Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sülh platformasını təklif edir
Bu il 16-19 Sentyabr 2023-ci il tarixlərində Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 78-ci sessiyasının çərçivəsində keçirilən DİM Hərəkət Həftəsonu (SDG Action Weekend) və “Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammiti 2023” keçirildi.
Həmin Sammitdə iştirak etmək məqsədilə Azərbaycan Respublikası Xarici İşlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini formalaşdıraraq, tədbirdə yüksək səviyyədə təmsil olundu.
Sammit vasitəsilə çıxış edərək BMT-nin Baş Katibi Antoniu Quterreşin dövlət və hökumət başçılarına xüsusi çağırışı oldu. Müraciəti zamanı o, “İnsanlar və Planet üçün Xilasetmə Planı”nın hazırlanmasını, Dayanıqlı İnkişaf Məqsədlərinin ilk beş məqsədinə (DİM1 – Yoxsulluğa son, DİM2 – Açlığa son, DİM3 – Yaxşı səhiyyə və rifah, DİM4 – Keyfiyyətli təhsil, DİM5 – Gender bərabərliyi) xüsusi diqqət yetirilməli, tədbirlər həyata keçirilməli olduğunu diqqətə çatdırdı.
Sammitin yekunu olaraq Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumda (DİYF) dünya liderlərinin 2030-cu il Gündəliyinə və DİM-lərin həyata keçirilməsinə sadiqliyini bir daha təsdiq edən Siyasi Bəyannamə qəbul edildi, üzv dövlətlər Sammitdə səsləndirilən məqsədlərə çatmaq üçün əllərindən gələni edəcəklərinə dair öhdəlik götürdülər.
Azərbaycan da öz növbəsində hər dəfə BMT tərəfindən qəbul olunan qərarlara diqqətlə yanaşır, bu qərarlarldan irəli gələn tövsiyə və götürülmüş öhdəliklərin ölkə Konstitusiyası və reallıqlarına uyğun olaraq həyata keçirilməsində nümunəvi dövlət olaraq çıxış etmişdir.
Azərbaycan nümayəndə heyətinin Sammitin işində uğurlu iştirakı, çıxışları, eləcə də Sammit çərçivəsində həyata keçirdiyi qarşılıqlı görüşləri qlobal sənədin icrasında BMT ilə gələcək əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün müxtəlif imkan və faydalar yaradacaqdır.
Azərbaycan hökuməti qlobal müzakirələri və DİM Sammitinin Siyasi Bəyannaməsini geniş şəkildə dəstəkləmiş və 2022-2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyasına, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış Dövlət Proqramına, Kompleks Milli Maliyyələşdirmə Çərçivələrinin (KMMÇ) və Azərbaycanın Mərkəzi Bankının Dayanıqlı Maliyyə Yol Xəritəsinin tətbiqi üzrə milli səylərə əsaslanan DİM-in transformasiyası üzrə Milli öhdəliyini təqdim etmişdir.
Sentyabr ayında keçirilən Sammitdən irəli gələrək keçdiyimiz günlərdə Bakı şəhərində 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olundu. Dialoq, eyni zamanda, BMT üçün xüsusi olan 24 oktyabr – “BMT Günü”ndə təşkil olunmuşdu. Tədbirin məhz o tarixə təsadüf etməsində məqsəd bir tərəfdən “BMT Günü”nün qeyd olunmasında Azərbaycan hökumətinin yüksək hörmət, diqqətinin, digər tərəfdən də BMT tərəfindən qəbul olunan universal sənədlərin icrasında etibarlılığını nümayiş etdirmək idi.
Qeyd edim ki, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqları seriyası Azərbaycanın 2030-cu ilədək Dayanıqlı İnkişaf Sahəsinə dair Strategiyası və 2030-cu il Gündəliyi çərçivəsində milli prioritetlərin həyata keçirilməsində Azərbaycan Hökumətinə dəstək göstərmək məqsədilə biliklərin artırılması, qabaqcıl beynəlxalq təcrübələrin tətbiq edilməsi və innovativ həllərin təmin edilməsində əsas maraqlı tərəflər – Hökumət, BMT, özəl sektor, vətəndaş cəmiyyəti, Beynəlxalq Maliyyə İnstitutları və inkişaf tərəfdaşları üçün platforma rolunu oynamağı hədəfləyir.
Hər bir DİM Dialoqu əsas diqqətini konkret mövzuya yönəldir və dialoqdan sonra bu mövzu üzrə konseptual yanaşma, məlumatların qısa təhlilinin və qabaqcıl beynəlxalq təcrübə nümunələrinin yer aldığı analitik qeyd, həmçinin mövzu ilə bağlı praktiki siyasət tövsiyələrinin irəli sürüldüyü bölmə işlənib hazırlanır.
2022-ci ilin noyabrında DİM Dialoqu seriyasının başlanmasından ötən müddət ərzində iki DİM Dialoqu keçirilmişdir - birincisi “Azərbaycanda Yaşıl Transformasiya” və ikincisi “2030-cu ilə doğru: Azərbaycanda Sosial-İqtisadi İnklüzivlik” adlanır.
Bu il keçirilən 3-cü DİM Dialoqu da DİM Sammiti müzakirələrindən əldə edilən fikirləri bölüşmək və Azərbaycanda DİM-in sürətləndirilməsi və maliyyələşdirilməsi üçün atılacaq növbəti addımların həyata keçirilməsini hədəfləmişdi.
Bunlarla yanaşı olaraq, nəinki BMT Baş Assambleyasının, eyni zamanda BMT-nin alt strukturlarının Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaları üçün istər ölkə daxilində, istərsə də təşkil olunmuş digər beynəlxalq konfranslarda da nümayəndə heyətlərimiz çox yüksək səviyyədə təmsil olunurlar.
Bu il Birləşmiş Millətlər Təşkilatının Əhali və İnkişaf Komissiyasının əsas tədbiri olan, BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə təşkil etdiyi, 19-20 oktyabr 2023-cü il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Regional Konfransda da Azərbaycan Respublikasının nümayəndə heyəti, o cümlədən Milli Məclis də yüksək səviyyədə təmsil olundu.
Hər bir platformada ölkəmizin uğurlu iştirakçılığı Azərbaycanın hər zaman qlobal çağırışlara həssalıqla və böyük hörmətlə yanaşdığını, əldə olunan nailiyyətləri və bu sahədə həyata keçirilən bütün tədbirləri dünya ictimaiyyətinə nümayiş etdirir.
Bu gün Azərbaycanın qarşısında duran əsas məsələ Cənubi Qafqazda davamlı sülhü təmin etmək, Böyük Qayıdış və xalqların reinteqrasiya prosesini həyata keçirməklə tezliklə doğma Qarabağımızın bərpasını, habelə bütün xalqların sülh və rifah içində firavan yaşamasını təmin etməkdir.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı