İranın yeni Azərbaycan siyasəti nəyə hesablanıb? – Ekspertdən ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

İranın yeni Azərbaycan siyasəti nəyə hesablanıb? – Ekspertdən ŞƏRH

Qafar Ağayev11:20 - Bu gün
İranın yeni Azərbaycan siyasəti nəyə hesablanıb? – Ekspertdən ŞƏRH

"İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri Tehranın Bakı ilə daha sıx diplomatik, siyasi, iqtisadi-ticari əlaqələr qurmaq prioritetlərini göstərir".

Bunu 1news.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov bildirib.

O, deyib ki, bu, Azərbaycanın ABŞ və İsraillə güclənən münasibətləri ilə bağlı Tehranın narahatlıqları fonunda baş verir.

"İran bu strategiyasını açıq şəkildə bəyan etməsə də, ziddiyyətli açıqlamalar vasitəsilə əsl məramını gizlədə bilmir. İranın Azərbaycanla bağlı təbliğat və ritorikasında praqmatizm güclənib və bu dəyişiklik Tehranın üzləşdiyi geosiyasi problemlər və təhlükəsizlik narahatlıqları fonunda formalaşır. Bununla belə, İranın xarici siyasətində Azərbaycana qarşı klassik ittihamların təkrarlanması da davam edir".

Aqşin Kərimov vurğulayıb ki, İran daxilində iki istiqamət formalaşıb:
– Azərbaycanla münasibətlərin inkişafından məmnun olan düşərgə praqmatik dilə üstünlük verir;
– Azərbaycana qarşı təbliğat aparan dairələr isə mötədil mövqelərə əks-balans yaratmağa çalışır.

Ekspert hesab edir ki, bu iki paralel xətt İran siyasətində qəsdən çaşqınlıq görüntüsü yaradan strategiyanın göstəricisidir. Onun sözlərinə görə, Tehran oxşar yanaşmanı təkcə Azərbaycana deyil, həm də ABŞ kimi rəqiblərinə və Rusiya kimi tərəfdaşına qarşı tətbiq edir.

Aqşin Kərimov

Kərimov qeyd edib ki, Tehran siyasətinin bu xətti bir sıra amillərin təsiri ilə formalaşır:
İrana qarşı sanksiyaların genişlənməsi və nüvə proqramına təzyiqlərin artması, Ali Rəhbər Seyid Əli Xameneinin varisliyi ilə bağlı elita daxilində rəqabət, Yaxın Şərqdə proksi qüvvələrin zəifləməsi, ABŞ–Səudiyyə Ərəbistanı arasında yeni müttəfiqlik xəttinin yaranması, İran-Rusiya münasibətlərində zahiri müttəfiqliyə baxmayaraq, Moskvanın kritik məqamlarda Tehrana dəstək göstərməməsi, İsraillə genişmiqyaslı hərbi eskalasiya riskinin artması kimi amillərlərin təsiri böyükdür.

Ekspertin sözlərinə görə, bütün bu amillər İranı xarici tərəfdaşlıq və qarşıdurma siyasətini balanslaşdırmağa vadar edir.

"İran hazırda özünə qarşı yarana biləcək kritik böhran anlarını nəzarətdə saxlamağa çalışır və region ölkələri ilə əlaqələri genişləndirməyə üstünlük verir. Bu çərçivədə Azərbaycanla mülayim mövqe tutmaq Tehran üçün ən optimal seçimə çevrilir. İran xarici işlər nazirinin Bakıya səfəri tərəflər arasında müsbət və konstruktiv istiqamətləri müəyyənləşdirir. Bu, Azərbaycan üçün də regional risklərin minimallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir".

Onun fikrincə, Tehran böhran anlarında Azərbaycanın mövqeyinə əsaslanaraq hadisələrə çevik reaksiya vermək istəyir.

"Bakı isə bütün regional risk və təhlükəsizlik dilemmalarını təhlil edir və genişmiqyaslı toqquşmaların qarşısını almaq üçün sınaqdan çıxmış diplomatik və siyasi alətlərə üstünlük verir.

Abbas Əraqçinin səfəri zamanı Azərbaycanın İran və İsrail arasında mümkün vasitəçilik səyləri barədə müəyyən işarələr də müzakirə olunub. İran-Azərbaycan münasibətlərində baş verən yeni strukturlaşdırma Tehran tərəfindən müdafiəyə ehtiyac reallıqları çərçivəsində dəyərləndirilir. Azərbaycanın yanaşması isə dəyişən qlobal güc balansında mümkün toqquşmaların qarşısını almaq və eskalasiya anlarında özünü maksimum şəkildə sığortalamaq cəhdləri ilə izah oluna bilər".

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər