Azərbaycan Avropaya hava bağlantılarını genişləndirir: Bakı–Bratislava birbaşa uçuşlarına start verilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Avropaya hava bağlantılarını genişləndirir: Bakı–Bratislava birbaşa uçuşlarına start verilir

15:38 - Bu gün
Azərbaycan Avropaya hava bağlantılarını genişləndirir: Bakı–Bratislava birbaşa uçuşlarına start verilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri çərçivəsində Slovakiya prezidenti və baş naziri ilə görüşlərdə əldə olunan razılığa uyğun olaraq, AZCON Holding-ə daxil olan “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi ilə Macarıstanın “Wizz Air” aviaşirkəti arasında Azərbaycan ilə Mərkəzi və Şərqi Avropa ölkələri arasında uçuş marşrutlarının genişləndirilməsi üzrə işçi görüşü keçirilib.

Bu barədə 1news.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Görüşdə Bakı – Bratislava (Slovakiya) birbaşa reyslərinin açılması, habelə Buxarest (Rumıniya) və Varşava (Polşa) istiqamətlərinin marşrut şəbəkəsinə əlavə olunması məsələləri müzakirə edilib. Tərəflər, eyni zamanda “Wizz Air” uçuşlarının Azərbaycanın regional hava limanlarında icrası və mümkün bazalanma imkanlarını qiymətləndiriblər. Bu yanaşma regionlarda turizmin inkişafı, işgüzar mobilliyin genişləndirilməsi və beynəlxalq əlaqələrin gücləndirilməsi üçün yeni impuls yaradır.

Yaxın zamanda reyslərin icrasına başlanılması planlaşdırılır. İlk mərhələdə Bratislava, Buxarest və Varşava istiqamətlərində reyslərin icrası nəzərdə tutulur.

“Azərbaycan Hava Yolları” QSC və "Wizz Air" aviaşirkəti yeni marşrutların açılması istiqamətində real irəliləyiş əldə edərək növbəti mərhələləri fəal şəkildə müzakirə etməyə davam edəcək. Məqsəd sərnişinlər üçün daha geniş, rəqabətqabiliyyətli və əlçatan marşrut şəbəkəsi yaratmaqla Azərbaycanın mülki aviasiya sektorunun regional və qlobal mövqelərini daha da möhkəmləndirməkdir.

Paylaş:
213

Son xəbərlər

Bütün xəbərlər