500 manatlıq əskinasların istifadəsi məhdudlaşdırılıb? – Mərkəzi Bankdan AÇIQLAMA | 1news.az | Xəbərlər
İqtisadiyyat

500 manatlıq əskinasların istifadəsi məhdudlaşdırılıb? – Mərkəzi Bankdan AÇIQLAMA

13:42 - Bu gün
500 manatlıq əskinasların istifadəsi məhdudlaşdırılıb? – Mərkəzi Bankdan AÇIQLAMA

Mərkəzi Bankın 3000 manatlıq saxta əskinas görüntüləri ilə bağlı son açıqlaması sosial şəbəkələrdə müzakirələr səbəb olub.

Belə ki, bəzi vətəndaşlar rəsmi məlumatda dövriyyədə olan əskinasların nominal siyahısının sadalanmasına baxmayaraq, 500 manatlıq xatirə əskinaslarının qeyd olunmamasına diqqət çəkiblər. Bu isə həmin əskinasların hazırkı statusu ilə bağlı suallar və narahatlıq yaradıb.

Məhz bu çərçivədə bir sıra məqamları aydınlaşdırılmağa ehtiyac ehtiyac var.

500 manatlıq xatirə əskinasları hələ də qanuni ödəniş vasitəsi hesab olunurmu? Onların tədavüldə qalması ilə bağlı hər hansı məhdudiyyət varmı?

Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankından 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) əsasən nağd pul dövriyyəsinin təşkil edilməsi, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin II hissəsinə və bu Qanuna müvafiq olaraq pul nişanlarının tədavülə buraxılmasının və tədavüldən çıxarılmasının həyata keçirilməsi Mərkəzi Bankın əsas funksiyalarından biridir.

“Mərkəzi Bank tərəfindən 7 nominal strukturda (1, 5, 10, 20, 50, 100 və 200 manatlıq) kağız pul nişanları və 6 nominal strukturda (1, 3, 5, 10, 20 və 50 qəpik) metal pul nişanları ödəniş vasitəsi kimi tədavülə buraxılmış, həmin pul nişanları ilə bağlı məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilmişdir (https://www.cbar.az/moneymarks/banknotes?category=1).

Bununla yanaşı, Mərkəzi Bank tərəfindən bir sıra mövzularda qiymətli metallardan hazırlanmış nominal dəyərə malik məhdud sayda yubiley, xatirə və investisiya pul nişanları, eləcə də 44 günlük Vətən Müharibəsində müzəffər Ali Baş Komandanın başçılığı altında rəşadətli ordumuzun Zəfərinə həsr olunmuş 500 manat nominalında xatirə kağız pul nişanı tədavülə buraxılmış və həmin pul nişanları ilə bağlı məlumat da Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilmişdir (https://www.cbar.az/moneymarks/banknotes?category=2).
Eyni zamanda bildiririk ki, Qanunun 36.3-cü maddəsinə əsasən Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən investisiya, yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələrinin həyata keçirilməsi zamanı hökmən qəbul edilməlidir”.

Paylaş:
48

Son xəbərlər

Bütün xəbərlər