XİN rəhbəri: Həbsdə olan erməniəsilli şəxslərlə bağlı təzyiqlər nəticə verməyəcək
Azərbaycanda həbsdə olan erməniəsilli şəxslərin azadlığa buraxılması ilə bağlı ölkəyə qarşı aparılan kampaniyalar nəticə verməyəcək.
1news.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabat zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir bildirib ki, Azərbaycanda həbsdə olan erməniəsilli şəxslərin azadlığa buraxılması ilə bağlı müxtəlif çağırışların şahidi olunub, lakin hər bir dövlətin öz ərazisində insanlıq əleyhinə ağır cinayətlər törətmiş şəxsləri məsuliyyətə cəlb etmək hüququ var.
Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycan 2023-cü ildə antiterror tədbirlərindən sonra humanist mövqe nümayiş etdirərək silahlı qruplaşmanın üzvü olmuş on mindən çox şəxsin Ermənistana qayıtmasını təmin edib. Onun sözlərinə görə, hazırda Azərbaycanda məhkum olunmuş və barələrində cinayət prosesi davam edən 23 nəfər ağır cinayətlər törətmiş şəxslərdir.
Nazir qeyd edib ki, istintaq və məhkəmə prosesi davam edən şəxslərlə bağlı hər hansı qərarın verilməsi mümkün deyil və əlavə edib:
“Onların azadlığa buraxılması ilə bağlı Azərbaycana qarşı kampaniyalar aparan şəxslər anlamalıdırlar ki, bu kimi addımlarla qanuna uyğun olmayan qərarları Azərbaycan dövlətinə qəbul etdirmək mümkün deyil”.












