18-25 yaş arasında olan qadınların hamiləliyi daha uğurla başa çatdırılır

Adətən 18-25 yaş arasında olan qadınların hamiləliyi daha uğurla başa çatdırılır.
1news.az xəbər verir ki, bunu mama-ginekoloq Ayna Məmmədrəhimova deyib. Həkim bildirib ki, 18 yaşdan aşağı xanımların hamiləliyi zamanı isə qan-damar sisteminin pozulması, eyni zamanda vaxtından əvvəl doğuşlara daha çox rast gəlinir:
“Yaş həddi 35-dən yuxarı olduğu halda isə genetik pozulmalar və düşüklər daha çox müşahidə edilir”.
Perinatal dövrdəki risklər barədə danışan həkim onu da qeyd edib ki, xroniki xəstəliklərdən əziyyət çəkən xanımlar hamiləlikdən əvvəl müayinə olunmaqla yanaşı müəyyən müalicə prosedurundan keçməlidir.
Həkim bildirib ki, perinatal dövr hamiləlik və ondan sonrakı bir ili əhatə edir.
Hamilə qadınların sağlamlıqları üçün diqqət etməli olduqları məqamlardan danışan həkim bildirib ki, ilk olaraq qidalanmaya diqqət edilməlidir:
“Hamiləlikdən öncə və hamiləliyin ilk 3 trimestrində fol turşusu qəbul edilməldir. Eyni zamanda kalsium çatışmazlığı qadında saç tökülməsi, dişlərin yeyilməsi, ayaqlarında qıcolmalara səbəb ola bilər. Buna görə hamiləliyin ikinci trimestrindən kalsium və qanartırıcı preparatlar qəbul etməlidirlər. Hamiləlikdən sonra da qidalanma və stress faktoruna, yuxu rejiminə diqqət edilməlidir”.