Media nümayəndələri Şəkinin turizm imkanları ilə tanış olublar - FOTO
Dekabrın 2-3-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə media nümayəndələrinin səfəri baş tutub. Səfərin məqsədi Şəkinin daxili turizm imkanlarını daha geniş nümayiş etdirmək, bölgədə turistlər üçün yaradılan şəraiti, həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək olub.
1news.az-ın əməkdaşının da iştirak etdiyi mediaturda Şəkinin Öyrət kəndi ərazisində yerləşən "BioGarden" eko-aqro turizm təsərrüfatı ilə tanışlıq zamanı jurnalistlərə məlumat verilib ki, səkkiz hektar ərazini əhatə edən bağda üç mindən çox meyvə ağacı var. Həmçinin, bağda arıçılıq təsərrüfatı da mövcuddur.
Qeyd olunub ki, “BioGarden” Aqroekoloji Turizm Məkanı 2010-cu ildən etibarən biznes turizm fəaliyyəti göstərir. Biznes subyektinin əsas məqsədi Azərbaycanın şimal-qərb bölgəsində aqrobio müxtəlifliyin inkişafına və davamlı istifadəsinə nail olmaq, turizm fəaliyyəti göstərməkdir. Bununla yanaşı, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, istehsal olunan ekoloji təmiz məhsullardan istifadə etməklə milli yeməkləri təqdimatı, aqroturizm imkanlarının genişləndirilməsi və təşviqi də əsas hədəflərdir.
Şəkinin qədim və mühüm təsərrüfat sahələrindən biri olan ipəkçilik barədə dolğun məlumat əldə etmək üçün jurnalistlər “Azəripək” ASC-də də olublar. Bildirilib ki, hazırda “Azəripək” ASC-nin baramadan xam ipək açan, toxucu, boyaq-bəzək istehsalatları, burucu və xalça sexləri fəaliyyət göstərir. Müəssisədə yüksək keyfiyyətli 100% təbii xam ipək, müxtəlif ipək məhsullar, eyni zamanda kəlağayı, şərf, çitmə və sair istehsal olunur. İstehsal edilən məhsullar xarici ölkələrə ixrac olunur.
Media mənsubları Şəkidə sənətkarlarla görüşüb, onların iş prosesi ilə yaxından tanış olub, məşhur Şəki halvasının hazırlanması prosesini izləyiblər. Halvaçı Xosrov Qafarov bu şirniyyat növünün hazırlanmasındakı incəliklər barədə ətraflı məlumat verib. Şəkinin ənənəvi dulusçuluq sənət növü ilə tanışlıq zamanı isə dulusçu Əhəd Məmmədov media mənsublarına öz emalatxanasında master-klas göstərib, hazırladığı məhsulların çeşidindən, təyinatından danışıb.
“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisinə baş çəkən jurnalistlərə buradakı tarixi abidələr, maddi-mədəniyyət nümunələri, eyni zamanda Xan sarayı barədə ətraflı məlumat verilib. Bildirilib ki, DTA tabeliyindəki qoruqlarda, o cümlədən “Yuxarı Baş” qoruğunda tarix, mədəniyyət və təbiət abidələrinin, maddi-mədəni irsin qorunması ilə yanaşı, ərazinin turistlər üçün daha maraqlı məkana çevrilməsi üçün cari bərpa və yenidənqurma işləri görülür. Bu işlərin davamı kimi, hazırda Dairəvi Məbəddə bərpa işləri həyata keçirilir.
Mediatur çərçivəsində jurnalistlər sahibkar Sevinc Bayramovaya məxsus “Süsən” istehsalat müəssisəsində də olublar. Media mənsublarına “Süsən” brendi ilə istehsal olunan kəlağayılar, onların çeşidi, daxili və xarici bazarda tələbat, turistlərin bu məhsul növünə marağı barədə məlumat verilib.
Səfər müddətində media nümayəndələrinin maraq doğuran sualları ətraflı cavablandırılıb.























