Mikayıl Cabbarov: “Yaşıl inkişaf portalı”nın istifadəyə verilməsi önəmli təşəbbüslərdən biridir
“COP29 çərçivəsində “Yaşıl İnkişaf Portalı”nın istifadəyə verilməsi bizim üçün ən önəmli praktiki təşəbbüslərdən biridir”.
1news.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “Yaşıl İnkişaf Portalı”nın istifadəyə verilməsi ilə bağlı tədbirdə bildirib.
“ Bu təşəbbüs COP29 sədrliyinin irəli sürdüyü iqlim maliyyəsi ilə bağlı təşəbbüslərdən biridir və biz onları İqlim Maliyyəsi ilə əlaqəli Bakı təşəbbüsləri (BİCFİT) adlandırırıq”.
“Əgər biz investisiya yatırırıqsa və ya ticarət əməliyyatları həyata keçiririksə, bunu öz iqtisadi siyasətimizə, iqlim maliyyəsini daxil etməmişiksə, böyük ehtimalla hədəflərə çatmağa nail ola bilmərik. Bu məsələlər koordinasiya olunmuş şəkildə aparılmalıdır. Dünən bununla bağlı xüsusi bir təşəbbüs irəli sürüldü,” - deyə nazir vurğulayıb.
M.Cabbarov bildirib ki, bu portal hər kəs üçün əlçatan olacaq: “Bu, çox vacib bir məqamdır. Bu təşəbbüs çərçivəsində özəl sektor, hökumət nümayəndələri və maliyyə institutları bir araya gələcək. Biz inklüzivliyin gücünə inanırıq. Bu təşəbbüsə verdiyi dəstəyə görə SOCAR-a təşəkkür edirəm. SOCAR bu təşəbbüsə öz töhfəsini verib. Eyni zamanda, Harvard Universiteti rəhbərliyinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində bizimlə əməkdaşlığını yüksək qiymətləndirirəm”.
FOTO: Nadir İbrahimli