BMT-nin Azərbaycandakı nümayəndəliyi sosial media kampaniyasına başlayır
BMT-nin Azərbaycandakı nümayəndəliyi sosial media kampaniyasına başlayır. Məqsəd qadınların diplomatiya sahəsinə verdiyi önəmli töhfələri vurğulamaq və qərarvermənin bütün səviyyələrində qadınların daha fəal iştirakını təşviq etməkdir.
1news.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı İnformasiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, iyunun 24-ü Diplomatiyada Qadınların Beynəlxalq Günü kimi qeyd olunur. BMT Baş Assambleyası bu günün təsis olunması ilə bağlı Azərbaycanın da həmmüəllif olduğu qətnaməni 2022-ci il iyunun 22-də qəbul edib. BMT-nin Azərbaycandakı nümayəndəliyi bu önəmli günün qeyd olunması üçün sosial media kampaniyasına başlayır. İyunun 30-na kimi keçiriləcək kampaniya çərçivəsində 12 qadın liderin videomüraciəti yayılacaq.
Kampaniyaya BMT-nin Azərbaycandakı ilk qadın rezident əlaqələndiricisi Vladanka Andreevanın müraciəti ilə start verilib.