İKTA poçt operatorları ilə bağlı vətəndaşlardan hansı şikəyətlərin gəldiyini açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

İKTA poçt operatorları ilə bağlı vətəndaşlardan hansı şikəyətlərin gəldiyini açıqladı

Qafar Ağayev14:26 - Bu gün
İKTA poçt operatorları ilə bağlı vətəndaşlardan hansı şikəyətlərin gəldiyini açıqladı

Azərbaycanda poçt rabitəsi operatorlarının sifarişlərin gecikdirilməsi, itirilməsi və ya səhv ünvana çatdırılması ilə bağlı vətəndaşlar tərəfindən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) şikayətlər daxil olur.

1news.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurum olan İKTA-da poçt rabitəsi operatorları ilə keçirilən növbəti görüşdə aparılıb.

Həmçinin operatorlara bildirilib ki, quruma çəki və qiymət fərqinin yaranması, eyni zamanda müştəri xidmətləri mərkəzlərinin fəaliyyətinin zəif olması ilə bağlı da şikayətlər gəlməkdədir.

İKTA-nın İstehlakçı hüquqları şöbəsinin rəhbəri Sarvan Cəbrayılzadə bildirib ki, görüşün əsas məqsədi xidmət keyfiyyətinin və istehlakçı məmnuniyyətinin artırılması istiqamətində atılan və atılacaq addımların müzakirə edilməsidir. Eyni zamanda nəzərə çatdırılıb ki, intensiv alış-veriş dövrlərində sifarişlərin sürətli və vaxtında çatdırılması üçün poçt rabitəsi operatorları mövcud resurslarına diqqət yetirməli və baş verə biləcək gecikmə hallarının qarşısını almaq üçün səfərbər olunmalıdır.

Həmçinin qarşıya çıxan çətinliklərin birgə aradan qaldırılması və istehlakçı məmnuniyyətinin artırılması üçün maarifləndirici addımların genişləndirilməsinin və qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.

Qeyd edilib ki, İKTA istehlakçı məlumatlandırması prosesini davam etdirəcək və poçt rabitəsi operatorlarına ən çox şikayət edilən mövzularda audiovizual materialların hazırlanması üçün metodiki dəstək verəcək.

Poçt rabitəsi operatorlarının nümayəndələri gecikmələrin əsasən bəzi vaxtlarda bağlama sayının çox olması, təyyarə reyslərinin gecikməsi və bu kimi başqa məsələlərlə bağlı olduğunu bildiriblər. Qeyd edilib ki, elektron izləmə xidmətinin olmasına baxmayaraq bəzən müştərilərin eyni məsələ ilə bağlı çağrı mərkəzlərinə dəfələrlə müraciət etməsi halları yaşanır, bu isə növbələrin yaranmasına və xidmət keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Ümumilikdə şifahi müraciətlərin 24 saat, yazılı müraciətlərin isə xüsusi araşdırma tələb edilərsə, 2 həftə ərzində cavablandırıldığı qeyd edilib.

Paylaş:
44

Son xəbərlər

Bütün xəbərlər