“Trampın hakimiyyətə qayıdışı Vaşinqton-Bakı münasibətləri üçün yeni imkanlar pəncərəsi açdı” - DEPUTAT

“Bu görüşlər çərçivəsində strateji əhəmiyyətli razılaşmalar əldə edildi”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
“Ancaq biz bu kontekstdə Azərbaycan-ABŞ münasibətlərinə diqqət yetirmək istərdik. Xüsusilə də Azərbaycan Prezidenti cənab İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşü fonunda rəsmi Bakı-Vaşinqton münasibətlərini dəyərləndirmək istərdik. Əvvəla, onu qeyd edim ki, Azərbaycan-ABŞ münasibətləri Donald Trampın 2017-2021-ci illlərdə hakimiyyətdə olduğu dövrlərdə də dinamik tempinə malik olub. Strateji məsələlərdə biz ortaq mövqedən çıxış etmişik. Xüsusilə də, enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi, beynəlxalq terrorçulara qarşı mübarizə, beynəlxalq sülhə və təhlükəsizliyə töhfə və digər fundamental məsələlərdə mövqelərimiz tam şəkildə üst-üstə düşüb. Bütün bunların nəticəsində iki dövlət arasında qarşılıqlı anlaşma mühiti formalaşıb. Ölkə prezidenti cənab İlham Əliyev də öz çıxışlarında dəfələrlə bu məqamlara diqqət yetirib. Təəssüf ki, Cozef Baydenin hakimiyyətdə olduğu 4 il Azərbaycan-ABŞ münasibətlərində də itirilmiş illər kimi xarakterizə oluna bilər. Bayden birbaşa şəkildə ermənipərəst siyasət həyata keçirirdi və bunu da gizlətmirdi. Hətta hakimiyyətdən getməyinə bir neçə gün qalmış Ermənistanla strateji tərəfdaşlıq sazişi imzaladı. Bu eyni zamanda hərbi komponentləri də özündə ehtiva edirdi”.
Deputat qeyd edib ki, Donald Trampın yenidən hakimiyyətə qayıdışı Vaşinqton-Bakı münasibətlərində dinamikanın inkişafı və bərpası üçün yeni imkanlar pəncərəsi açmış oldu.
“Yeri gəlmişkən, Azərbaycan Preridenti İlham Əliyev artıq bir neçə dəfə Donald Trampın prezident seçkilərində qalib gəlmə şansının yüksək olduğunu bildirmiş, hətta proqnozlaşdırmışdı ki, bu mübarizədə Trampın qalib gəlməsi labüddür. Cənab prezidentin proqnozları öz təsdiqini tapdı. 8 avqust görüşündən də məlum oldu ki, Donald Trampın da bütün bu proseslərdən xəbəri var. Azərbaycan Prezidentinə xitabən söylədi ki, hələ siz seçkilərdən öncə nəticələri qeyd etmişdiniz. Donald Tramp Azərbaycan Prezidentini çox güclü və ağıllı dövlət başçısı kimi dəyərləndirdi və yaxın dostu hesab etdiyini bildirdi. Onlar dünyanın fövqəl dövlətinin prezidentinin Azərbaycan dövlət başçısına olan münasibətidir”.
“Görüş çərçivəsində Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq sazişinin hazırlanması məqsədilə strateji işçi qrupu formalaşdı” – deyə o, fikirlərinə davam edib.
“Yəqin ki, yaxın aylarda bu proses də öz məntiqi sonluğuna çatacaq. Azərbaycan-ABŞ arasında strateji tərəfdaşlıq sazişinin imzalanması ilə Azərbaycan-ABŞ münasibətləri keyfiyyətcə yeni mərhələyə qalxacaq. Bu sənəd həm də Azərbaycan-ABŞ münasibətlərinin bundan sonrakı inkişafının mühüm bir yol xəritəsi hesab oluna bilər. Çünki orada toxunulmayan bir sahə qalmır.
Eyni zamanda Azərbaycan Prezidenti Donald Tramp ilə görüşündə unikal bir təşəbbüslə çıxış etdi. Vurğuladı ki, Trampın Asiyada, Afrikada və Cənubi Qafqazda sülh prosesinə çox böyük töhfələri var. Bütün bu reallıqları nəzərə alıb Donald Trampın Nobel sülh mükafatına layiq görülməsi təşəbbüsü ilə çıxış etdi. Ermənistanlı həmkarını da bu təşəbbüsə qoşulmağa çağırdı. Qeyd etdi ki, geri döndükdən sonra Nobel komitəsinə birgə müraciət edək. Tramp da Azərbaycan Prezidentinin bu təşəbbüsünü yüksək qiymətləndirdi. Həm də Azərbaycan Dövlət Başçısına yüksək səviyyəli münasibətin ifadəsi olaraq Ağ evin rəmzi açarlarını cənab prezidentə təqdim etdi. Bu böyük məna daşıyan hadisədir. Çünki Donald Tramp indiyədək 2-3 böyük dövlət xadiminə belə bir jest edib. Bu baxımdan çox əlamətdar bir hadisədir. Həm də Azərbaycan-ABŞ münasibətlərinin bundan sonrakı inkişafı üçün liderlərin şəxsi münasibətlərinin yüksək səviyyədə olması strateji amil sayılır. Hesab etmək olar ki, bundan sonrakı dövrdə Azərbaycan-ABŞ münasibətləri daha sürətli inkişaf edəcək. Bu istiqamətdə Vaşinqtonda artıq həlledici addımlar atılmışdır”.
Xatırladaq ki, 8 avqustda Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Amerika Prezidentinin Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüş keçirilib.