“Övlad yetişdirmək ona hər doğum günündə “party” etmək deyil” - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

“Övlad yetişdirmək ona hər doğum günündə “party” etmək deyil” - MÜSAHİBƏ

Aynurə Xudaverdiyeva11:40 - 26 / 05 / 2023
“Övlad yetişdirmək ona hər doğum günündə “party” etmək deyil” - MÜSAHİBƏ

Bir zamanlar böyük dinləyici kütləsi toplayan keçmiş “H.O.S.T.” qrupunun “AiD” ləqəbi ilə məşhurlaşan üzvü, tanınmış musiqiçi Orxan Zeynallı 1news.az-a müsahibə verib.

O, söhbət əsnasında konsertlərindən, cəmiyyətdən, ümumi sənət fəaliyyətindən bəhs edib:

Sözügedən müsahibəni təqdim edirik:

- AiD yoxsa Orxan Zeynallı? AiD ilə Orxan arasında nə kimi fərqlər var?

- Artıq uzun müddətdir ki, Orxan Zeynallı olaraq çıxış edirəm. AiD 2007-ci ildə “H.O.S.T.” qrupu yarananda özümə seçdiyim ləqəb idi. 2012-ci ildə “H.O.S.T.” qrupu fəaliyyətini dayandırdıqdan sonra bir müddət keçdi və mən AiD ləqəbini tarixə qovuşdurdum. Bütün mahnılarım, konsertlərim, albomlarım Orxan Zeynallı adı ilə çıxır. AiD-lə Orxan Zeynallı arasındakı fərq 2007-ci ildə ilk trekləri yazanda orada bir obraz axtarışında idim. Musiqilərə hansı formada, hansı bucaqdan yaxınlaşacam axtarışları idi. Bu axtarışlarda gənclik və yeniyetməlik maksimalizmi var idi. Bu da “H.O.S.T.” dövrünə təsadüf edirdi. AiD ləqəbi də mistik məna daşıdığı üçün o zamanlar elə yerinə də düşürdü. Sonradan artıq tam olaraq solo kariyeraya başlayanda düşündüm ki, AiD ləqəbi istəklərimə tam da düz gəlmir. Fikirləşdim ki, heç ləqəbə ehtiyac yoxdur, elə öz ad soyadımla çıxış edim.

Daha ətraflı videoreportajda:

- Elə sonuncu konsertlərinizdən danışaq. Bu dəfə uzun ara vermədən yenidən konsert verdiniz. Belə başa düşək ki, siz tez-tez konsertlər verəcəksiniz?

- Noyabr ayındakı konsertlər var idi ki, onlar planlı şəkildə hazırlanmamışdı. Sentyabrda Bakıya gəldim. Birdən oktyabr ayında belə qərar verdik ki, konsert edək. O da gözlədiyimizdən qat-qat maraqla qarşılandı. Sonuncu konsertə isə biz aylardı hazırlaşırdıq. Noyabr ayındakı konsertlərdən bu yana sonuncu konsertlərin hazırlığı gedirdi. Bundan sonra nə olacaq dəqiq deyə bilmərəm. Məqsədim mütəmadi konsert vermək yox, yaxşı konsert verməkdir. Nə vaxt özümü yenidən hazır hiss etsəm, nə zaman həm özüm, həm də kütlə buna hazır olsa, yenidən konsert verəcəyəm. Bu 6 ay, 1 il, 2 il sonra olacaq, bilmirəm. Sadəcə bu 7 ayda biz toplamda 11-12 min bilet satmışıq. Bu onu göstərdi ki, sadiq dinləyicilər var. Mən onların ümidlərini doğrultmalıyam, çıxıb səhnəyə mahnı oxumaq kifayət etmir. Daha böyük işlər görmək lazımdır.

- AiD cəmiyyəti dəyişməyə çalışdı, bəs cəmiyyət AiD-də nələri dəyişdi?

- 17-18 yaşda çox insanda cəmiyyəti dəyişmək, insanları dəyişmək kimi ideyalar olur. Amma getdikcə başa düşürsən ki, dəyişməli olduğun və inkişaf etdirməli olduğun özünsən və bu da əvvəllər düşündüyün qədər asan proses deyilmiş. Çalışıram ki, cəmiyyət məni heç bir formada dəyişməsin. O cəhətdən özümə çox ciddi sərhədlər qoymuşam. Tanınmışlıq, uğur məni heç biri yaşatmır. Böyük konsertlərdən sonra normal, standart həyatıma geri dönürəm. Bu da həm də o deməkdir ki, sabah hansısa bir uğursuzluq olsa, mən ruhdan düşməyəcəm.

- Sizcə, ata ilə övlad arasındakı münasibət necə olmalıdır? Azərbaycanda ataların bir çoxu övladlarını sıxır, onların gələcək həyatlarına ciddi şəkildə müdaxilə edirlər. Siz də tez-tez mahnılarınızda atalar haqqında mövzulara da toxunursunuz..

- Ata və övlad arasındakı münasibətlərin açılışı mənim üçün Amerikada yaşayan zamanlar baş verdi. Ətrafımda pis valideynlərlə böyüyən insanlar var idi. Həmişə düşünmüşəm ki, bu baxımdan şanslıyam, çünki atam və anam məni hər zaman çox istəyib. Ola bilsin ki, mən valideynlərimlə çox da yaxın dostluq əlaqələrində olmamışam, bu da xarakterə bağlı bir şeydir. Amerikaya getdikdən sonra anladım ki, bizdə valideynliklə bağlı Sovetdən qalma bir təfəkkür var idi ki, övladımın yeməyi olsun, əyni-başı təmiz olsun, harasa gedib oxusun, necə deyim, daha bəsit məsələlər üzərində idi. Mənəvi olaraq sən özünü necə hiss edirsən, sıxıntın varmı filan belə söhbətlər valideynlər və övladlar arasında olmur. Ata-oğul başqa cığırdır, ana-oğul tamam başqa. Başa düşürsən ki, bizdə bunlar olmayıb. Bu təkcə məndə belə olmayıb. Məktəbdə oxuyan vaxt 15-16 yaşımda futbol oynamaq bizim həyatımızdakı ən yaxşı anlardan biri idi, lakin heç kimin valideyni həmin futbolda iştirak etmirdi. Amma bu Amerikada belə deyil. 7 yaşlı uşaq gedir beysbol oynayır, heç taxtanı əlində tuta bilmir, amma valideyni onu dəstəkləyir. Bizdə isə bu belə deyil, xora gedirsənsə, “sən müğənni olmayacaqsan”,- deyib, “get hüquqşünas ol”,- deyirlər. Övlad yetişdirmək ona hər doğum günündə “party” etmək deyil.

-Uzun müddət ABŞ-da yaşamısınız. Oradakı cəmiyyətlə Azərbaycan cəmiyyəti arasında hansı fərqlər var?

- Ən əsas fərq odur ki, orada insanlar öz həyatını yaşayır, bizdə isə başqasının həyatını yaşayırlar. Bu da xoşbəxtliyin qarşısını alır. “Başqasının yerinə utanmaq” ifadəsi ki, var onu hələ də anlaya bilmirəm. Niyə başqasının yerinə utanmalıyam ki? Amerikada kimsə uğur qazanada deyirlər ki, “kaş mən də belə olaydım”. Amma bizdə kimsə uğur qazanada çox insan istəyir ki, uğur qazanan onun səviyyəsinə düşsün.

-Orxan musiqiçi olmasa idi nə olardı?

-Düşünürəm ki, yenə də yaradıcı sferada olardım. Məsələn, prodüsserlik, reklam sferası ola bilərdi. Hər zaman fikirləşmək, yazmaq xoşuma gəlib. Jurnalistikanın özü də daxil olmaqla necəsə bir yaradıcıllıq göstərə biləcəyim sahə ola bilərdi.

- Sonda Azərbaycan gəncinə nə demək istərdiniz?

- Arzularından qorxmasınlar. Daha cəsarətli olsunlar və məğulbiyyətdən, hər hansısa uğursuzluqdan çəkinməyə qətiyyən dəyməz. Həyata bir təpə kimi baxmasınlar. Zirvəyə çıxdıqda bir yol olur, o da aşağı enmək. Həyata bir yol kimi baxsınlar. Hansı ki, orada zirvələr də olur, enişlər də yoxuşlar da.

Foto+Video: Nadir İbrahimli

Paylaş:
5299

Son xəbərlər

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15
Bütün xəbərlər