Fransız Jurnalı: Azərbaycan keçmişlə gələcək arasında - FOTO

Fransada nəşr olunan Omerta jurnalı Azərbaycana həsr olunmuş geniş məqalə dərc edib.
Yazıda ölkənin tarixi, mədəniyyəti, memarlığı və 30 illik müstəqillik dövründə keçdiyi inkişaf yolu ətraflı şəkildə təsvir olunur.
Bakının gecə mənzərəsini təsvir edən jurnal, “Alov Qüllələri”nin Azərbaycan bayrağının rənglərində parıldadığını qeyd edir və vurğulayır ki, 2025-ci ildə Azərbaycan müstəqilliyinin 30 illik hesabatını verir.
Məqalənin müəllifi bildirir ki, 1991-ci ildə SSRİ-nin dağılmasından sonra yaranan Azərbaycan bu illər ərzində sürətli dəyişikliklər yolu keçib: dövlət quruculuğu, milli kimliyin möhkəmləndirilməsi, iqtisadi sabitlik, “dondurulmuş münaqişənin” idarə olunması və dünyada öz yerinin axtarışı.
Azərbaycan beynəlxalq aləmdə nüfuz qazanaraq, ötən il qlobal miqyaslı tədbirə – COP29 iqlim sammitinə ev sahibliyi edib. Omerta qeyd edir: “Bu tədbir enerji mənbələrini şaxələndirməyə çalışan dövlət üçün simvolik əhəmiyyət daşıyır.”
Məqalədə Azərbaycanın təmiz enerji mənbələrinə keçid səyləri kontekstində BƏƏ-nin ölkədə həyata keçirdiyi iri layihəyə də diqqət yetirilir. Söhbət "Masdar" şirkətinin Qaradağda inşa etdiyi nəhəng günəş elektrik stansiyasından gedir. Bu stansiya ildə 500 milyon kVt· saat enerji istehsal edə biləcək gücə malikdir. “2022-ci ildə elektrik enerjisinin 93%-i qazdan əldə olunurdu. Lakin neftin ucuzlaşması bu modelin zəifliyini üzə çıxardı. İndi Azərbaycan neft-qaz gəlirlərini bərpa olunan enerjiyə yönəldir. COP29-un məhz Bakıda keçirilməsi bu baxımdan rəmzi xarakter daşıyır”, – deyə məqalədə vurğulanır.
Yazıda ölkənin tarixi ilə karbohidrogenlərin sıx bağlı olduğu qeyd olunur: “Hələ XIX əsrdə Nobel qardaşları Bakını dünya neft sənayesinin mərkəzinə çevirmişdilər. Sovet dövründə şəhər SSRİ-nin enerji ürəyi idi. 1991-ci ildə müstəqillik əldə edildikdən sonra ‘neft dövrü’ başladı: 1994-cü ildə "Əsrin müqaviləsi" imzalandı, BTC (Bakı–Tbilisi–Ceyhan) neft kəməri çəkildi, qaz layihələri həyata keçirildi.”
Omerta yazır ki, əhalisinin əksəriyyəti şiə müsəlmanlardan ibarət olsa da, Azərbaycan 1991-ci ildən bəri dünyəvi dövlət qurur. Bu, dinin azad olduğu, lakin cəmiyyətə hökm etmədiyi bir modeldir. “Bakıda məscidlər, kilsələr və sinaqoqlar dinc yanaşı mövcuddur: Heydər məscidində şiə və sünnilər birgə ibadət edirlər, Qubada isə ‘Qırmızı qəsəbə’ adlı yaşayış məntəqəsi var – İsrail və ABŞ-dan kənarda tamamilə yəhudilərdən ibarət yeganə qəsəbə. Gənc azərbaycanlılar dini yolunu sərbəst seçirlər və bu, cəmiyyətdə qarşıdurma yaratmır”, – deyə müəllif qeyd edir.
Məqalədə hər bir azərbaycanlı üçün həssas olan Qarabağ mövzusuna da toxunulur. Bildirilir ki, 1990-cı illərin əvvəllərində baş vermiş qanlı müharibədən sonra bu region təxminən 30 il ərzində erməni qüvvələrinin nəzarətində olub. Lakin Azərbaycan 2020-ci ildə ərazinin böyük hissəsini geri qaytarmağa nail oldu, 2023-cü ildə isə cəmi bir gün ərzində bölgəni tamamilə erməni separatizmindən azad etdi və bununla da özünü elan etmiş qurumun mövcudluğuna son qoydu. “Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, lakin müharibənin yaraları hələ də sağalmayıb”, – deyə müəllif yazır.
Məqalədə vurğulanır ki, indi əsas vəzifə azad edilmiş ərazilərin bərpasıdır. 2024-cü ildə dövlət bu məqsədlə 2,25 milyard ABŞ dolları ayırıb. Yeni şəhərlər, yollar və infrastruktur layihələri həyata keçirilir.
“Azərbaycan Yeni İpək Yollarında əsas qovşağa çevrilib. Transxəzər dəhlizi Çinlə Avropanı Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirir. Bu, Asiya ilə Avropa arasında ən qısa quru marşrutudur və ölkəni Avrasiya ticarətində mühüm oyunçuya çevirir”, – deyə məqalədə qeyd olunur.
Nəticə olaraq, "Omerta" jurnalı vurğulayır ki, Azərbaycan 30 il ərzində postsovet respublikasından öz inkişaf modelinə malik müstəqil dövlətə çevrilib: “O, dünyəviliyi və dini dözümlülüyü, neftlə zəngin keçmişi və ‘yaşıl’ gələcəyi, müharibə xatirələrini və regional liderlik ambisiyalarını bir araya gətirir.”