsənov doğma yurd-yuvasını qorumaq üçün özünümüdafiə batalyonunda xidmət edib. Qardaşı Mehdi Həsənov isə həmin vaxt Bakıda universitetdə təhsil alırdı. O, Xocalıda baş verən hadisələri eşidən zaman Xocalıya qayıdıb. Ermənilər Ramil Həsənovu qətlə yetirib, Mehdi Həsənov isə itkin düşüb:
“Xocalı Soyqırımı törədilən zaman mən 11 yaşında idim. Biz Xocalının elə yerində yaşayırdıq ki, həmin yer hər tərəfdən ermənilərlə əhatə olunmuşdu. Onlar bizə tez-tez “çıxıb getməsəniz buradan, sizi öldürəcəyik” deyirdilər. Biz də düşünmürdük bu gerçək olar. Lakin fevralın 25-dən 26-sına keçən gecə çox dəhşətli idi. Təsəvvür edin bir azyaşlının gözü qarşısında valideynlərini, qardaş, bacısını, sinif yoldaşlarını öldürürlər. Həmin gecə atışma başladı, bizə dedilər Xocalıdan çıxmaq lazımdır. Qarqar çayını keçib, 3 gün meşədə qaldıq. Heç unutmaram həmin gün möhkəm qar yağırdı. Elə o gün qardaşım və atamı ermənilər güllələyib öldürdülər. Dayımı da əsir götürdülər. Güllələr göydən qarla bərabər yağırdı. Kimin bəxti gətirirdisə, güllə ona dəymirdi. Sonra bibim həyat yoldaşı və qızı ilə birgə əsir götürüldü. Bizim hələ də onlardan xəbərimiz yoxdur. Çox axtardıq anamla birgə, bəzi itkin qohumlarımız haqda məlumatımız var. Bilirik ki, onlar həlak olublar. Bəziləri haqqında 31 il keçsə də xəbərimiz yoxdur. Heç unutmaram bir azyaşlı uşağın gözləri qarşısında anasını öldürüb ağaca bağladılar. Onu da qeyd edim ki, erməni əsgərlər və hərbçilər ölülərin cəsədindən də əl çəkmirdilər. Onların dərilərini soyurdular, gözlərini çıxarırdılar, meyitləri tanınmaz hala salırdılar. Hansısa cəsədin əlində, boynunda qızıl var idisə, çıxarırdılar. Həmin gecəni xatırlmaq çox çətindir. Deyirlər 613 nəfər öldürülüb. Amma məncə, bu rəqəm daha çoxdur, çünki şəxsən mənim tanıdığım 120 nəfər həmin gün qətlə yetirildi. Hələ də qardaşımın ölü, ya da diri olduğunu bilmirik”.
İ.Həsənov anası ilə birgə ailə fərdlərinin axtarışına çıxdığını da deyib:
“Biz anamla əsir götürülən qohumlarımızı və meyitləri tapmaq üçün Ağdam “Cümə” məscidinə getdik. Orada Xocalıda qətlə yetirilən, başı və bədəni kəsilən, işgəncə verilən, qarlı-şaxtalı havada donmuş şəxslərin meyitləri gətirilmişdi. Məsciddə qohumlarımızdan bibim və onun iki qızının meyitini tapa bildik. Xocalıda hər kəs kompakt şəkildə yaşayırdı. Demək olar ki, hamı bir-biri ilə qohum idi. Düşünürəm ki, Xocalıda ən çox bizim qohumların başına dəhşətli faciələr gətirilib”.
İbrahim Həsənov deyir ki, ermənilər qarşısına çıxan hər kəsi qətlə yetirirdilər:
“Yadımdadır, özünümüdafiə batalyonu Xocalıda döyüşürdü. Həmin gün digər sakinlər kimi Xocalını tərk edəndə meşəlik ərazilərlə Ağdam istiqamətinə irəlilədik. Yolda Azərbaycan dilində danışan ermənilər bizim qabağımızı kəsib aldatdılar ki, guya kömək edəcəklər. Onlar baxmırdı ki, bu uşaqdır, qadındır, qocadır. Kim qabağına keçirdirsə, acımadan öldürürdü. Hətta kimin ağızında qızıl dişləri var idisə, çıxardırdılar. Əsir götürdükləri şəxsləri də işgəncə verə-verə qətlə yetirirdilər. Biz bu vandalizmi görüb, şahidi olduq. Uşaq ikən bu dəhşətli hadisə bizə psixoloji cəhətdən çox təsir etdi. Bir sözlə ailəm və qohumlarım erməni vandalizminin qurbanları oldu... Məni və mənim kimi bütün azyaşlıları psixoloji yardım üçün 3 ay Almaniyaya apardılar. Lakin bunun ailə üzvləri gözü qarşısında qətlə yetirilən uşaqlar üçün heç bir faydası yox idi.
Hələ də həmin hadisələrdən danışanda özümü yaxşı hiss etmirəm, çox ağırdır. Bu, Azərbaycan xalqının başına gətirilən ən böyük faciə idi”.
Xocalı şahidi bildirir ki, Vətən Müharibəsi zamanı torpaqlarımız işğaldan azad olunan zaman onlar üçün bu böyük təsəlli və qürur hissi oldu:
“Hələ Xocalıya gedə bilməsək də, inanırıq ki, tezliklə 31 il öncə məcburi çıxarıldığımız yurdumuza geri dönəcəyik”.
Allahdan Xocalıda həlak olan soydaşlarımıza rəhmət, yaxınlarına səbr diləyirik!