Ukrayna ombudsmanından təklif: Ukrayna və Azərbaycan itkin düşmüş şəxslərlə bağlı işçi qrupu yaratsın

“İtkin düşmüş şəxslərlə bağlı dəqiq və rəsmi məlumat əldə etmək mümkün deyil”.
1news.az xəbər verir ki, bu fikri İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Dmitro Lubinets səsləndirib.
Onun sözlərinə görə, qeyri-rəsmi məlumatlara əsasən, Rusiyanın nəzarəti altında olan Ukrayna ərazilərində 200 minə yaxın şəxs itkin düşmüş sayılır.
Ombudsman qeyd edib ki, indiyədək 6 235 ukraynalı geri qaytarılıb: “Onların arasında 372 mülki şəxs var və onlar da itkin düşmüşlər siyahısında idi”.
Dmitro Lubinets əlavə edib ki, yalnız 2024-cü ildə Ukrayna Ombudsmanının Ofisinə itkin düşmüş şəxslərin ailə üzvlərindən 18 mindən artıq, 2025-ci ildə isə 15 minə yaxın müraciət daxil olub.
O, həmçinin itkin düşmüş şəxslərlə bağlı məsələlərin həlli istiqamətində Ukrayna və Azərbaycanın məhkəmə-ekspertiza qurumlarının nümayəndələrinin iştirakı ilə birgə İşçi qrupunun yaradılmasını təklif edib.