Paytaxtda genişlənən avtobus zolaqları: Binəqədi şossesində hansı yeniliklər gözlənilir? - AÇIQLAMA
Müasir şəhərlərin davamlı inkişaf modelində ictimai nəqliyyat çox vacibdir.
Dünyanın ən böyük metropollarında — London, Paris, Sinqapur, Seulda və İstanbulda - şəhər idarəçiliyinin prioritetlərindən biri ictimai nəqliyyatın sürətli, əlçatan və dayanıqlı şəkildə təşkil olunmasıdır. Mikromobilliyin genişlənməsi, velosiped və skuter kimi alternativlərdən istifadənin artması isə bu sistemin daha çevik və müasir formaya düşməsinə səbəb olur. Bu qlobal təcrübələr göstərir ki, nəqliyyat infrastrukturunun gücləndirilməsi tıxacların azalmasına, şəhər mühitinin insan yönümlü olmasına və iqtisadi itkilərin minimuma enməsinə imkan verir.
Elə paytaxt Bakıdada avtomobillərin sayı sürətlə artır və şəhər yollarında tıxaclar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Pik saatlarda geniş yollar belə tıxacların qarşısını ala bilmir, bu da göstərir ki, sadəcə yol genişləndirmək problemi həll etmir. Buna görə də ictimai nəqliyyatın inkişafı, avtobus zolaqları və sərnişindaşımada rahatlığın artırılması daha effektiv həll yolu kimi ortaya çıxır.
AYNA tərəfindən paytaxtın müxtəlif istiqamətlərində hərəkətin optimallaşdırılması, xüsusi avtobus zolaqlarının çəkilməsi və marşrutların yenilənməsi istiqamətində addımlar atılır. Artan sərnişin axını və böyüyən şəhər strukturu fonunda bu tədbirlərin nəticələri cəmiyyət tərəfindən böyük maraqla izlənir. Bəzən bu məsələdə şəhər sakinlərinin fikirlərinin ayrılması da müşahidə olunur. Bəziləri ictimai nəqliyyat üçün xüsusi zolaqların çəkilməsini dəstəkləsə də, bəziləri isə bu yeniliklərin şəhərdə tıxacları artırdığı qənaətindərir.





Əlbəttə, dünyanın bütün ölkələrində olduğu kimi bizdə də bəzi yeniliklər heç də hər zaman rahat qəbul olunmur. Amma zamanla görürük ki, atılan addımlar addımlar özünü doğruldur, insanların fikirlərini dəyişdirir.
Bəs görəsən indiyədək çəkilən avtobus zolaqlarının uzunluğu nə qədərdir?
Xüsusilə Bakı-Sumqayıt yolunda bir neçə gün əvvəl tətbiq edilən avtobus zolağı sərnişindaşımaya necə təsir edib? Zolaqlarla yanaşı avtobusların intervalının azaldılması istiqamətində hansı işlər görülür?
Paytaxtın daha hansı ərazilərində xüsusi hərəkət zolaqlarının tətbiqi nəzərdə tutulur?
Bakının və Abşeronun bir neçə qəsəbəsinin sakinlərinin istifadə etdiyi Binəqədi şossesində də günün pik saatlarında uzun tıxaclar müşahidə edilir. Bu istiqamətdə hansı işlərin görülməsi nəzərdə tutulur?
Bu və digər suallarımıza Azərbaycan Yerüstü Nəqliyyat Agentlindən (AYNA) cavab almağa çalışdıq.
1news.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib ki, avtobusla sərnişindaşıma şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir.
“Çünki sərnişin daşımalarının böyük hissəsi məhz avtobuslarla həyata keçirilir. İctimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərir, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır. Beləliklə, avtobus üstünlüyünün təmin edilməsi məhz tıxac olan küçələrdə lazımdır. Xüsusi avtobus zolağı daha çox sərnişinin danışmasına imkan yaradır.
O, bildirib ki, hazırda Bakı şəhərinin 40-a yaxın küçə və prospektdə ümumi uzunluğu 114 km-ə yaxın xüsusi hərəkət zolaqları təşkil edilib.
“Qeyd edək ki, bir neçə gün əvvəl Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən Həmdəm Ağayev küçəsinədək olan hissəsində avtobusların rahat və maneəsiz hərəkətini təmin etmək üçün xüsusi hərəkət zolağı yaradılıb. Bununla da mövcud xüsusi hərəkət zolağının yeni hərəkət zolağı ilə əlaqələndirilməsi həyata keçirilib. Təşkil edilən həmin zolaqla hərəkət edən marşrutların sayı 15-ə çatıb. Sözügedən yol sahəsində 102, 114A, 114B, 119, 142, 158, 159, 170, 199, 500, 503, 508, 525, 594, E2 nömrəli marşrutlar fəaliyyət göstərir. Bu isə Sumqayıt, Xırdalan şəhərləri və Masazır qəsəbəsi istiqamətində hərəkət edən sərnişinlərin fasiləsiz daşınmasına müsbət təsir edir. Bu ərazidəki məsafəni avtobuslar pik saatlarda 15 dəqiqəyə getdiyi halda, xüsusi zolağın təşkilindən sonra həmin məsafəni ictimai nəqliyyat vasitələri 4 dəqiqəyə qət edir.
Bundan əlavə, hazırda xüsusi hərəkət zolağının təşkili Şəhər şosesində (Zabrat yolu) həyata keçirilir. Sabunçu rayonunun bu ərazisində xüsusi hərəkət zolağının mövcudluğuna baxmayaraq, şosenin sonunda – yolötürücünün başlanğıcından Heydər Əliyev prospekti ilə kəsişməyədək zolaq mövcud deyildi. Bu da ictimai nəqliyyat vasitələrinin sıxlıq halları ilə üzləşməsinə səbəb olurdu. Şəhər şosesində zolağın yaradılması ilə 17 müntəzəm marşrut xətti üzrə 160-dan çox avtobus rahat hərəkət edəcək”.
T.Orucov deyib ki, avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə hazırda Binəqədi şosesi də daxil olmaqla paytaxtın digər küçə və prospektlərində xüsusi hərəkət zolaqlarının təşkili imkanları ilə bağlı təhlillər aparılır.











