Dəmirdən pişik, aslan, ağac...- “Baku Steel Art 2024” simpoziumu başa çatdı - FOTO
Paytaxtımız daha bir ilkə ev sahibliyi etdi: Bakıda regionda ilk dəfə beynəlxalq metal simpoziumu – “Baku Steel Art 2024” 17-30 sentyabr 2024-cü il tarixləri arasında müvəffəqiyyətlə baş tutdu.
1news.az xəbər verir ki, Qafqazın ən böyük metallurgiya şirkəti olan "Baku Steel Company" QSC (BSC) və təsviri incəsənətin təbliği sahəsində uğurları ilə adından söz etdirən “QGallery” bədii qalereyasının təşkilatçılığı ilə BSC-nin ərazisində reallaşdırılan simpoziuma Azərbaycan, Gürcüstan, Türkiyə, Rumıniya, İsrail, Hindistan və Bolqarıstan da daxil olmaqla, 7 ölkədən 12 sənətkar qatıldı. Sözügedən tədbirdə ölkəmizi Rəşad Ələkbərov, Teymur Qəribov, Rahib Qarayev, Müşfiq Heydərov, Çinarə Baxşiyeva və Jalə Əliyeva kimi heykəltəraşlar təmsil etdilər. Beynəlxalq iştirakçılar isə Gürcüstandan Aleksandr Popxadze, Türkiyədən Nilhan Sesalan, Rumıniyadan Çiprian Hopirtean, İsraildən Nirit Levav Paker, Bolqarıstandan Kamen Tanev və Hindistandan Haribaabu Naatesan idi.
Oktyabr ayının birində “Baku Steel ART 2024” -ün geniş bağlanış mərasimi baş tutdu. Mərasimdə siyasi, ictimai və incəsənət xadimləri iştirak edərək iki həftə ərzində ərsəyə gələn sənət əsərləri ilə yaxından tanış oldular. Açılışda “Baku Steel company” – nin baş direktoru Kamal İbrahimov, Azərbaycanın Əməkdar İncəsənət xadimi, Q Galery təsisçisi Emin Məmmədov geniş çıxış etdilər. Təşkilatçılar hər kəsi salamlayaraq, baş tutan bu böyük tədbirdə iştirakları üçün təşəkkür etdilər. Bildirildi ki, simpoziuma gözləniləndən də artıq maraq göstərildiyi üçün gələcəkdə də növbəti simpoziumların təşkili mümkündür. Çıxış edənlər sırasında simpozium iştirakçıları, rəssamlar da da öz məmnuniyyətlərini xüsusi vurğuladılar. Tədbirdə iştirak edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev də öz ürək sözlərini bölüşüb. O, çıxışı zamanı bildirilib ki, Fonda hədiyyə edilən bu əsərlər gələcəkdə Qarabağda yerləşdiriləcək.
Simpoziumun əsas məqsədi incəsənətlə metallurgiyanın qarşılıqlı əlaqəsini nümayiş etdirmək, həmçinin bu əlaqənin dayanıqlı inkişafa töhfə verərək ekoloji dəyişikliklər üçün katalizator rolunu oynaya biləcəyini göstərmək idi. Bu beynəlxalq layihə incəsənət və sənayenin harmonik birləşməsini qlobal ekoloji çağırışlar kontekstində yeni nəzər-nöqtələrindən təqdim etdi, ekoloji maarifləndirmə və məsuliyyətin vacibliyini vurğuladı.
Simpozium iştirakçıları nəinki orijinal əsərlərin yaradılması üzərində çalışdılar, onlar həm də öz təcrübələrini bölüşdülər, yaradıcı fikirlər və toplanmış təcrübə mübadiləsi apardılar, bir-birlərinə yeni bədii axtarışlarda kömək etdilər və onları gələcək yaradıcılığa ruhlandırdılar. Qaynaqla və ya xüsusi dəzgahla işləyən sənətkarlar metalı öz görünüşü ilə ətrafdakıları təəccübləndirə, ilhamlandıra və hətta qəlbləri riqqətə gətirə biləcək sənət əşyalarına çevirməyə müvəffəq oldular. Ecazkar bir sənət əsəri yaratmaq üçün maksimal fədakarlıq və yaradıcı yanaşmanın mütləq olduğu belə bir unudulmaz tədbirin gedişatı zamanı, müəlliflərin yaratdığı hər bir metal instalyasiya özünəməxsus şəkildə orijinal və unikallığı ilə seçildi. Simpoziumun bütün fəaliyyət dövrü ərzində “Baku Steel Company” QSC-nin təcrübəli əməkdaşları heykəltəraşlara öz təqdirəlayiq texniki dəstəklərini göstərdilər.
"Baku Steel Art 2024" simpoziumunun başa çatması, eyni zamanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP29) hazırlıqla üst-üstə düşdü, bu da ekoloji məsələlərin aktuallığını və müasir sənayedə dayanıqlı inkişafın əhəmiyyətini bir daha vurğuladı. Eyni zamanda, dünyanın müxtəlif guşələrindən Vətənimizə təşrif buyuran sənətkarlar ölkəmizdə bu il qeyd olunan “Yaşıl dünya naminə həmrəylik ili”nin missiyasını da layiqincə yerinə yetirmiş oldular.