Milli Məclisin nümayəndə heyəti Latviya Seyminin sədri ilə görüş keçirib
11-12 mart tarixlərində Azərbaycan Respublikası Milli Məclisin deputatları, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov və üzvləri Fazil Mustafa və Sevil Mikayılovanın Latviyaya səfəri davam edib.
1news.az xəbər verir ki, nümayəndə heyəti Seymin sədri Dayqa Mierinya ilə görüş keçirib. D.Mierinya 2024-cü ilin may ayında Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən görüşləri məmnuniyyətlə xatırlayaraq, ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası dialoqun rolunu qeyd edib. Seymin sədri dostluq qrupların qarşılıqlı səfərlərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, habelə parlamentlərin profil komitələri arasında əlaqələrin möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrini əhatə edən qarşılıqlı fəaliyyət barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycan və Latviya bənzər tarixə malik dost və strateji tərəfdaş ölkələrdir və tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar mövcuddur.
Milli Məclisin nümayəndə heyəti qarşı tərəfə Cənubi Qafqaz bölgəsindəki son vəziyyət, Azərbaycan-Ermənistanın normallaşma prosesi, habelə İran tərəfindən Azərbaycan Respublikasına qarşı həyata keçirilmiş dron hücumları barədə məlumat verib və bu xüsusda, Latviyanın ölkəmizlə həmrəyliyi Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb.
Səfər çərçivəsində nümayəndə heyəti Seyminin Xarici əlaqələr komitəsinin sədri İnara Murniyetse, Seymin Müdafiə, daxili işlər və korrupsiyanın qarşısının alınması üzrə komitəsinin sədri Raymonds Berqmanis, Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini, siyasi məsələlər üzrə direktoru İvars Lasis, Riqa şəhər şurası sədrinin müavini Maris Sprindjuks və Latviya Yerli və regional hakimiyyət orqanları assosiasiyasının baş katibi Mudite Yuhna ilə görüşlər keçirib.
Keçirilmiş görüşlərdə Azərbaycan və Latviya arasında əlaqələrin inkişafında parlament ölçüsünün önəmi qeyd olunub, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğu bildirilib və əməkdaşlığın konkret istiqamətləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.
Həmçinin, cari ilin may ayında ölkəmizdə keçiriləcək “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası barədə məlumat verilib.
Keçirilmiş görüşlərdə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov iştirak edib.
Səfər çərçivəsində Milli Məclisin deputatları Seymin plenar iclas zalı və Riqa şəhərinin tarixi və mədəni ocaqlarından olan “Riqa Art Nouveau Mərkəzi” Muzeyi və “Mejapark Böyük Səhnə” kompleksi ilə tanış olublar.
.jpeg)















