Universitetə atılan ilk addımlar - Tələbə adını qazananların adaptasiyası necə olmalıdır? - ŞƏRH

Artıq illərdir ki, Azərbaycanın musiqi xəzinəsində dəyərli bir gövhər yatır.
Sızlar yada düşəndə
Ürəyimin telləri,
O mehriban, o əziz
Tələbəlik illəri...
Elmira Rəhimovanın məlahətli səsi ilə qəlblərimizə yol tapan Cabir Novruz misraları istər universitet həyatı ilə illər öncə vidalaşmış insanların, istər hazırda tələbə adını daşıyanların, istərsə də ürəyi universitetə daxil olmaq arzusu ilə döyünən gənclərin duyğularını ələ alaraq onlara sehrli bir aləmin qapısını açır. Artıq neçə-neçə nəslin tələbəlik himninə çevrilən bu mahnı yeni tədris ilinin başlamasına sayılı günlər qaldığı bir vaxtda da gənc qəlblərin sevinc nidaları olmağa davam edir. Lakin böyük şövqlə başlayan bu yeni mərhələyə öyrəşmək bəzən gənclər üçün çətin və yorucu olur. Bəs tələbə adını qazananların bu mərhələyə adaptasiyası üçün nə etmək lazımdır? Bu prosesdə tələbələrin, valideyn və universitetlərin öhdəsinə hansı məsuliyyət düşür?
Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablandıran təhsil üzrə ekspert Günel Məmmədova qeyd edib ki, universitet həyatı məktəbdən tamamilə fərqli bir mərhələdir.
“Məktəbdə daha çox nəzarət və istiqamətləndirmə var idisə, universitetdə tələbə artıq özünü idarə etməyi, qərar verməyi və məsuliyyət daşımağı öyrənməlidir. Bu, gənclərin həyatında həm ən maraqlı, həm də ən çətin keçid dövrlərindən biridir”.
G.Məmmədova tələbələrə, valideyn və müəllimlərə öz tövsiyələrini verməyi unutmayıb:
“Əvvəlcə tələbələrin özlərinə zaman verməsi çox vacibdir. İlk günlərdə hər kəs çətinlik çəkir, bu, tamamilə təbiidir. Amma onlar bilməlidirlər ki, müəllimlərə sual verməkdən, qrup yoldaşları ilə ünsiyyət qurmaqdan çəkinməsələr, adaptasiya prosesi daha sürətli gedəcək. Ən əsası isə vaxtı düzgün idarə etmək və qarşıya məqsəd qoymağı öyrənməkdir.
Valideynlər də bu mərhələdə mühüm rol oynayır. Məktəb illərindəki kimi övladlarını sıx nəzarətdə saxlamaq yox, daha çox mənəvi dəstək göstərmək lazımdır. Çünki universitet illəri gəncin müstəqil qərar verməyi öyrəndiyi dövrdür və valideynin burada anlayışlı olması çox önəmlidir.
Müəllimlərin isə üzərinə böyük məsuliyyət düşür. Onlar ilk dərslərdən etibarən tələbələri motivasiya etməli, universitetlə məktəb arasındakı fərqləri izah etməli, tələbələri açıq dialoqa təşviq etməlidirlər. Çünki müəllim yalnız bilik ötürən deyil, həm də yol göstərən bir bələdçidir.
Bu məsələdə sistemli yanaşma mövcud olmalıdır. Mənim təklifim odur ki, universitetlərdə ilk kurs tələbələri üçün xüsusi mentor proqramları təşkil olunsun. Yuxarı kurs tələbələrinin və ya müəllimlərin dəstəyi ilə yeni gələn gənclər mühitə daha tez uyğunlaşar, həm dərslərdə, həm də sosial həyatda özlərini daha rahat hiss edərlər”.
“Unutmayaq ki, adaptasiya sadəcə dərs proqramına alışmaq deyil – bu, tələbənin həm akademik, həm sosial, həm də psixoloji baxımdan öz yerini tapması deməkdir”, - deyə o, sözlərinə davam edib:
“Əgər bu mərhələ uğurla keçərsə, növbəti illərdə onların uğurları da daha davamlı və möhkəm olacaq.
Tələbə adını qazanan bütün gəncləri ürəkdən təbrik edirəm. Universitet həyatı onların gələcəyinə açılan yeni və ilhamverici bir yoldur. Yolunuz həmişə açıq olsun!”
Psixoloq Gülnar Orucova isə tələbələri müəllimlərini sevməyə səsləyib:
“Bir psixoloq kimi hər bir tələbəyə uğurlar arzulayıram. Bu yeni addım və mərhələdir. Müəllimlərinə hörmətlə yanaşsınlar. Sovet dövründəki müəllimlər qəddar idi, qiymət kəsir, tələbələri sıxışdırırdılar. Amma hazırkı müəllimlər humanistdirlər. Mən istəyərdim ki, tələbələrə hörmətlə yanaşıldığı kimi tələbələr də öz müəllimlərinə hörmətlə yanaşsın, onları sevsin və nə isə öyrənməyə çalışsın.
Bəzi valideynlər övladlarına müəyyən qədər azadlıq verir, bəziləri isə vermir. Amma bəzi tələbələr elə bilirlər ki, istədiyi hər şeyi edə bilər. Artıq azaddır. Bu düzgün deyil. Valideynlər övladlarına artıq böyüdüyü üçün nəzarəti əldən verməməlidirlər. Uşaq böyüyə və universitetə daxil ola bilər, amma valideynləri qədər təcrübəli ola bilməz. Azadlıqla özbaşınalığı qarışdırmaq olmaz”.
Sonda bütün tələbələrə uğurlar diləyir, onlara həyatlarının bu çətin və bir o qədər də şən-şaqraq dövründə bol-bol mütaliə etməyi, imtahanlarını müvəffəqiyyətlə keçməyi, lakin bütün bu qayğıların içərisində şıltaqlıqlarını da qoruyub saxlamağı arzulayırıq. Çünki 4 il bir göz qırpımındaca ötüb keçəcək. Geriyə boylandıqda isə universitet həyatından qalan yeganə yadigar qazanılan biliklər və şirin xatirələr olacaq. Cabir Novruzun da dediyi kimi:
Qəlbi varlı tələbə,
Özü yoxsul tələbə,
Cibləri boş tələbə,
Qayğısı bol tələbə...
Sənin əziz qədrini
Çox vaxt qara çörəyi
Yavan yeyənlər bilər!
Qışda palto yerinə
Pencək geyənlər bilər!
Sevdiyinin yanına
Bəzən pulsuz gedənlər,
Qayğısız çağlarında
Sadə otaqlarında
Oturub gələcəkdən
Şirin söhbət edənlər...
Bir az adi dolanan
Bir az sadə dolanan
Fəqət sonsuz eşq ilə
Bu həyata inanan
Ürəyi şən tələbə
Çətində də, darda da
Deyən gülən tələbə...