Prezident: Birgə layihələr Bolqarıstana Azərbaycan qazı üçün tranzit ölkəyə çevrilmək imkanı yaradıb
Bolqarıstanla hazırkı əməkdaşlığımızın əsas mövzularından biri enerji sahəsinə aiddir.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanovun etimadnaməsini qəbul edərkən bildirib.
Azərbaycan dövlət başçısı Cənub Qaz Dəhlizi layihəsinin önəminə toxunub, enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində ölkələrimizin uzun illər bundan sonra da yaxın tərəfdaş olacaqlarına ümidvar olduğunu qeyd edib.
Prezident İlham Əliyev, eyni zamanda, birgə layihələrin həyata keçirilməsinin Bolqarıstana Azərbaycan qazı üçün tranzit ölkəyə çevrilmək imkanı yaratdığını qeyd edib.
Azərbaycan Prezidenti enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əməkdaşlığın inkişafı üçün potensialın olduğunu bildirib, ticarət dövriyyəsinin artırılması üçün səylərin göstərilməsinin vacibliyini vurğulayıb.