“Sumqayıt” FK prezidenti jurnalistlərə qarşı məhkəmə işi barədə bəyanatla çıxış edib – ƏTRAFLI | 1news.az | Xəbərlər
Cəmiyyət

“Sumqayıt” FK prezidenti jurnalistlərə qarşı məhkəmə işi barədə bəyanatla çıxış edib – ƏTRAFLI

12:30 - Bu gün
“Sumqayıt” FK prezidenti jurnalistlərə qarşı məhkəmə işi barədə bəyanatla çıxış edib – ƏTRAFLI

“Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyev idman ictimaiyyətinə, azarkeşlərə və media nümayəndələrinə uzun müddətdir müzakirə olunan məhkəmə prosesi ilə bağlı rəsmi müraciət ünvanlayıb.

1news.az xəbər verir ki, söhbət jurnalistlər Anar Şabanoğlu və İxtiyar Əsgərovla bağlı qaldırılmış iddiadan gedir. Rəfiyevin sözlərinə görə, adıçəkilən şəxslər tərəfindən onun barəsində davamlı şəkildə əsassız, yalan, böhtan xarakterli, habelə hədə-qorxu elementləri daşıyan məlumatlar paylaşılırdı. Məhz buna görə o, təkzib, üzr və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib.

Aşağıda Riad Rəfiyevin bəyanatının tam mətni təqdim olunur:

Hörmətli Azərbaycan futbol ictimaiyyəti, əziz azarkeşlər, dəyərli media nümayəndələri!

Mən, Rəfiyev Riad Razim oğlu bir müddətdir idman ictimaiyyətinin gündəmində olan məhkəmə prosesi ilə bağlı bəyanatı diqqətinizə çatdırmaq istəyirəm.

Məlum olduğu kimi, jurnalistlər Anar Şabanoğlu və İxtiyar Əsgərov tərəfindən haqqımda uzun müddət davamlı və qərəzli şəkildə əsası olmayan, yalan, böhtan, hədə-qorxu tipli məlumatlar paylaşılması səbəbindən tərəfimdən məhkəməyə müraciət olunmuş, sözügedən şəxslər haqqında təkzib, üzr və təzminat tələbi ilə mülki iddia qaldırılmışdı.

Nərimanov Rayon Məhkəməsi iddiamın qismən təmin edilməsi ilə bağlı aşağıdakı qərarı verib:

“Sports.Az” saytının təsisçisi Anar Şabanoğlu və “Matc.az” saytının baş redaktoru İxtiyar Əsgərov tərəfindən mənim haqqımda yayılmış məlumatların “məhkəmə tərəfindən həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi” barədə təkzib mətni “Sports.Az” və “Matc.az” saytlarında, həmçinin cavabdehlərin şəxsi “Facebook” hesablarında yerləşdirilməlidir.

Sözügedən məlumatlar “Sports.Az”, “Matc.az” internet resurslarından, eləcə də Anar Şabanoğlu və İxtiyar Əsgərovun “Facebook” hesablarından silinməlidir.

Mənə vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədilə cavabdehlərdən — “Sports.az” MMC və Anar Səid Şaban oğlundan 1000 manat, Əsgərov İxtiyar Kamal oğlundan 1000 manat, ümumilikdə isə 2000 manat tutularaq iddiaçı Rəfiyev Riad Razim oğluna ödənilməlidir.

Rəfiyev bildirib ki, bu məbləğ şəxsi istifadəsi üçün nəzərdə tutulmur və iddia ərizəsində də qeyd edildiyi kimi xeyriyyə məqsədilə YAŞAT Fonduna köçürülməsini istəyir.

O, məhkəmə qərarının icrasının aidiyyəti qurumlar tərəfindən diqqətlə izləniləcəyinə inandığını və prosesin Mətbuat Şurası və MEDİA Agentliyi tərəfindən də nəzarətdə saxlanılacağına ümid etdiyini deyib.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər