Zəngin tarixə, mədəniyyətə sahib olan Azərbaycan - Dəyərlərin qorunması və qarşıda duran VƏZİFƏLƏR
Cənubi Qafqazda Yer üzünün əngin səmalarında qartal kimi süzülən müstəqil bir dövlət var.
Dünyanın ən qədim yayayış məskənlərindən biri olan bu torpaqlar mədəniyyətin beşiyi olmaqla yanaşı, uğrunda gedən bir çox döyüşlərə də şahid olmuşdur. Qartal tarix boyu saysız-hesabsız yaralar alıb, əzalarını itirib. Köksündə toqquşmuş qılıncların səsi qulağından, qoynuna atılan mərmilərin barut qoxusu isə ciyərlərindən getməyib. Lakin hələ də məğrurluğunu və əzəmətini itirməyib. Əli bəy Hüseynzadənin "Türk qanlı, islam imanlı, avropa mədəniyyətli" ideologiyasının və uğrunda canından keçmiş igidlərinin qanı ilə birləşməsindən yaranan üçrəngli bayrağı kimi...
Bəs qədim və zəngin mədəni irsə sahib olan dövlətimizin tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliğatı istiqamətində hansı işlər görülür?
Məsələ ilə bağlı 1news.az-a açıqlama verən tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova Azərbaycanın keçdiyi tarixi mərhələlərdən və dövlətçilik tarixindən bəhs edib:
“Hər bir Azərbaycan vətəndaşı özünün müstəqil dövlətə sahib olmağı ilə fəxr etməlidir. Çünki Yer üzündə yaşayan bütün xalqların dövləti olmaq xoşbəxtliyi yoxdur. Amma Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun müstəqil dövləti var və biz müstəqil dövlətin vətəndaşlarıyıq. Bu, müstəqil cümhuriyyətdən yaranan bir tarixdir. Çünki Azərbaycan dövlətçiliyinin tarixi çox qədimdir - e.ə. III minillikdən gələn bir tarixdir. Amma Azərbaycan ərazisində dövlətçiliyimizin varisliyi zaman-zaman yadelli işğalların nəticəsində kəsilibdir. Bütün bunlara baxmayaraq, Azərbaycan böyük bir imperiya yaradan dövlət olub. XV əsrin sonu – XVI əsrin əvvəli Səfəvilər dövləti yaranıb. Bu dövlətin əsasını Azərbaycanəsilli sülalə qoyub. Yəni zəngin bir dövlətçilik tariximiz var. Ən qürurlusu da ondan ibarətdir ki, 105 il öncə bütün türk dünyasında ilk türk cümhuriyyətini 1918-ci il 28 Mayda Azərbaycan xalqı qurub. 105 ildir ki, respublika quruluşunda yaşayırıq. Düzdür, 23 aydan sonra birbaşa Sovet Rusiyasının hərbi müdaxiləsinin nəticəsində müstəqil dövlətçiliyimizə son qoyuldu, amma yenə də Azərbaycan Respublikası sovetlər formasında, müttəfiq dövlətlər statusunda öz varlığını saxladı. 1991-ci ildə isə dövlət müstəqilliyini bərpa edəndə özünü Azərbaycan Cümhuriyyətinin varisi kimi bərpa etdi. Bunlar çox qürurverici tarixdir”.
Tarixçi aparılan təbliğat işlərindən də söz açıb:
“Bizim zəngin bir dövlətçilik tariximiz var. Ən qürurlusu da ondan ibarətdir ki, 105 il öncə bütün türk dünyasında ilk türk cümhuriyyətini 1918-ci il 28 Mayda Azərbaycan xalqı qurub. 105 ildir ki, respublika quruluşunda yaşayırıq. Düzdür, 23 aydan sonra birbaşa Sovet Rusiyasının hərbi müdaxiləsinin nəticəsində müstəqil dövlətçiliyimizə son qoyuldu, amma yenə də Azərbaycan Respublikası sovetlər formasında, müttəfiq dövlətlər statusunda öz varlığını saxladı. 1991-ci ildə isə dövlət müstəqilliyini bərpa edəndə özünü Azərbaycan Cümhuriyyətinin varisi kimi bərpa etdi. Bunlar çox qürurverici tarixdir. Amma biz bu tariximizi, dövlətçilik irsimizi nə dərəcədə beynəlxalq ictimaiyyətə və yaxud da gənc nəslə çatdırırıq, bu ayrı bir məsələdir. Təbii ki, orta məktəblərdə Azərbaycan tarixi tədris olunur və onun bir istiqaməti də Azərbaycanın dövlətçilik tarixidir. Sadəcə Azərbaycan dövlətçiliyi tarixini və fəlsəfəsini bilmək bir ayrı şeydir. Biri də var onu tədris etmək. Tədrisin keyfiyyətindən asılı olaraq, onu deyə bilərik ki, şagirdlərimiz və ya tələbələrimiz dövlətçilik irsimizə nə dərəcədə yaxından bələd olurlar? Çox təəssüf ki, orta məktəb dərsliklərində çoxlu tarix və şəxsiyyət adları proqrama salınır və şagirdlərin zehni yüklənir. Amma bəzən sadə bilgiləri soruşanda görürük ki, şagirdlər bu barədə məlumatsızdır. Bu həm məyusedici bir haldır. Azərbaycanın son 30 ildən artıq işğal altında olan torpaqlarının azad olunması uğrunda aparılan hərbi-siyasi mübarizədə bizim ən böyük silahımız dövlətçilik tariximizi bilməyimiz olmalıdır və bu sahəyə ciddi önəm verilir”.
F.Əhmədova narazı olduğu məqamlara da toxunub:
“Mən sizə tarixdən bir nümunə deyim. 1918-ci ildə Səməd bəy Mehmandarov hərbi nazir təyin olunanda və o, milli ordu quruculuğu işinə başlayanda bir çox tədbirlər həyata keçirdi. Onların da bir istiqamət ana dilində hərb tarixindən bəhs edən kitabçaların çap olunması idi. Çünki mütləq əsgərin, zabitin, hərbçinin öz dövlətçilik tarixini, ordu quruculuğu tarixini bilməsi önəmlidir ki, o, güvənli bir tarixin varisi olduğunu dərk etsin və vətəninin, yurdunun müdafiəsinə qalxanda bilməlidir ki, hansı zəngin dövlətçiliyə sahib olan bir xalqın nümayəndəsi kimi böyük bir məsuliyyət daşıyır. Bu baxımdan dövlətçilik tarixini bilmək olduqca strateji bir məsələdir. Bu hansı formalarda həyata keçirilir? Bayrağımız və himnimiz Azərbaycan dövlətçiliyinin atributlarıdır. Bayrağımıza münasibət, dövlət himnimizin oxunması... Bunlar hamısı dövlətçiliyə münasibətin göstəricisidir. Mən bundan məyus oluram ki, çox zaman gənclər olan auditoriyalarda dövlət himni səslənəndə gənclər hörmət əlaməti olaraq ayağa qalxırlar, amma oxumurlar. Gəncliyin olduğu yerdə Azərbaycan himni səslənirsə, o himndən də gənclərin gur səsi himni müşayiət etməlidir. Bunların hamısı milli dövlətçilik ruhunun yaşamasının təzahürürdür. Amma 44 günlük müharibə onu göstərdi ki, Azərbaycan gəncliyi bu yurd uğrunda necə fədakarcasına canından keçməyə hazırdır. Azərbaycan xalqında ocağına, elinə bağlılıq güclüdür. Təbii ki, yurdda dövlətçilik olubsa, o, milli şüurda da dərin kök salacaq. Amma yalnız təbliğatla sevgi və ya dövlətçiliyə münasibət tam formalaşmır. Bu konkret əməllər ilə baş tutan bir amildir”.
Tarixçi ana dili məsələsinin önəmini vurğulayıb:
“Bir məsələni də qeyd edim ki, Azərbaycanda rus dilində təhsil alan şagird və tələbələr unutmamalıdırlar ki, bu respublikanın vətəndaşlarıdırlar və mütləq dövlət dilini, tarixini, ədəbiyyatını və mədəniyyətini gözəl bilməlidirlər. Çünki 105 il əvvəl Azərbaycan Cümhuriyyətini quran xadimlərimizin əksəriyyəti Avropa təhsilli idi. Amma onlar bilirdilər ki, milli dil – ana dili strateji məsələdir. Buna görə məsələni qoymuşdular ki, ibtidai təhsil mütləq ana dilində olmalıdır. Onlar şərq dillərini gözəl bilərək yetişmişdilər. Ona görə də şərq və qərb dəyərlərini sintez etməyi gözəl bilirdilər. Mütərəqqi idayaları öz vətənlərində xalqın tərəqqisi üçün istifadə etməyi qarşılarına hədəf qoymuşdular. Yəni bu təcrübədən istifadə etməliyik”.
F.Əhmədova, həmçinin gənclərin milli ruhda böyüməsində tədrisin oynadığı roldan danışıb:
“Hesab edirəm ki, burada ağırlıq tədris prosesinə düşür. Çünki ilk orta məktəbdən başlayaraq Azərbaycan dövlətçiliyinə münasibət formalaşır. Ali məktəbdə də bir vətəndaş kimi yetkinləşir. Amma digər böyük məsuliyyət də ailələrin üzərinə düşür. Mən 2 istiqaməti də qeyd etmək istəyirəm. Gənclərin praqmatik olmasında tənəedici məqam yoxdur. Təbii ki, insan qarşısına hədəflər qoyur. Yaxşı təhsil almalı, yaxşı peşə sahibi olmalıdır. Amma bununla paralel olaraq milli-mənəvi dəyərlərə sahib olmağın çox mühüm əhəmiyyəti var. Bu şərtdir. Bu yöndə ədəbiyyatın, kütləvi informasiya vasitələrinin üzərinə böyük məsuliyyət düşür. Çünki onların gündəlik izlədiyi informasiyalar hansı məzmun daşıyırsa, istər-istəməz həmin gənclər o məfkurə ilə yetişəcəklər. O yetişən gənclər də sabahın valideynləridir. Bu zəncirvari prosesdir”.
O, son olaraq, elm və maarifin müstəsna rolundan və milli təəssübkeşlikdən danışıb:
“Elm obyektliyi, gerçəkliyi tələb edən bir sahədir. Gənclərimiz elmə üz tutsunlar. Təhsilli olmaqdan da üstün bir səviyyə var. Həmin peşə sahələrinin elmi baxımdan tədqiqatçısına çevrilirlər. Bizim belə gənclərimizin olması çox arzu olunandır. Dünyada siyasi sərhədlər mövcuddur, amma elmin sərhəddin yoxdur. Bunun üçün dünya açıqdır. Vətənpərvər ola bilərik, amma bizim biliyimiz yoxdursa, mükəmməl peşə sahibi deyiliksə, bu, vətəni sevmək üçün yetərli deyil. Arzuolunandır ki, gənclərimizin elm sahəsində də ad-sanı çıxsın. Yüksək intellektli insanlar dövlətin simalarına çevrilir. Bəzən elə olur ki, bir ölkəni, bir insan adına tanıyırlar. O, yüksək intellektli bir insandırsa, həmin məmləkəti də o şəxsin nümunəsində qəbul edəcəklər. Bu beynəlxalq imicin formalaşması baxımdan da əhəmiyyətlidir. Amma elmə yiyələnmək üçün istedadlı gənclərə qayğı lazımdır. Bizim Rusiyanın əsarəti altında yaşadığımız dövrdə “Nəşri-maarif”, “Nicat”, “Səadət” kimi xeyriyyə və maarifçilik cəmiyyətlərimiz vardı. Cəmiyyətlərin xətti ilə nə qədər gənclərimiz təhsil ala, insanlarımız maariflənə bilirdilər. Ona görə də maddi dəstək tələb edən sahədir.
Xaricdə təhsil almağa gedən gənclərimiz yüksək bilik alar, peşə sahibi olurlar. Amma onlar öz milli dəyərlərini qoruyub saxlaya bilirlərmi? Bu da çox ciddi problemlərdən biridir. Gənclərimiz uzaq bir səfərə çıxır, ailədən uzun müddət ayrı düşürlər. Hesab edirəm ki, xaricdə fəaliyyət göstərən Azərbaycan diasporları da bu məsələyə diqqət göstərməlidir. Biz 44 günlük Vətən müharibəsində gördük ki, xaricdə yaşayan gənclərimiz Azərbaycan həqiqətlərini dünyaya çatdırmçaq üçün nə qədər fəallıq göstərdilər, öz dil bilgilərindən, statuslarından istifadə etdilər. Bu çox sevindirici bir haldır. Onların mütəşəkkil fəaliyyəti üçün Azərbaycan diasporları aktiv olsa, özləri üçün də çox intellektual bir baza yaranar. Digər tərəfdən də Azərbaycan dövlətçiliyi üçün də fəaliyyət göstərmiş sayılarlar”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə 1news.az-a açıqlamasında Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği ilə bağlı dövlətimizin davamlı olaraq müxtəlif tədbirlər həyata keçirdiyini deyib.
“Azərbaycan zəngin tarix və mədəniyyətə malik bir ölkədir. Xalqımız tarixən öz zəngin mədəniyyəti, dəyərləri ilə seçilib. Bu gün qarşıda duran ən mühüm vəzifələrdən biri də o ənənələrin və dəyərlərin qorunmasıdır. Bunun üçün dövlətimiz davamlı olaraq müxtəlif tədbirlər həyata keçirir. Bu məsələlər dövlət siyasətində prioritet bir istiqamət kimi nəzərdə tutulur. Dövlətlər öz tarixini, dəyərlərini və ənənələrini qoruyur. Azərbaycan da bu gün o dəyərləri qoruyur və bu istiqamətdə davamlı olaraq öz addımlarını atır. Əlbəttə görülən işlər çoxdur, amma biz eyni zamanda kənardan təhdidlərlə üz-üzəyik. Tez-tez təxribatların aparıldığını, müxtəlif ideologiyaların ölkəmizdə yayılmasına cəhdlər edildiyini də görürük. Müxtəlif tədbirlərin keçirilməsi, gənc nəslin sağlam ruhda böyüməsi üçün məktəb və ali təhsil müəssisələrində işlər gedir. Televiziya və digər yerlərdə də müxtəlif addımlar atılır. Dövlətimiz bu istiqamətdə kompleks işlər həyata keçirilir. Əlbəttə, dövlətlə bərabər qeyri-hökumət təşkilatlarının, dini qurumların, vətəndaşların da üzərinə böyük bir məsuliyyət düşür”.
Deputat sonda ermənilərin Azərbaycanın mədəni irsinə göz dikməsindən də bəhs edib:
“Azərbaycan tarixinə və gedən proseslərə baxanda ermənilərin bu ərazilərə köçürüldükdən sonra davamlı olaraq ölkəmizə qarşı müxtəlif terrorlar həyata keçirdiyinin şahidi oluruq. Eyni zamanda, mədəniyyətimizin, tarixi abidələrimizin saxtalaşdırılması və onun öz adlarına çıxılması üçün davamlı olaraq çalışdıqlarını da görmüşük. Ancaq buna nail ola bilməyiblər. Azərbaycan həmişə olduğu kimi yenə də bu istiqamətlərdə fəaliyyətinə davam edəcək”.
Bu material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yardımı və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" mövzusunda hazırlanıb.