Nazir gənclərin Azərbaycan dilində danışa bilmədiyini dedi - Filoloq və ekspertlərdən CAVAB
Hərdənbir mənim xəyalıma bir belə şey gəlir:
Mən universitet, yəni darülfünundan təzə qurtarıb vətənimizə gələn günü şəhərimizin qazisi Axund Molla Səbzəli gəldi bizim evə mənim görüşümə. Evimizdə heş kəs yox idi, anamdan savayı. Bu övrət də çıxdı o biri otağa və qazi ilə biz başladıq söhbəti. Deməyinən yazıq anam da qapının dalında durub qulaq asırdı.
Qazi içəri girən kimi mən qabağa yeridim və dedim: “Salam məleyk”. Cənab qazi mənə cavab verdi: “Ay əssəlamü əleyküm, ay xudahafiz, əhvali-şərif, ənasiri-lətif, maşallah, maşallah əxəvizadə, neçə müddətdi müntəziri-vücudi-zicudunuz və müştaqi-didarınız idim. İnşaallah zati-alinizin məcazi-mübarəkləri salimdir”.
Mən bir şey başa düşməyib dedim: “Da”.
Cənab qazi bir qədər baxdı mənim üzümə və genə başladı: “Əxəvizadə, təhsili-fünununuzu əncama yetiribsiniz, ya dübarə təkmili-nöqsan üçün darülelmə övdət etməlisiniz?”
Mən genə bir şey başa düşməyib dedim ki, cənab axund, yaxşı panimat eləmirəm ki, nə ərz edirsiniz.
Axund soruşdu: “Necə?”
Mən dedim: “Çto?”
Söhbətimiz elə bu cür qurtardı və axund başmaqlarını geyib çıxdı getdi. Anam girdi içəri və mənə dedi: “Balam, mollaynan nə dil danışırdınız ki, mən heç başa düşmədim?”
Dedim: “Ana, mollaynan biz ana dili danışırdıq”. Anam başını saldı aşağa və bir qədər fikrə gedib dedi: “Yazıq ana dili”.
Elm və təhsil naziri Emin Əmrullayevin Bakı Şəhəri təhsil işçilərinin sentyabr konfransı zamanı səsləndirdiyi “Mən anlaya bilmirəm ki, Azərbaycanda yaşayan, Azərbaycan məktəbini bitirən bir adam necə 17 yaşı olandan Azərbaycan dilində danışa bilmir?” fikri adama 1907-ci il 27 yanvar tarixində “Molla Nəsrəddin” jurnalında dərc olunan bu felyetonu xatırladır.
Bəs bu barədə E.Əmrullayev haqlıdırmı? Həqiqətən də, ana dilimizdə doğru-dürüst danışa bilmirikmi? Bunun günahkarı kimdir?
Məsələ ilə bağlı 1news.az-a açıqlama verən BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri Tofiq Hacıyev nazirin ifadəsinin düzgün olmadığını söyləyib:
“Əslində, “Azərbaycan dilində danışa bilmirlər” ifadəsi düzgün deyil. Azərbaycan ədəbi dilində danışa bilmirlər. Bundan əlavə, leksikom çox zəifdir. Gənclərimizin leksikomu uşaqlıqdan tutmuş bu yaşa qədər çox zəifdir. Mənim fikrimcə, ən əsas günah orta məktəblərə düşür. Niyə? Bizim zamanımızda bədii əsərlər, şeirlər oxuyurduq, diksiyamız və lüğət tərkibimiz zənginləşirdi. İndi orta məktəblər çox bərbad vəziyyətdədir. Bunu hamımız bilirik və dəfələrlə deyirik. Birinci, ailə, ikinci, orta məktəb... Ailədə valideyn uşaqla ünsiyyətdə olmur. Telefonu uşağın əlinə verir ki, başını qat, mən də öz işimdə olum. Yəni övladı ilə söhbət etmir. İstənilən milləti götürsək, 3-5 yaşında uşaq ilə elə danışırlar ki, sanki onun yaşdaşıdır. Bu uşağın təfəkkürünün inkişafına bilavasitə təsir göstərən amildir. Tək-tük ailəni çıxmaq şərtilə valideynlər bu işlə məşğul olmurlar. Orta məktəbə gəlincə, müəllimlər demək olar ki, heç bir iş görmürlər. Söhbət bütün müəllimlərdən getmir, amma onların 60-70%-i bu şəkildədir. Bəziləri də repetitorluğa görə dərs keçmir. Uşağın danışıq bacarığının formalaşması orta məktəbdə həyata keçirilir. Mənim nəzərimdə ən böyük günahkar orta məktəbdir. Əgər məktəb uşaqdan hər gün dərs danışmağı tələb etsə, o uşağın nitqi də, təfəkkürü də inkişaf edəcək. Mən həftədə 5-6 roman və çoxlu şeir oxuyurdum. Kitab oxumayanda, danışmayanda dil necə inkişaf etsin? Bunlar orta məktəblə bağlı məsələdir. Əmrullayev gedib məktəbləri qaydaya salsın. Orta məktəbdə müəllimlər işlərini görsünlər. Uşağın ali məktəbə gələnə qədər bir səviyyəsi varsa, o burada inkişaf edir. Yəni ali məktəb korlamır, onu ancaq ailə və orta məktəb korlayır. Ümumiyyətlə, məktəblər uşaqların inkişafı üçün heç bir iş görmür. Bəlkə də, uşaqları dala çəkir. Əsas məsələ budur. Uşaqlar məktəbdə dərs danışmadıqları və müəllimlər ciddi şəkildə dərs tələb etmədikləri üçün dil qabiliyyəti inkişaf etmir. O uşaqlar sonra ali məktəbə gəlirlər. Görürsən ki, cümlənin başı-ayağı yoxdur. Çünki əzbərçidir, dil qabiliyyəti yoxdur. Xırda-xırda çox səbəb demək olar, amma əsas səbəblər bunlardır”.
Təcrübəli dilçi və pedaqoq olan T.Hacıyev sonda problemin həlli ilə bağlı təkliflərini də səsləndirib:
“Birincisi, müəllimlərimiz savadlı olmalıdır. İkinicisi, müəllimlərimizdə vətənpərvərlik və vicdan hissi olmalıdır. Üçüncüsü isə, onlara güclü nəzarət olmalıdır”.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə ekspert Elmin Nuri isə E.Əmrullayevin yanlış anlaşıldığını və onun Azərbaycan dilinin metodiki baxımdan mənimsənilməsini vurğuladığını qeyd edib:
“Bakı Şəhəri təhsil işçilərinin sentyabr konfransında Elm və təhsil naziri Emin Əmrullayevin səsləndirdiyi bəzi fikirlər mediada və sosial şəbəkələrdə birmənalı qarşılanmadı. Ən çox müzakirə və mübahisəyə səbəb olan fikir isə onun Azərbaycan dili ilə bağlı dediyi fikirlər idi. Nazir bildirmişdi ki, ən yüksək bal toplayan abituriyentlər belə bir səhifəlik esse yaza bilmirlər. Əslində, doğru fikirdir. Amma bunu əsaslandırmaq lazımdır. Məsələ dil məsələsi deyil. Azərbaycan vətəndaşı olan hər bir şəxs Azərbaycan dilini gözəl bilir. Burada söhbət Azərbaycan dilini metodiki baxımdan mənimsəməkdən gedir. Azərbaycan dilinin mənimsənilməsi 4 ana xəttdən ibarətdir: dinləyib anlama, danışıq, oxu və yazı. Bunların hər biri şagirdə özünü ifadə etmə qabiliyyətini əxz etməlidir. Bir fənnin də məqsədi budur. Azərbaycan dilinin də 4 məqsədi var. Birinicisi, dinləyib-anlama predmetini şagirdə daha yaxşı öyrətmək və şagird bunu gələcək həyatında tutduğu mövqedən, yiyələndiyi ixtisasdan, olduğu məkandan və zamandan asılı olmayaraq tətbiq etsin. İkincisi, danışıqdır. Bəllidir ki, insanın fikirlərinin gözəl olması ilə yanaşı, onu ifadə etmə funksiyası – nitqi də gözəl olmaldır. Üçüncüsü, oxudur. İnsanın oxuduğunu təhlil etməsi onu bir başqa ifadə qabiliyyətinin göstəricisidir. Dördüncüsü, yazıdır. Üç məzmun xəttindən keçən insan yazı mərhələsində tətbiq etməlidir. Yazı məzmun xəttlərin sonuncu və ana məqsədidir. Nazirin dediyi də budur ki, bir səhifə esse yaza bilmirlər. Bu mənim analizimdir”.
Təhsil eksperti dili mənimsəməyin məzmun xəttləri olduğunu deyib və onların hər birinin önəmindən söz açıb:
“Azərbaycan dilini bilmək deyəndə də bu 4 məzmun xəttindən nə dərəcədə istifadə edilib-edilməməsi nəzərdə tutulur.
Bəs bu məzmun xəttləri bu gün bizim məktəblərdə nə dərəcədə tədris olunur? Dərsliklərimiz buna cavab verirmi? Birincisi, onu deyək ki, bu gün bizim tədris prinsipimiz əsasən qəbul imtahanlarına hazırlıq üzərində qurulub. Biz sanki 11 ona görə oxuyuruq ki, DİM-in bizim üçün təşkil etdiyi 3 saatlıq imtahanda nəsə yazaq və gələk. Hər bir fənnə görə belə ayrıca məzmun xəttləri var. Bunların heç biri heç kəsin yadına düşmür. Məktəb universitetə uşaq hazırlamır. Məktəb həyata uşaq hazırlayır. Məktəb özünü ifadə edə bilən kadr və şəxsiyyət hazırlayır. Onun əsas fəaliyyəti bu olmalıdır. Bizdə isə məktəblər bunu edə bilmir. Bizim məktəb anlayışımız qəbul prosesinin kölgəsində qalıb. Biz tədris deyəndə yalnız universitetə hazırlığı nəzərdə tuturuq. Məzmun xəttləri öz aktuallağını itirir. Bu nəzərə belə alınmır. Nazir bu dəfə Azərbaycan dilini dedi. Riyaziyyatı, fizikanı da deyə bilərdi. Bizim təhsilimiz test amilinin kölgəsində iflic olma səviyyəsinə çatıb. Bizim məktəbimiz getdikcə öz imicini itirir. İmicini itirən məktəb məzmun xəttləri üzərində bir şəxsiyyət yetişdirə bilməz. Problem də bundadır”.
Həmin konfransda iştirak edən Milli Məclisin deputatı Ceyhun Məmmədov nazirin fikirlərini dəstəkləyib və problemin ortaya çıxmasında iki əsas səbəb olduğunu vurğulayıb:
“O tədbirdə mən də iştirak edirdim. Gördüyüm odur ki, nazirlik müəyyən islahatlar həyata keçirməyə və təhsildə müəyyən dəyişikliklər etməyə çalışır. Amma hesab edirəm ki, hələ də zaman təhsildə bizim əleyhimizə işləyir. Biz daha çox çalışmalı, daha çox səy göstərməliyik ki, təhsildəki problemləri aradan qaldıraq. Biz özümüzü günahlandırmağı xoşlamırıq.
Ən böyük günahkar o uşaqların valideynləridir. Təəssüf ki, bəzi valideynlər hələ də öz övladlarına ana dilindən əvvəl rus, ingilis və başqa dilləri öyrətməyə çalışır. Hər bir valideyn ilk olaraq çalışmalıdır ki, ana dilində təhsil alsın. Ümumiyyətlə, Azərbaycan cəmiyyətində rus dilinə və rus dilində təhsilə ifrat dərəcədə meyli də anlaya bilmirəm. Təəssüf ki, bu gün həmin meyil özünü açıq şəkildə göstərir. Əlbəttə, rus və digər xarici dilləri öyrənmək yaxşıdır. Hazırkı informasiya mübadiləsində bizə rus dili lazımdır. Amma ehtiyacı olan-olmayan, özü rus dilində bilən-bilməyən – hamının öz övladını rus dili məktəbinə qoymaq anlaşılan deyil. Hər bir millət çalışır ki, öz övladına xarici dil öyrətsin. Amma ən birinci ana dillərini, sonra isə xarici dilləri öyrədirlər. Bu mənada birinci məsuliyyət ailələrin üzərinə düşür. İkinci məsuliyyəti isə təhsilimiz daşıyır. Orta məktəblərdə elə etməliyik ki, övladlarımız xarici dillə yanaşı, öz dilimizi də yaxşı mənimsəsinlər. Artıq nazirlik bununla bağlı qərarlar qəbul edib. Bir sıra fənnlərin Azərbaycan dilində tədrisi ilə bağlı addımlar atılır. Hesab edirəm ki, bu istiqamətdəki boşluqlar aradan qaldırılmalıdır və biz çalışmalıyıq ki, övladlarımız ilk olaraq doğma dillərini öyrənsinlər.
Əgər bir uşaq orta məktəbə gəlirsə və ana dilində normal danışa bilmirsə, məktəb ona nə etsin? Uşağa danışmağı kim öyrədir? İlk növbədə ailə və valideyn öyrədir, sonra isə məktəb. Ona görə də məsuliyyəti birinci ailə, sonra isə məktəb daşıyır”.
Filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli isə Azərbaycan dili ilə bağlı son illərdə çalınan həyəcan təbilinin reallıqla adekvat olduğunu söyləyib:
“Hesab edirəm ki, bunun birinci səbəbkarı ailədir. Ailə başqa dildə danışanda o uşaqlarda Azərbaycan dili ilə bağlı təsəvvürlər çox qarışıq olur. İkincisi, əlbəttə ki, məktəbdir. Çünki rus bölmələrində də Azərbaycan dili dili tədris olunur. Bu da öz təsirini göstərməlidir. Amma bəzən məktəblərdə bu çox formal dərs kimi keçirilir, tələbkarlıq olmur, imtahan lazım olan səviyyədə aparılmır, testlə sınaqlar formal xarakter daşıyır. Ona görə də belə mənzərə yaranır. Amma indi məktəblərdə Azərbaycan dilinin tədrisi ilə bağlı vəziyyətə diqqət yetirilməsini çox vacib məsələ hesab edirəm. İstənilən dil daşıyıcısı bu ölkənin vətəndaşıdırsa, bu ölkənin dilini bilməlidir. Bunun üçün də xüsusi tələblər qoyulmalıdır. Uşaqdan tutmuş vəzifədə olan məmurlara qədər hər kəs Azərbaycan dilində normal danışmalı və bu dilə sayğı göstərməlidir”.
Əməkdar jurnalist işinin humanitar sahədən uzaq olduğunu və dili mükəmməl danışmağa məcbur olmadığını deyərək özünü müdafiə edənlərdən də söhbət açıb:
“Hazırda heç kəsdən Azərbaycan dilini mükəmməl bilmək tələb olunmur, amma bu dili bilmək tələb olunur. O, bəhanə ola bilməz ki, mən humanitaram və ya qeyri-humanitaram. Sən fikirlərini Azərbaycan dilində normal ifadə etməlisən. Yəni zəhmət çəkib bu dili öyrənməli, normalara uyğun danışmalısan. Çünki bu bu dövlətin dili Azərbaycan dilidir və sən bu dili bilməlisən. Kimyaçı, fizik olmaq bəhanələrini qəbul etmək mümkün deyil. Bizim elə fiziklərimiz, kimyaçılarımız var ki, orta məktəbi rus dilində oxuyublar, amma çox mükəmməl dil bilgiləri və özlərini ifadə tərzləri var. Ona görə də bu cür bəhanələri kənara qoymaq lazımdır”.
Q.Məhərrəmli sonda nazirin fikirlərini müsbət qiymətləndirdiyini söyləyib və fikirlərini yekunlaşdırıb:
Elm və Təhsil nazirinin Azərbaycan dili ilə bağlı həyacan təbili çalmasını, nöqsanları göstərməsini, özünütənqidi düşüncədə yanaşmasını çox müsbət qiymətləndirirəm. Hesab edirəm ki, hər birimiz vətəndaş olaraq bu problemin həllinə dəstək olmalıyıq”.