Deputat: “Prezidentin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində dediyi fikirlər bugünkü reallıqları əks etdirir | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Prezidentin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində dediyi fikirlər bugünkü reallıqları əks etdirir

Ayşən Salehli15:09 - Bu gün
Deputat: “Prezidentin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində dediyi fikirlər bugünkü reallıqları əks etdirir

“Cənab Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində dediyi fikirlər bugünkü reallıqların, milli həmrəyliyimizin və dövlətçilik fəlsəfəmizin mahiyyətini tam şəkildə əks etdirir”.

Bu sözləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov söyləyib.

O, dövlət başçısının nitqindən sitat gətirərək müsahibədə vurğulanan önəmli məsələlərdən birinə diqqət çəkib:

“Azərbaycan şiə və sünni müsəlmanların eyni vaxtda, eyni məsciddə ibadət etdikləri az sayda ölkələrdən biridir. Biz fərq qoymuruq. Biz düşünürük ki, müsəlman dünyası üçün ən böyük təhlükə məzhəblərə ayrılmaqdır. Müsəlman dünyasına ən böyük ziyanı məzhəb ayrılığını təbliğ edən insanlar vururlar. Biz bir olmalıyıq. Biz müsəlmanıq və bizim üçün bir nömrəli məsələ budur. İstənilən xarici müdaxilədən tamamilə azadıq. Çünki biz təkcə dəyərlərimizi təbliğ etmirdik, biz, həmçinin ideoloji cəhətdən özümüzü istənilən növ müdaxilədən, müsəlmanlar arasına nifrət toxumu səpmək cəhdlərindən qorumalı idik. Bu, müsəlman dünyasında yüksək qiymətləndirilir”.

Ceyhun Məmmədov

“Bu sözlər bir daha təsdiq edir ki, Azərbaycan təkcə regionda deyil, bütün İslam dünyasında vahidlik, birgəyaşayış və dini tolerantlıq nümunəsi kimi xüsusi yerə sahibdir”, - deyə deputat fikirlərinə davam edib:

“Prezident İlham Əliyevin vurğuladığı kimi, məzhəbçilik zəhəri müsəlman xalqlarını parçalamaq istəyən qüvvələrin əlində təhlükəli bir vasitəyə çevrilmişdir. Azərbaycan isə öz milli həmrəyliyi, dövlət-din münasibətlərində tarazlığı və ictimai birliyi ilə bu təhlükəni dəf edən, nümunə göstərən ölkədir.

O qeyd edib ki, bu yanaşma Azərbaycanın əsrlərlə formalaşmış dəyərlərinə söykənir.

“Bizim tariximizdə müxtəlif dinlərin, məzhəblərin və xalqların dinc yanaşı yaşaması ənənəsi var. Bu gün də həmin ənənə dövlət siyasəti səviyyəsində qorunur və dünyaya örnək kimi təqdim olunur.

Prezidentimizin müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan təkcə dini dəyərlərini təbliğ etmir, həm də ideoloji müstəqilliyini təmin edərək, müsəlman dünyasında nifrət toxumları səpmək istəyən xarici təsirlərə qarşı sipər rolunu oynayır. Bu, Azərbaycanın güclü dövlətçiliyinin və milli iradəsinin bariz göstəricisidir.

Azərbaycanın seçdiyi yol birlik, həmrəylik və güclü milli dəyərlər yoludur. Bu yol ölkəmizi həm regionda, həm də İslam aləmində möhkəmləndirir və nümunəyə çevirir”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 26-da Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər