Azərbaycan və Estoniya vergi sahəsində əməkdaşlıq imkanlarını dəyərləndiriblər
Azərbaycan və Estoniya vergi sahəsində innovativ idarəetmə modellərinin inkişafı istiqamətində əməkdaşlıq məsələlərini müzakirə edib.
Bu barədə 1news.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Belə ki, Estoniya Vergi və Gömrük Şurasının baş direktorunun müavini Yanek Rozovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olub. Səfərin əsas məqsədi Azərbaycan və Estoniya arasında vergi inzibatçılığı, rəqəmsal xidmətlərin tətbiqi və innovativ idarəetmə modellərinin inkişafı istiqamətində əməkdaşlığın daha da genişləndirilməsi olub.
Dövlət Vergi Xidmətində keçirilən görüşlər zamanı Estoniyanın dünyada tanınmış rəqəmsal idarəetmə ekosistemi, vergi inzibatçılığı proseslərinin avtomatlaşdırılması, məlumatların real vaxt rejimində emalı, transsərhəd məlumat mübadiləsi və yeni nəsil analitik həllərin tətbiqi üzrə təcrübəsi ətrafında geniş müzakirələr aparılıb. Tərəflər birgə layihələrin həyata keçirilməsi perspektivlərini, qarşılıqlı inteqrasiya və əməkdaşlıq formatlarını da nəzərdən keçiriblər.
Görüşlərdə vergi inzibatçılığının təkmilləşdirilməsi, rəqəmsal ekosistemin daha da inkişaf etdirilməsi, təhlükəsiz məlumat idarəçiliyi və risk əsaslı vergi nəzarəti mexanizmlərinin gücləndirilməsi sahəsində əməkdaşlığın vacibliyi vurğulanıb. Tərəflər arasında geniş təcrübə mübadiləsi aparılıb, müxtəlif rəqəmsal vergi həlləri və idarəetmə alətləri praktiki şəkildə nümayiş etdirilib.
Nümayəndə heyətinin səfəri çərçivəsində Estoniya Vergi və Gömrük Şurası tərəfindən real vaxt iqtisadiyyatı, vergi ödəyicilərinin qiymətləndirilməsi və risklərin idarə edilməsi üzrə həllər üzrə həyata keçirilən layihələr təqdim edilib. DVX tərəfindən rəqəmsal vergi inzibatçılığı sahəsində görülmüş işlər, tətbiq edilən yeni nəsil elektron xidmətlər, vergi risklərinin idarə olunması üzrə istifadə edilən analitik sistemlər, məlumat təhlükəsizliyi və idarəetmə modelləri haqqında ətraflı məlumat verilib.












