Ceyhun Bayramov: Azərbaycan daha 5 ölkə ilə vizasız rejim üzərində işləyir
“Hazırda Azərbaycan daha 5 ölkə ilə vizanın ləğv edilməsi istiqamətində işlər aparır”.
1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir bildirib ki, vətəndaşların gediş-gəlişinin sadələşdirilməsi məqsədilə tərəfdaş ölkələrin siyahısının genişləndirilməsi istiqamətində işlər davam etdirilir:
“Bu məsələlər qarşılıqlı prinsip əsasında təhlil edilir və bütün elementlər nəzərə alınmaqla prosesdə artım müşahidə olunur. Son bir neçə ildə Albaniya, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Qətər, Mərakeş və Çin kimi ölkələrə gediş-gəliş vizasız olub. 2025-ci ildə 10 ölkə ilə vətəndaşlar üçün vizasız gediş-gəliş təmin edilib. Ümumilikdə 74 ölkə ilə diplomatik pasportlara dair sazişlər imzalanıb”.












