Avtobus dayanacağında şagirdin vurulması - Ekspert və DYP rəsmisi səbəblərdən və mübarizədən danışdı
Ötən gün Bakı şəhəri Parlament prospektində avtobusdan düşən şagirdin avtomobil tərəfindən vurulması ilə nəticələnən qəza baş verib.
Hadisənin avtobuslar üçün ayrılmış xüsusi cibdə baş verməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Belə ki, bəzi sosial şəbəkə istifadəçiləri hadisədə avtobusu xüsusi cibdə saxlamadığı üçün avtobus sürücüsünü, bəziləri avtobus üçün ayrılan zolağa daxil olduğu minik avtomobilin sürücüsünü, bəziləri isə avtobusdan tələsik düşən və maşın tərəfindən vurulan şagirdi günahkar görür.
Təbii ki, bu məsələdə kimin günahkar olduğunu istintaq orqanları, məhkəmə müəyyənləşdirəcək.
Bəs görəsən ilkin məlumatlara görə, hadisənin baş verməsinə səbəblər nələrdir? Ümumiyyətlə qəzaların, xüsusilə də piyadavurma ilə nəticələnən qəzaların qarşısını almaq üçün hansı işlər görülməlidir?
Məsələ ilə bağlı 1news.az-a danışan nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev belə qəzaların səbəblərini yol infrastrukturunun düzgün qurulması ilə əlaləndirib.
O, deyir ki, hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün avtobus dayancaqları üçün qabarıq ciblərə ehtiyac var.
“Avtobus dayanır və piyada birbaşa səkiyə düşməlidir. Avtobus dayanacağını cib formasında edəndə onsuz da orada heç kim saxlamaq istəmir. Qabarıq ciblər olanda bütün risklər dəyərləndirilir və belə neqativ hallar baş vermir. Mən elə hesab edirəm ki, bütün piyada infrastrukturu təftiş olunmalıdır. Şəhərimizdə mobilliyi təmin edən vasitələrin, təxmini 791 dayancaq nöqtəmiz, 27 metro stansiyamız , 14 şəhərətrafı qatar stansiyamız var, bu dayanacaqlara, metro stansiyalarına gedən yolların vəziyyəti ciddi təftiş olunmalıdır. Burada məsələni məsuliyyətsizliyə bağlamaqdan daha çox, ölüm hallarının azaldılması siyasəti konsepsiyasına müraciət etmək daha doğru olar. İnsan səhv edə bilər, o səhvin nəticəsi olaraq insan həyatını itirməsin.Ona görə də burada aparıcı dünya dövlətlərinin şəhərlərinin nümunəsinə baxdıqda görürük ki, qabarıq ciblər bu növ dayanacaqlarda daha uyğundur. Bu həm sürücünün manevr etməsinə rahatlıq yaradır, həm də sərnişin təhlükəsiz şəkildə avtobusdan düşə bilir”.
Ekspert deyib ki, 20 nömrəli məktəbin qarşısında piyadanın vurulması ilə nəticələnən qəza da elə infrastrukturla bağlı məsələdir.
“İnsandı, məktəbə tələsir. Ümumiyyətlə şəhərdə uşaqların qaçması, hərəkət etməsi varsa, biz bunları əsas götürüb infrastrukturumuzu buna uyğun qurmalıyıq. Digər tərəfdən isə, sürücü məktəbin yanından keçirsə, bunu nəzərə almalıdır ki, burada sərnişinlər arasında uşaqlar ola bilər, qaça bilərlər. Amma hərşeyə rəğmən infrastruktur təkmil olmalıdır, bütün səhvlər nəzərə alınmalıdır ki, mümkün qəzalar olmasın. Ona görə də hesab edirəm ki, anti-ciblərin təşkil edilməsi doğru olardı. Biz hər hadisədən nəticə çıxarmalıyıq ki, nəyi düz etməmişik. Şəhər canlı orqanizmdir, burada hansısa həll uğurlu ola bilər, hansısa həllin isə təkmilləşdirilməsinə ehtiyac ola bilər”.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, belə hadisələrin baş verməməsi üçün məktəb ətrafında hərəkət edən sürücülər məktəb ətrafından keçdikləri bilməsi üçün müvafiq yol nişanları olmalıdır.
“Sürücülər də buna uyğun öz ehtiyatlarını almalıdır. Bu hadisə dayanacağın yaxınlığında baş verib, burada sürücülər xüsusilə, o məktəbdə təhsil alan uşaqların valideynləri həmin avtobus dayanacağını zəbt edirlər. İctimai nəqliyyatın dayanacağı və ona yaxın 15 metr məsafəni zəbt edən sürücünü İnzibati xətalar məcəlləsinin 346.2-ci maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə gözləyir. Bu qayda pozuntuları da yol patrul xidməti ilə yanaşı, fevral ayında edilən dəyişikliklərə əsasən xüsusi texniki vasitələrin köməkliyi müəyyən edilir”.
A.Əsgərli qeyd edib ki, hərəkət iştirakçılarının özlərinin yol hərəkət qaydalarına ciddi məsuliyyət göstərməsi lazımdır.
“Yol hərəkəti qaydaları çox qısa zamanda pozulur, ərazidə hansısa bir xoşagəlməz vəziyyətin yaranması an məsələsidir. Ona görə bizim hər zaman çağırışımız ondan ibarətdir ki, hərəkət iştirakçıları məsələlərə məsuliyyətlə yanaşsınlar”.
A.Əsgərlinin sözlərinə görə, ilkin məlumata görə sürücü səhvlərə yol verib.
“Belə ki, ilkin məlumata görə o, ötməni avtobus dayanacağının istiqamətindəki zolaqdan həyata keçirir. Avtobus da digər avtomobillərə görə dayanacağa daxil ola bilmədiyi üçün sağdakı zolaq boş olub, minik avtomobilin sürücüsü də sağdakı zolaqdan ötməni həyata keçirəndə avtobusdan düşən sərnişini vurub”.
“Bu məsələlər bir-biri ilə zəncirvari bağlıdır” – deyə, A.Əsgərli əlavə edib:
“Avtobusun dayanacağı zəbt olunmamalıdır, sürücü şəhər rejimində, xüsusilə məktəb qarşısında idarətməni düzgün qiymətləndirməlidir. Qarşıdan tətil günləri gəlir, valideynlərdən də xahiş edirik ki, tətili təhlükəsiz keçirmək üçün övladlarına nəzarət və diqqəti artırsınlar, sürücülərimiz də diqqətli olsunlar. Yol hərəkəti qaydalarını təhlükəsizlik mədəniyyəti şəklində başa düşmədiyimiz hallarda belə hadisələrin şahidi olacağıq. Belə hadisələrin təkrarlanmaması üçün isə hərkəsi bir daha təhlükəsizlik mədəniyyətini nəzərdən keçirib, həyat tərzinə ciddi yanaşıb qaydalara riayət etməyə çağırırıq”.