Tbilisidə BTQ dəmir yolunun təhvil-təslim üzrə yekun aktının imzalanması müzakirə olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Tbilisidə BTQ dəmir yolunun təhvil-təslim üzrə yekun aktının imzalanması müzakirə olunub

Qafar Ağayev16:23 - Bu gün
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslim üzrə yekun aktının imzalanması müzakirə olunub

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov 29 yanvar tarixində Tbilisidə “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamara İoseliani ilə görüşüb.

ADY-dən 1news.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Gürcüstan və Azərbaycan arasında Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması və əlavə yüklərin cəlb edilməsi istiqamətində əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub.

Görüşdə Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti layihəsinin tam şəkildə başa çatdırılması, BTQ dəmir yolunun təhvil-təslim üzrə yekun aktının imzalanması və bu xətt üzrə yükdaşımaların həcminin artırılması məsələlərinə xüsusi diqqət ayrılıb.

Qeyd edək ki, ADY BTQ xəttinin Gürcüstandan keçən və mürəkkəb coğrafi relyefə malik 184 kilometrlik hissəsində təmir-bərpa və modernləşdirmə işlərini uğurla yekunlaşdırıb, nəticədə xəttin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bu dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi Orta Dəhlizin rəqabətqabiliyyətin artırmaq və BTQ-ni dəhlizin əsas yükdaşıma arteriyalarından birinə çevirməkdir.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər