Baş nazir Albaniya Prezidenti ilə görüşüb
Baş nazir Əli Əsədov martın 13-də ölkəmizdə səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.
Nazirlər Kabinetindən 1news.az-a verilən xəbərə görə, görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb, Albaniya Prezidentinin tədbirin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiyasında iştirakı yüksək qiymətləndirilib.
Prezident İlham Əliyevin ötən ilin noyabr ayında Albaniyaya dövlət səfərinin iki ölkə arasında əlaqələrin inkişafı baxımından tarixi önəmi qeyd edilib.
Azərbaycan-Albaniya əməkdaşlığının bir çox sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, iqtisadi-ticarət, investisiyaların təşviqi, enerji, kənd təsərrüfatı, humanitar və digər istiqamətlərdə əlaqələrin perspektivləri müzakirə edilib.