Vətənpərvər və peşəkar idarəçi, ailə ocağının qoruyucusu… | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətənpərvər və peşəkar idarəçi, ailə ocağının qoruyucusu…

10:24 - Bu gün
Vətənpərvər və peşəkar idarəçi, ailə ocağının qoruyucusu…

Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva müsahibələrinin birində söyləmişdir ki, “dövlət başçısının xanımı kimi mənim üçün həmişə ən vacibi o olmuşdur ki, mən öz ölkəm üçün nə edə bilərəm?” bu yanaşma Mehriban xanımın həyat fəlsəfəsini anlamaq üçün kifayətdir.

Onun hərtərəfli fəaliyyəti Azərbaycan qadınının yüksək intellekti, müdrikliyi, vətənpərvərliyi ilə fərqləndiyini, cəmiyyətimizin yüksəlişinə xidmət edən proseslərdə yaxından iştirakını təsdiqləyir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu xalqımıza məxsus olan xeyriyyəçilik ənənələrini davam etdirərək, nəinki Azərbaycanda, Cənubi Qafqazda ən böyük xeyriyyəçi təşkilata çevrilib. 20 ildən çoxdur fəaliyyət göstərən fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Azərbaycanın multikultural, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Prezident İlham Əliyevin də söylədiyi kimi, Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi. “Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun havadarları Azərbaycan haqqında olmazın yalanlar uydurub media məkanına atmışlar. Ancaq uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanıdılması bu təbliğatı alt-üst etmişdir”. Həqiqətən də Ulu Öndərin adını daşıyan fond həyata keçirdiyi uğulu layihələrlə Azərbaycanın nüfuzunun daha da möhkəmlənməsinə töhfə verdi.

Təbii ki, əsas prioritet milli və dövlətçilik maraqlarını qorumaqdan ibarətdir. 2016-cı il Aprel döyüşlərində vətən uğrunda canından keçən şəhidlərimizin ailə üzvləri ilə görüşdə Mehriban xanım “mən əminəm ki, ədalət bərpa olunacaq. Azərbaycan torpaqları işğaldan azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Bütün qaçqınlarımız, məcburi köçkünlərimiz öz doğma torpaqlarına qayıdacaqlar. Bunun üçün biz güclü və birgə olmalıyıq” deyərək hər bir şəhid anasına mənəvi dəstək olmaqla yanaşı, bizim qələbəyə hər gün bir addım daha da yaxınlaşdığımızı xatırlatdı. 2020-ci il 44 günlük Vətən müharibəsində isə biz ərazi bütövlüyümüzü bərpa etməklə tarixi ədaləti bərpa etdik. Böyük Qələbəmizdən dərhal sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva azad olunmuş ərazilərə səfər etdilər. Beləliklə, 30 illik işğala məruz qalan müqəddəs torpaqlarımıza yeni nəfəs gəldi-hərtərəfli bərpa-quruculuq işlərinə start verildi.

Bu gün Heydər Əliyev Fondunun qarşısında yeni vəzifələr dayanır. Fond azad edilmiş torpaqlarda da geniş fəaliyyətə başlayıb, bu ərazilərdə dini abidələrimizin əsaslı təmiri, bərpası və inşası prosesi davam edir.

Mehriban xanım Əliyevanın da söylədiyi kimi, “hazırda dövlət qarşısında azad olunmuş ərazilərin canlandırılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifə dayanır. Biz bunun öhdəsindən gələcəyik. Biz dağıdılmış şəhərləri və kəndləri bərpa edəcəyik. Biz orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik”. Heydər Əliyev Fondu bu missiyanı da böyük uğurla reallaşdırmaqdadır.

“Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam” deyən xanım Mehriban Əliyevanın fəaliyyətində sözlə əməlin ən uğurlu vəhdətini görürük. İşğaldan azad olunmuş ərazilərimizdə Heydər Əliyev Fondunun həyata keçirdiyi tarixi layihələr bütün dünyaya nümunə ola bilər.

Ümumiyyətlə, Mehriban xanımın fəaliyyəti, onun daxili zənginliyi, həyata baxışı, proseslərə yanaşması örnəkdir. Humanizm, vətənpərvərlik, dərin intellekt, milli-mənəvi dəyərlərə bağlılıq, bütün insanlara, ən əsası isə cəmiyyətin həssas təbəqəsinə sevgi və mərhəmət Mehriban xanımın şəxsi portretinin əsas cizgiləridir.

Mehriban xanım indiyədək təmsil olunduğu bütün platformalarda Azərbaycan qadınının timsalında xalqa xidmət missiyasının ən möhtəşəm nümunələrini yaradıb. Cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqəsinin ümid ünvanı kimi tanınan Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırır, milli mədəniyyətimizin, genefondumuzun qorunmasına və inkişafına töhfələr verir, sağlam nəslin yetişməsinə təkan verir, uşaq evlərinin, təhsil müəssisələrinin yenidən qurulmasında yaxından iştirak edir.

Mehriban xanım Əliyeva həm də Azərbaycan idmançılarının dostudur. Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban Əliyevanın səmərəli fəaliyyəti Azərbaycan idmanının inkişafına layiqli töhfələr verir. Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi, gimnastikaya göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan dünyanın gimnastika mərkəzinə çevrilib. Olimpiya Oyunlarında medal qazanmış idmançılara Heydər Əliyev Fondunun fərdi təqaüdçüsü adının verilməsi də idmanın inkişafına diqqət və qayğısının, bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə verilən töhfənin bariz nümunəsidir.

Mehriban xanım həm də yüksək səviyyəli təşkilat bacarığına malikdir. “Eurovision” mahnı müsabiqəsində olduğu kimi, ilk Avropa Oyunlarında və IV İslam Həmrəyliyi Oyunlarında Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi qısa müddət ərzində ən yüksək təşkilatçılıq nümunəsini ortaya qoydu. Azərbaycanın idman ölkəsi kimi beynəlxalq nüfuzu daha da möhkəmləndi.

2017-ci ilin fevral ayından isə Mehriban Əliyevanın fəaliyyətində yeni missiya başlayıb. Həmin il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi cəmiyyətin bütün təbəqələrinin təqdir etdiyi qərar oldu. Vətənə sədaqət, milli dəyərlərə hörmət və uğurlu fəaliyyət Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillərdir. Bütün fəaliyyət dövründə olduğu kimi birinci vitse-prezident kimi də Mehriban xanım fəaliyyəti ilə Prezident İlham Əliyevin siyasi kursunun uğurla reallaşmasında fəal iştirak edir.

Ölkəmizdə xüsusi həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban xanım Əliyevanın fəaliyyətinin prioritetini təşkil edir. Bu işdə gündəlik sosial ehtiyacların qarşılanması, həssas təbəqəyə qayğı və nəvaziş ən vacib missiya kimi həyata keçirilməkdədir. Xanım Mehriban Əliyeva hər zaman vurğulayır ki, “hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki, həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir”.

Biz Mehriban xanımın simasında qayğıkeş ana, müdrik, ailə ocağının qoruyucusu olan qadın və peşəkar idarəçi – bir sözlə, ideal qadın obrazının bütün keyfiyyətlərini görürük.

“Ölkələr və xalqlar arasında səmimi münasibətlərin formalaşmasında humanizm, xeyirxahlıq, insanlıq diplomatiyasını heç bir şey əvəz edə bilməz” deyən Azərbaycanın birinci xanımı öz şəxsi nümunəsilə çox uğurlu örnəkdir.

Könül Nurullayeva, Milli Məclisin deputatı

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər