Tural İsmayılov: “Ermənistanın Qarabağa hərbi texnikalar daşınması Azərbaycanın antiterror əməliyyatlarını zəruri edir”
“Ermənistanın sərhəddə təxribatlar törətməyi bizim üçün təsadüf deyil”.
Bu sözləri 1news.az-a Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, ekspert Tural İsmayılov Ermənistan ordusunun təxribatları ilə bağlı açıqlamasında deyib.
“Çünki Azərbaycan tərəfindən Ermənistana sistematik sülhlə bağlı çağırışlar edilsə də, bu gün Ermənistan sülhdən yayınmağa və bölgədə gərginlik ab-havasının davam etməyinə maraqlı tərəf kimi özünü göstərir. Son dövrlər Qarabağa hərbi texnikaların daşınması isə əlbəttə ki, Azərbaycanın antiterror əməliyyatlarını daha da zəruri edir. Çünki 10 Noyabr Bəyanatının imzalanmağının üzərindən bu qədər müddət keçib, amma bu günə qədər nə rus sülhməramlıları, nə də bu bəyanatın digər bir tərəfi olan Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməyib”.
“Son dövrlər Azərbaycanla Ermənistan sərhədinə Ermənistan tərəfindən hərbi qüvvələrin daşındığını görürük” - deyə, o fikirlərinə davam edib:
“Ermənistanın hərbi aqressivliyinin artması həm də Avropa İttifaqının mülki müşahidə missiyası adı altında Fransa casus şəbəkəsinin Ermənistan ərazilərində peyda olmasından sonra baş verdi. Çünki bu gün Avropa İttifaqı müşahidə missiyası adı altında gələn bu qondarma qurum Ermənistanla yanaşı Azərbaycanla da müəyyən dialoq aparmalıdır. Amma biz görürük ki, bu missiya birtərəfli şəkildə sanki Ermənistan ərazilərində ancaq Azərbaycan əleyhinə açıqlamalar verməklə məşğuldur ki, bu da Azərbaycanın Avropa İttifaqının üçdə biri ilə enerji sahəsindəki strateji partnyorluğuna kifayət qədər həm də təhdid yaradır. O baxımdan hesab edirəm ki, Bu gün Ermənistan ərazilərində Avropa İttifaqının mülki müşahidə missiyası adı altında hansısa xarici ölkə casus şəbəkələrinin Azərbaycan Ermənistan münasibətlərinə hansısa bir passiv töhfə vermə ehtimalları mümkün deyil. Əksinə bu qüvvələr iki ölkə arasındakı gərginliyi daha da artırır”.