“Kimsə bizə beynəlxalq səviyyədə təyziq edə bilməz, çünki Azərbaycanın öz qanunları var” - Deputat
Bu gün səhər saatlarında Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) göndərdiyi yardım Ağdam-Xankəndi yolu vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatdırılması üçün Xankəndiyə yola salınıb və gedəcəyi nöqtəyə problemsiz şəkildə çatıb.
Bu hadisə Azərbaycanın növbəti tarixi qələbəsidir. Bundan sonra da Qarabağa qida və digər zəruri mallar məhz bölgənin tamhüquqlu və suveren sahibi olan Azərbaycanın ərazisindən keçməklə göndəriləcək.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Arzu Nağıyev 1news.az-a açıqlama verib. Millət Vəkilinin sözlərinə görə, bu hadisə ilk növbədə dünyaya bir mesajdır, çünki Azərbaycan ərazisinə daxil olan hər bir yük gömrük və sərhəd prosedurlarını keçməklə hansı məntəqəyə və subyektə çatdırıla bilər, yəni bu birmənalı şəkildə Azərbaycanın qanunudur:
“Rusiya Qırmızı Xaç Cəmiyyətinin Ağdan-Xankəndi yolu ilə göndərdiyi humanitar yardım məhz Azərbaycan ərazisindən keçərək öz son nöqtəsinə çatıb. Bu ilk növbədə dünyaya bir mesajdır ki, Azərbaycan ərazisinə daxil olan hər bir yük gömrük və sərhəd prosedurlarını keçməklə hansı məntəqəyə və subyektə çatdırıla bilər, yəni bu birmənalı şəkildə Azərbaycanın qanunudur. İndi də Ağdam-Xankəndi yolu ilə bu yükün aparılması bütün prosedurlara uyğundur və bu müstəqilliyimizin ən vacib atributlarından biridir. Ən əsası da odur ki, bu yükün daşınması gələcəkdə də davam edə bilər. Laçın yolu ilə daxil olacaq yüklər ikinci bir dövlətin ərazisindən daxil olduğu üçün mütləq şəkildə gömrük və sərhəd prosedurlarını keçməlidir və belə də olacaq. Hər hansısa bir dəhlizdən söhbət gedə bilməz. Yəni kimsə bizə beynəlxalq səviyyədə təyziq edə bilməz, çünki Azərbaycanın öz qanunları var”.
A.Nağıyev həmçinin bildirib ki, biz heç bir beynəlxalq norma və qanunları pozmuruq:
“2020-ci ilin noyabr sazişinə uyğun olaraq ilk növbədə qanunsuz silahlı birləşmələr Azərbaycan ərazisini tərk etməlidir. Bu ərazini tərk edəndə də müxtəlif bəhanələr altında Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin avtomobilləri ilə necə keçməsindən asılı olmayaraq mütləq şəkildə yoxlanılacaqlar. Azərbaycanın daxili və xarici siyasəti var. Bu daxili və xarici siyasətə uyğun olaraq öz müstəqilliyimizi, suverenliyimizi, ərazi bütövlüyümüzü qoruyuruq və belə də olacaq”.
Əlavə məlumat üçün qeyd edək ki, münaqişədən əvvəl də Bakı-Ağdam-Xankəndi-Şuşa avtomobil yolu və Bakı-Ağdam-Xankəndi dəmir yolu xətti Qarabağın inkişafında önəmli rol oynayıb. Münaqişə dövründə dəmir yolu xətti sıradan çıxsa da, hazırda avtomobil yolu ilə gediş-gəliş tamamilə mümkündür. Ona görə də, bundan sonra ermənilərin hər hansı bəhanəsinə yer yoxdur.