Bəzi MTK-lar internet xidmətlərinin göstərilməsinə maneə törədir
Azərbaycanda çoxmənzilli yaşayış komplekslərində (MTK) ən azı 3 fərqli provayderin xidmət göstərməsi abonentlərin seçim hüququnun təmin edilməsi və rəqabətin formalaşması baxımından zəruridir.
1news.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) istinadən xəbər verir ki, bu barədə MTK-larda internet xidmətlərinin göstərilməsi və rəqabət mühitinin gücləndirilməsi mövzusunda telekommunikasiya operatoru və provayderləri ilə növbəti görüşdə deyilib.
Görüşdə telekommunikasiya operatoru və provayderləri tərəfindən yaşayış komplekslərində telekommunikasiya xidmətlərinin təqdim edilməsinə dair icazələrin verilməsi ilə bağlı İKTA-ya mütəmadi olaraq müraciətlərin daxil olduğu deyilib.
Bildirilib ki, daxil olan müraciətlər əsasında Agentlik tərəfindən müvafiq mənzil-tikinti kooperativlərinə, cəmiyyətlərə və digər idarəedici təşkilatlara telekommunikasiya fəaliyyətinin həyata keçirilməsinə şərait yaradılması barədə rəsmi müraciətlər ünvanlanır.
İştirakçılara MTK-lara göstərilən xidmətlərlə bağlı statistik məlumatlar təqdim olunub. Qeyd edilib ki, daxil olmuş müraciətlər əsasında 50-yə yaxın MTK-da alternativ internet telekommunikasiya xidmətlərinin göstərilməsi təmin edilib, daha bir neçə binada isə kabelləşmə işləri icra mərhələsindədir. Bu göstəricilər rəqəmsal infrastruktura çıxışın genişləndirilməsi istiqamətində işlərin davamlı xarakter daşıdığını göstərir.
Görüşdə MTK-lar tərəfindən bəzi hallarda yaradılan süni çətinliklər də müzakirə olunub. Bildirilib ki, MTK rəhbərliyi ilə razılıq əldə olunduqdan sonra belə, bəzi MTK nümayəndələri telekommunikasiya fəaliyyəti üçün zəruri şərait yaradılmasına əsassız maneələr törədirlər. Misal olaraq qeyd edilib ki, bəzi hallarda MTK-ya xidmət haqlarının gecikməsi zamanı elektrik enerjisinin kəsilməsi və ya ödəniş məbləğinin əsassız şəkildə artırılması kimi praktikalara yol verilir.
Rəqabətli mühitin formalaşmasına dair müsbət nümunələr də diqqətə çatdırılıb. Qeyd edilib ki, Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus yaşayış komplekslərində alternativ internet xidmətlərinin göstərilməsi ilə bağlı işlərə başlanılıb. Bu, gələcəkdə həmin komplekslərin sakinlərinə bir neçə provayder arasında sərbəst seçim imkanı yaradılacağını göstərir.
Tədbir çərçivəsində İnternet Xidmət Provayderlərdən göstərdikləri əlavə xidmətlərə dair məlumatlar da tələb olunub. "Aztelekom" MMC tərəfindən bildirilib ki, yeni şirkətlərlə əməkdaşlıq çərçivəsində "Aztelekom" abunəçiləri gələcəkdə "Ağıllı ev" prinsipi əsasında kompleks xidmətlərdən yararlana biləcəklər. Həmçinin yeni nəsil "Mesh" sistemlərinin quraşdırılmasının yaxın vaxtlarda təmin ediləcəyi vurğulanıb ki, bu da ev daxilində internetin keyfiyyətini və sabitliyini daha da artıracaq.
Görüşün sonunda qeyd olunub ki, İKTA MTK-larda internet xidmətlərinə çıxışın genişləndirilməsi, rəqabət mühitinin gücləndirilməsi və vətəndaşların seçim imkanlarının artırılması istiqamətində telekommunikasiya operatoru və provayderləri və MTK-larla əməkdaşlığı davam etdirəcək, aşkarlanan problemlərin aradan qaldırılması üçün zəruri hüquqi və təşkilati tədbirlərin görülməsini diqqətdə saxlayacaq.












